Bir vaxtlar qadına zəif məxluq deyirdilər. Sonralar zəif sözünü zəriflə əvəz etdilər. Hazırda cəmiyyətdə müəyyən statusu olan qadınlara baxdıqda isə onların güclü cinsdən elə də fərqlənmədiyini müşahidə edirik. Onların kişilərdən yeganə fərqi daha rəhimli, daha mərhəmətli, daha duyumlu, daha incə, nəzakətli və yanımcıl olmalarıdır. Haqqında söhbət açacağım qadın da yeri gələndə qəlbi 7 yaşlı uşaq kimi saf, bəzən sadəlövh, bəzən 100 yaşlı dünya görmüş bir insan kimi müdrik, yolgöstərən bir mayak kimi tanıyanların qəlbində yurd salıb. Onun tanınan adı var, dövlət təltifi var, kitabı var, qəzeti var, etbarlı, özü kimi sadiq, bir çağırışı ilə hayına yetən dostları var.
Şəmsiyyədən danışıram. Əməkdar jurnalist, “Yeni Təfəkkür” qəzetinin təsisçisi və redaktoru, gözəl simalı, qaynar gözlü, daim təbəssümlü Şəmsiyyə Kərimovadan. Yaxından tanıdığın bir insan haqqında yazı yazmaqdan çətin iş yoxdur. Bilmirsən, nədən başlayasan, necə davam edəsən və fikirlərini nə şəkildə bitirəsən ki, onun sənə məlum olan xarakterini təqdim edə biləsən. Amma mənim nəyi necə yazmağımdan, fikrimi hansı ifadələrlə çatdırmağımdan asılı olmayaraq, onu tanıyanlar olduğu kimi tanıyır. Çünki Şəmsiyyə göründüyü kimi olandır. Çünki onun, sözün həqiqi mənasında, böyük ürəyi var. O ürək ki, onunla minlərlə insana arxa olub, əlindən gələn ən kiçik köməyi belə əsirgəməyib, gənc yaşından ailəsinə, doğmalarına, əzizlərinə arxa olub, böyüklük, ağbirçəklik edib. Onun məsləhəti, tövsiyəsi ilə peşə seçib razı qalanlar, təhsil alıb ünlü olanlar, ailə qurub xoşbəxt yaşayanlar var.
Özünün daha çox razı qaldığı əməli isə mənim fikrimcə, “ANA SEVGİSİ, ANAYA XİDMƏT” olub. Anasına hədsiz bağlılığı, dünyasını dəyişənə qədər onu görmək üçün həftəbaşı doğma yurdu Tovuza yollanması Şəmsiyyəni tanıyaların gözü qarşısında olub. Xəstələnəndə başı üstündə dayanmasının, Bakıya gətirib ən tanınmış və inandığı həkimlərlə məsləhətləşməsinin, müalicəsi tam bitənədək yanında saxlayıb onun qulluğunda durmasının şahidiyik. “Anam” kəlməsi onun dilinin əzbəri olub.
Eyni rayondan olsaq da mən Şəmsiyyəni gec tanımışam. Daha doğrusu, o, məndən öncə mərhum həyat yoldaşım Ələkbərlə “Azərbaycan gəncləri” qəzetində işləyərkən tanış olub. Sonralar Şəmsiyyə radionun “Gənclik” redaksiyasından Saatlıya ezamiyyətə gedəndə yenə orada 1984–89-cu illərdə rayon komsomol komitəsinin 1-ci katibi işləmiş, rayon sovetinin deputatı olan Ələkbər Hüseynovla görüşüb. Onun 33 yaşında qəfil ölümündən sonra hüzür yerində iştirak edib və üzüntüdən mənə yaxınlaşa bilməyib...
...Bizim tanışlığımız illər sonra oldu. Və nə yaxşı ki, onu tanıdım. Şəmsiyyənin simasında doğulub boya-başa çatdığım rayondan olan bir dəyanətli, mərd, dalbadal gələn dərdə sinə gərib onu şərbət kimi başına çəkən və yoluna təkbaşına davam edən qeyrətli, təəssübkeş xanım tanıdım.
