Azərbaycanı Mərkəzi Asiya ilə tarixi köklər, qardaşlıq sevgisi birləşdirir

post-img

Prezident İlham Əliyev isə bu ölkələrdə həmişə doğmalıqla qarşılanır

 

Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan – Qazaxıstan, Azərbaycan – Qırğızıstan və Azərbaycan – Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infra-
s­trukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Doğrudur, Azərbaycan Prezidentinin xarici səfərlərinin hamısı sürətlə inkişaf edən gənc müstəqil dövlətimiz üçün xüsusi önəm kəsb edir. Ancaq dövlət başçımızın  Türkdilli dövlətlərə reallaşdırdığı səfərlər əlli milyonluq soydaşlarımızın hamısında böyük bir məmnunluq hissi yaradır. Bu arqumentin təsdiqini Azərbaycan liderinin  dünənki Astana səfəri zamanı da gördük. 

Cənab Prezidentin Astana səfərinin məram və məqsədləri barədə dünəndən bəri kütləvi informasiya vasitələrində kifayət qədər  mütəxəssis yazısı verildiyinə görə biz təfərrüata varmır, bəzi detallar üzərində dayanmaq istəyirik. Belə ki, anamız Yer kürəsi üçüncü və daha amansız, dəhşətli dünya müharibəsinin astanasındadır. Hətta bəzi konfliktoloqlar Rusiya – Ukrayna, İsrail – Həmas müharibələrinə, eləcə də Şimali və Cənubi Koreyalar arasındakı problemə, ABŞ– Çin, Rusiya – Avropa İttifaqı anlaşılmazlıqlarına istinadən  bildirirlər ki, növbəti dünya  müharibəsi  artıq başlanıb. O müharibə başlanıbsa da, hələ gözlənilirsə də, mütərəqqi dövlətlərin rəhbərləri perspektivdə baş verəcək proseslərin mənfi fəsadlarının azaldılması üçün indidən müəyyən addımlar atırlar. 

“Nəyi, nə zaman, necə etməyi hamıdan yaxşı bilən” Azərbaycan Prezidenti istənilən beynəlxalq tribunadan və çoxtərəfli əməkdaşlıqdan məhz xalqımızın sabahı üçün bəhrələnməyə çalışır və buna nail olur. Cənab Prezidentin Astana səfəri zamanı da şahid olduq ki, Mərkəzi Asiya ölkələrinin liderləri də sabah üçün atılacaq addımlara məhz Azərbaycan Prezidentinin istədiyi istiqamətlərdə hazırlaşırlar. Zaman sübut etdi ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir və çəkici eyni nöqtəyə vuran liderlər gücümüzü birləşdirməyi məqsədəuyğun sayırlar. 

Dövlət başçımız dünən Astanada   Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə xatırlatdı ki, biz  ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini böyük uğurla başa çatdırdıq: “Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir”.

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının tribunası da daxil olmaqla bütün beynəlxalq tədbirlərdə dönə-dönə xatırladıb ki, əməkdaşlıq edən və ya bu arzuda olan ölkələrin qarşılıqlı fəaliyyətinin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Cənab Prezident həmin arqumentini Astanada da dilə gətirdi və əlavə etdi ki,  Bakı – Tbilisi – Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Yəni bizim infrastrukturlarımız və texniki imkanlarımız Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafına da xüsusi töhfələr verəcəkdir və verir. 

Dünyanın hər yerində hamı yaxşı bilir ki, Azərbaycan Respublikası ən böyük beynəlxalq tədbir olan COP29-un astanasındadır. Maraqlıdır ki, həmin  tədbirə hazırlıq prosesində ondan artıq ölkədə bu istiqamətli tədbirlər keçirilmişdir. Cənab Prezident Astanada da vurğuladı ki, Azərbaycan regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır. Təbii ki, Xəzərin ekoloji problemləri də həmin təşəbbüslərin sırasındadır. Çünki Mərkəzi Asiya ölkələri Aralın qurumasından sonra hansı problemlərin yarandığını yaxşı bilirlər. Doğrudur, Xəzər Aralın taleyini yaşamayacaq. Amma bütün hallarda Xəzərin problemləri qarşılıqlı əməkdaşlıq şərçivəsində həll oluna bilər. Bundan başqa,  Azərbaycan bərpaolunan enerji sahəsində də Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə qarşılıqlı-səmərəli addımların atılması da gündəlikdədir. 

Dövlət başçımızın Astana səfəri barədə danışarkən xüsusilə qeyd etməli olduğumuz məqamlardan biri də odur ki, Prezident İlham Əliyev həmin dövlət başçıları ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən müxtəlif tədbirlərdə dövri olaraq görüşür və müvafiq məsləhətləşmələr aparılır. Ancaq buna baxmayaraq, Azərbaycan Prezidenti Mərkəzi Asiya Dövlət Başçılarının görüşlərinə dəvət olunur və ekspertlərin fikrincə, bu,  ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

Üstəlik, bu dəvətlər yeni fakt deyil. Cənab Prezidentin özünün də xatırlatdığı kimi, o, son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etmişdir: “Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər”.

Onu da xatırladaq ki, Mərkəzi Asiya ölkələri  Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərinin  bərpasına, sözün həqiqi mənasında, qardaşcasına kömək edirlər.  Prezident İlham Əliyev Astanada xatırlatdı ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir: “ Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir”.

Bu gün bütün dünya görür ki,  Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Mərkəzi Asiya ölkələrinin özünəməxsus, tarixi dəyəri olan hədiyyələri vardır. Xalqımız və dövlətimiz  Füzulidə Mirzə Uluqbəy adına məktəbə, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə və Ağdam rayonunda təməli qoyulmuş  orta məktəbə görə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə minnətdardır.

Bu sətirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dünən Astanada səsləndirdiyi fikirlərlə tamamlayırıq: “Biz oxşar çağırışlarla üzləşirik, ona görə də qarşılıqlı fəaliyyətin genişləndirilməsi, koordinasiyanın artırılması və iqlim gündəliyi üzrə təcrübə mübadiləsi xüsusi əhəmiyyətə malikdir. Fürsətdən istifadə edərək, Azərbaycan Prezidentinə, hörmətli dostumuz İlham Heydər oğluna bu payız COP29 qlobal iqlim konfransının keçirilməsində uğurlar arzulayıram”.

İttifaq MİRZƏBƏYLİ

 

Siyasət