Yaxud Azərbaycanın WUF13-ün tribunasından dünyaya verdiyi mesajlar
Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun BMT-nin Ümumdünya Şəhərsalma Forumunun – WUF13-ün sessiyasında səsləndirdiyi fikirlər postmünaqişə dövrünün siyasi fəlsəfəsini əks etdirən strateji tezis kimi qiymətləndirilə bilər.
“Xarabalığa çevrilmiş şəhərlər” və “çökmüş mənzil sistemləri” haqqında deyilənlər regionda uzun illər davam etmiş münaqişənin siyasi, sosial və geosiyasi nəticələrinin beynəlxalq auditoriyaya təqdim olunması idi. Ağdamın uzun illər “Qafqazın Xirosiması” kimi xarakterizə olunması işğal dövründə bölgədə formalaşmış dağıntının miqyasını və postmünaqişə reallığının dərinliyini bu auditoriyaya çatdıran siyasi simvola çevrilmişdi. İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin, kəndlərin və sosial infrastrukturun tamamilə dağıdılması faktının beynəlxalq platformalarda xüsusi vurğulanması Azərbaycanın sonrakı mərhələdə qurmağa çalışdığı siyasi kommunikasiya strategiyasının mühüm hissəsidir. Burada məqsəd Qarabağ məsələsini humanitar və inkişaf diskursu çərçivəsində qlobal gündəliyə daxil etməkdir.
Müasir beynəlxalq münasibətlər sistemində humanitar faktorlar, mülki əhalinin yaşadığı sosial dağıntılar və postmünaqişə reabilitasiyası dövlətlərin beynəlxalq mövqeyinə təsir edən əsas elementlərdən birinə çevrilib. Azərbaycan da məhz “dağıdılmış yaşayış məkanı” narrativini ön plana çıxarmaqla beynəlxalq ictimaiyyətə münaqişənin ciddi humanitar nəticələr yaratdığını nümayiş etdirməyə çalışır. Eyni zamanda bu ritorika Azərbaycanın yenidənqurma siyasətinə beynəlxalq dəstək formalaşdırmaq məqsədi daşıyır. BMT kimi qlobal platformalarda səsləndirilən mesajlar beynəlxalq donor təşkilatları, inkişaf institutları və çoxtərəfli maliyyə mexanizmləri üçün də siyasi siqnal rolunu oynayır. Çünki postmünaqişə məkanlarında bərpa prosesinin uğuru təkcə daxili resurslarla deyil, beynəlxalq əməkdaşlıq və legitimliklə də bağlıdır. Azərbaycan Qarabağda həyata keçirdiyi genişmiqyaslı yenidənqurma proqramını qlobal urban inkişaf və dayanıqlı bərpa konsepsiyalarının bir hissəsi kimi təqdim etməyə çalışır. Digər mühüm məqam isə Azərbaycanın özünü postmünaqişə dövründə “bərpaedici dövlət” modeli kimi təqdim etməsidir. Xüsusilə Qlobal Cənub ölkələri fonunda bu yanaşma mühüm siyasi əhəmiyyət daşıyır. Çünki XXI əsrdə dövlətlərin müharibədən sonra sabitlik yaratmaq, dağıdılmış məkanları yenidən qurmaq və sosial həyatın bərpasını təmin etmək qabiliyyəti ilə də ölçülür.
Azərbaycan Qarabağ nümunəsini məhz bu kontekstdə regional postmünaqişə transformasiyası modeli kimi təqdim etməyə çalışır. Emin Hüseynovun çıxışında xüsusi diqqət çəkən məqamlardan biri müasir postmünaqişə idarəçiliyi konsepsiyalarının mahiyyətidir. Postmünaqişə məkanlarında əsas məsələ insanların sosial və psixoloji baxımdan yenidən həmin coğrafiyaya bağlanmasını təmin etmək, kollektiv yaddaşı və məkan identikliyini bərpa etməkdir. Məhz bu səbəbdən “aidolma hissi” anlayışının vurğulanması siyasi və sosial məzmun daşıyan strateji yanaşmadır. Uzun illər doğma yurdlarından uzaqda yaşamış insanların geri qayıtması üçün təhlükəsizlik hissi, sosial sabitlik, iqtisadi perspektiv və gündəlik həyat infrastrukturu formalaşdırılmalıdır. Məktəblərin, xəstəxanaların, kommunikasiya sistemlərinin, məşğulluq imkanlarının yaradılması dövlətin postmünaqişə legitimliyinin əsas komponentinə çevrilir. Azərbaycan “Böyük Qayıdış” proqramını da məhz bu çərçivədə təqdim etməyə çalışır; yəni məqsəd uzunmüddətli və dayanıqlı yaşayış modelinin qurulmasıdır. Məhz bu baxımdan Qarabağda həyata keçirilən yenidənqurma prosesi bir tərəfdən dağıdılmış yolların, enerji xətlərinin, yaşayış komplekslərinin və nəqliyyat infrastrukturlarının yenidən qurulması regionun iqtisadi inteqrasiyası üçün baza yaradır.
