Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Prezident İlham Əliyevin 2024-cü il 27 noyabr tarixli Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir.
Kənddə tarixən birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqları əkilirdi. İndi isə əkin sahələrində müasir damlama və çiləmə suvarma sistemi tətbiq olunur. Yayı isti, qışı mülayim olan rayonda otlaq sahələrinin geniş olmasına görə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvandarlıq inkişaf etdirilmişdi.
1988-ci ilin statistik məlumatlarına əsasən, rayonun cəmi əkin sahəsi 6 min 726 hektar olmuş və 26 min 375 ton fərqli məhsul istehsal edilmişdir. Əmək, torpaq, iqlim və su resursları ilə indiki vaxtda bu istehsaldan dəfələrlə çox məhsul istehsal etmək mümkündür.
Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov bildirdi:
– Rayonda kənd təsərrüfatının inkişafı üçün tətbiq edilən yeni yanaşma ilə məhsul bol olacaq. Çünki strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşən rayon füsunkar təbiəti, böyük iqtisadi potensialı ilə seçilir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində 29 oktyabr 1993-cü ildən düşmən əsarətində olan rayonun 20 oktyabr 2020-ci ildə işğaldan azad edilməsindən dərhal sonra həmin torpaqlarda quruculuq işlərinə başlanıldı. Respublikamızda ilk “Ağıllı kənd”in təməli Zəngilan rayonunda qoyuldu və inşası qısa vaxt ərzində başa çatdırıldı. Bu gün burada aqrar sahəni inkişaf etdirmək üçün fermerlər tərəfindən mühüm işlər görülür.
Müharibə veteranı olan kənd sakini fermer Etibar Hüseynov torpaqlarımızın azadlığı uğrunda ağır döyüşlərdə iştirak edib:
– Köçkün həyatı yaşadığımız Şəkidə məskunlaşan kimi heyvandarlıqla məşğul olmuşam və 10 ildən çox bu sahədə böyük təcrübə toplamışam. Şükürlər olsun ki, “Ağıllı kənd” layihəsi əsasında tikilən yurdumuza qayıtdıqdan sonra torpağın dirçəldilməsi üçün də var qüvvəmlə işləmək istəyirdim. Dövlət başçısının tapşırığa əsasən bu layihənin həyata keçirilməsi məni bir daha sevindirdi və ilkin müraciət edənlərdən biri oldum. Məqsədim rayonumuzun tarixi ənənəsinə uyğun olaraq bu ərazidə əsasən heyvandarlığı inkişaf etdirməkdir. Hazırda rəhbərlik etdiyim “Bərəkətli torpaq” kooperativi iribuynuzlu mal-qara ilə yanaşı, 80 baş qoyun-keçi də saxlayır. Məqsəd ölkəmizin ərzaq təhlükəsizliyinə bir fermer olaraq öz töhfəmizi verməkdir.
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsdə inzibati işlər şöbəsinin baş mütəxəssisi işləyən ictimai fəal Minayə Mahmudova asudə vaxtlarlarında rəhbəri olduğu “Barış” kooperativini inkişaf etdirmək üçün əzmlə çalışır:
– Məqsədim kəndimizin tarixi ənənəsini yaşatmaqla bitkiçiliyi yenidən dirçəltməkdir. Kəndimizə qayıdan kimi ailəmizin tələbatını ödəmək üçün xeyli göyərti və tərəvəz əkdim və ilbəil faydasını görməyə başladım. Torpaqlarımızın zənginliyini yetişdirdiyim məhsullar bir daha əyani surətdə təsdiqlədi. Çəkisi 18-20 kiloqram olan qarpızın dadından doymaq olmurdu. Tərəvəz və meyvələr də çox dadlı və ləzzətli idi. Buna görə də təsərrüfat qurmaq qərarına gəldim. Çünki rayonumuzun bərəkətli torpağında, saf suyunda və təmiz havasında dadlı meyvələrin olduğunu bilirdim.
Dövlət tərəfindən verilən toxumları və şitilləri əkib-becərəcəyik. İlkin olaraq kənd sakinləri ilə birlikdə 10 hektarda arpa əkməyi nəzərdə tutmuşuq. Hazırda sahə əkin üçün yararlı vəziyyətə salınıb, şumlanıb və malalanıb. İndiyə qədər heç bir zərərverici olmadığına görə onlara qarşı dərmanlardan istifadə etməmişik. Yaxın günlərdə yüksək sertifikatı olan toxumun əkininə başlayacağıq. Təcrübəmdən bilirəm ki, aqrotexniki qaydalara əməl etməklə respublika üzrə rekord səviyyədə məhsul toplaya biləcəyik. Növbəti ildən isə təsərrüfatın bir hissəsində meyvə ağacları əkməyi və məhsullarını yerli bazarla yanaşı, beynəlxalq bazarda da satmağı nəzərdə tutmuşuq.
“Zəfər” kooperativinin sədri Mübariz Fərhadov isə söylədi:
– Taxıl sahəsini göstərərək: “Görürsünüz necə çıxış alınıb, ürəyimiz açılır. Dostlarla birlikdə 16 hektarda əkin aparmışıq və bol məhsul toplayacağımızı böyük bir səbirsizliklə gözləyirik. Sevindirici haldır ki, elə indicə kənd təsərrüfatı naziri Ceyhun Məmmədov da olmaqla Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri rayonun Ağalı kəndinin sakinləri üçün parselləşmə aparılmış kənd təsərrüfatı təyinatlı ərazilərə baxış keçirdilər. Onlar bizim sahədə də oldular və razılıqlarını bildirdilər.
Yeniyetmə vaxtlarında təsərrüfatda çalışmağım hədər getməyib. Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra azad olunan torpaqlarımızda çalışmaq arzusunda idim, şükürlər olsun ki, bu arzuma çatdım və 10 nəfərlə sahələrimizi birləşdirərək taxıl əkmişik.
Fermerlər qeyd etdilər ki, dünyada qida təhlükəsizliyi ilə bağlı problemin olduğu indiki bir vaxtda aqrar sahəni daim inkişaf etdirməyə çalışacağıq. Məhsul bol olarsa, xalqımızın həyat tərzi yüksələr və onu xaricdən baha almarıq.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Zəngilan