Digər tərəfdən sosial-demoqrafik reabilitasiya prosesi vasitəsilə əhalinin bölgəyə mərhələli və davamlı şəkildə qayıdışı təmin edilməyə çalışılır. Paralel olaraq isə bütün bu layihələr dövlət suverenliyinin praktik və institusional şəkildə möhkəmləndirilməsinə xidmət edir. Buna görə Qarabağda tikilən yollar, beynəlxalq hava limanları, “ağıllı kənd” layihələri və yeni şəhər modelləri Azərbaycanın region üzərində uzunmüddətli siyasi nəzarətinin, institusional mövcudluğunun və postmünaqişə dövlətqurma strategiyasının əsas alətlərinə çevrilir. Bakı Qarabağda yeni sosial-siyasi reallıq formalaşdırmağa çalışır. Azərbaycanın Qarabağda həyata keçirdiyi “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyaları da postmünaqişə dövründə yeni siyasi modernizasiya modelinin formalaşdırılması cəhdidir. Burada verilən əsas siyasi mesajlardan biri ondan ibarətdir ki, Qarabağ keçmiş sovet məkanlarında müşahidə olunan ənənəvi postmünaqişə zonası modeli ilə inkişaf etməyəcək. Yəni region uzun illər xarabalıq, institusional zəiflik və sosial durğunluq yaşayan periferik məkan statusunda saxlanılmayacaq. Əksinə, Azərbaycan Qarabağı yeni texnoloji və ekoloji transformasiya məkanı kimi təqdim edir. “Yaşıl enerji zonası” konsepsiyasının ön plana çəkilməsi də bir tərəfdən ölkənin qlobal enerji keçidi və iqlim gündəliyinə inteqrasiya olunmaq istəyini göstərirsə, digər tərəfdən Qarabağın gələcəyinin müasir və innovativ inkişaf modeli üzərində qurulacağı mesajını verir. Eyni zamanda, Bakı post-münaqişə bərpasını XXI əsrin urbanizasiya standartları ilə əlaqələndirməyə çalışır. Rəqəmsal idarəetmə sistemləri, alternativ enerji infrastrukturu, ekoloji şəhərsalma və smart texnologiyalar vasitəsilə Qarabağ gələcəyin regional inkişaf laboratoriyası kimi təqdim olunur. Bütün bunlar paralel şəkildə yumşaq güc siyasətinin elementi kimi də çıxış edir.
WUF13 platforması Azərbaycanın beynəlxalq siyasi imicinin genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Son illər Bakı beynəlxalq tədbirlərin keçirildiyi regional paytaxt statusundan daha geniş geosiyasi rol əldə etməyə çalışır. Qarabağın qlobal forumlarda təqdim olunması Azərbaycanın özünü qlobal problemlər ətrafında danışa bilən və beynəlxalq gündəliyə təsir göstərməyə çalışan dövlət kimi mövqeləndirməsinə xidmət edir. Bu kontekstdə Qarabağ artıq beynəlxalq urban siyasəti, postmünaqişə idarəçiliyi və davamlı inkişaf diskursunun bir hissəsi kimi təqdim olunur.
Son olaraq qeyd edək ki, Azərbaycan Qarabağ siyasətini tədricən hərbi-siyasi mərhələdən postmünaqişə legitimliyi və dövlətqurma mərhələsinə keçirir. Burada əsas məqsəd yeni sosial məkan, yeni regional identiklik və yeni siyasi reallıq formalaşdırmaqdır. Təbii ki, hazırkı mərhələnin uğuru isə insanların doğma torpaqlarına real və davamlı şəkildə qayıda bilməsi ilə ölçüləcək. Çünki postmünaqişə dövründə ən mühüm məsələ həyatın və gələcək təsəvvürünün geri qaytarılmasıdır.
Şəbnəm Zeynalova,
XQ-nin siyasi analitiki siyasi elmlər üzrə fəlsəfə doktoru