Rayon adamları yaxşı bilir ki, doğma yurdda nəinki yaxından tanımadığı, hətta tanış olmayan birini də paytaxtda görəndə onu hər kəs doğması kimi bağrına basır. O gün, bu gün mənim Bakıda tanıdığım, istər həmkarlarım arasında, istər qohum-əqraba, qonum-qonşu arasında ailəsinə – bacı-qardaşlarına, onların övladlarına dayaq olan Şəmsiyyə kimi ikinci birini görmədim. Xəstələnən var – Şəmsiyyə, işi dara düşən var – Şəmsiyyə, işdən çıxarılan var – Şəmsiyyə, elçi getmək lazım – Şəmsiyyə, toy var – Şəmsiyyə, yas var – Şəmsiyyə, bir sözlə, bu xanım Simurq quşu kimi hamının harayına çatır, bacardığı, əlindən gələn dəstəyi özü, gücü çatmayanda da, dostlarının vasitəsilə yoluna qoyur. O, bu münasibəti dostlarına da göstərir. Onların müşkülünü özündən xəbərsiz həll edir. Kiminsə hər hansı problemini eşitmək kifayətdir ki, Şəmsiyyə onun həlli üçün çalışıb çözsün. O, çox ali keyfiyyətlərə malikdir.
Onu tanıdıqca görmüşəm ki, bu xanımın paxıllığı yoxdur, kimdənsə şikayəti yoxdur, kiməsə həsəd aparmaz, hər kəsin sevincinə özününkü kimi şad olar. Şükrandır. Allahın verdiyi hər nemətə, göz açdığı hər günə görə Rəbbinə minnətdar olmağı bacarır. Söz verdimi, onu tutar, yalanı sevməz. Ətrafına da özü kimi düzgün, sözünün ağası olan insanları toplayan Şəmsiyyə ikiüzlü insanları özündən uzaq tutur. Çox mehribandır. Bu, onun simasındakı daimi təbəssümdən də bəllidir. Haqqını tələb edər, amma sakit və mədəni şəkildə. İstəməz ki, kimsə ondan incisin.
Şəmsiyyənin daha bir özəlliyi var. O, ölkədə, xaricdə, dünyanın harasında olmasından asılı olmayaraq, hər gün sosial şəbəkədən istifadəçilərə müsbət enerji ötürür, hamını salamlayır, “gün aydın” deyir. Orada virtual dostluğunda olanların hər birinin doğum gününü təbrik edir, xoş diləklərini çatdırır. Bunu sosial şəbəkə istifadəçiləri yaxşı bilir.
Şəmsiyyə virtual səyahəti sevdiyi kimi, canlı gəzintilərə də çıxır. Rayon demir, kənd, qəsəbə demir, hamısındakı gözəl, görməli yerləri dostları ilə gəzir və bunu virtual dostlarına da göstərir. Bu gün Bakıdan səsi gələn xanımı sabah Qəbələdə, o biri gün İsmayıllıda, Zaqatalada, Qaxda görmək mümkündür. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon şöbələrinin bütün tədbirlərində iştirak edir, maraqlı görüntülərlə paylaşımlar edir. Bu paylaşımlar bəzən böyük bir yazının anonsu olur. Peşəkar jurnalist tədbirləri, orada görüşdüyü insanlardan aldığı müsahibələri sonradan “Yeni Təfəkkür” qəzetinin səhifələrində Azərbaycan dilinin şirinliyi ilə, fikrin gözəl ifadə vasitələri ilə, ustalıqla cəmiyyətə çatdırır.
Onun yazıları göydəndüşmə deyil. Qələmə aldığı hər məqalə, reportaj, müsahibə, oçerkdə göz nuru, ürək çırpıntısı var. Nə yazdığını bilir. “Jurnalistikanın qızıl qaydası” hesab etdiyim bir fikir var: “Nədən yazmaq yox, necə yazmaq!” Bizim Şəmsiyyəmiz də necə yazmağın ustasıdır. Jurnalistikanın peşəkarıdır. Belə olmasaydı, sadalamadığım mətbu orqanlarda çalışandan sonra 2005-ci ildə təkbaşına qəzet təsis etməyə cəsarət etməz, gücü çatmazdı. Yeri gəlmişkən, “Yeni Təfəkkür” qəzeti 2007-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həmtəsisçiliyi ilə nəşr olunur. Və Şəmsiyyə yaradıcılığının çiçəkləndiyi dövrdə – 15 il öncə Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Şəmsiyyənin 60 illik yubiley tədbirində Milli Məclisin deputatları, dostları, həmkarları onu təbrikə gəlmişdilər. Məclisdə iştirak edənlərə Əməkdar jurnalistin illərlə yazdığı yaradıcılıq nümunələrindən seçmələr olan və onun haqqında yazılan fikirlərin toplandığı 32,5 çap vərəqi həcmində, 522 səhifəlik, qalın cildli, nəfis tərtibatlı “Şəmsiyyənin kitabı” təqdim olundu. İndi onun 70 illik yubileyi münasibətilə hazırlanan yeni kitab üçün ürəyimdən keçənləri yazanda “Şəmsiyyənin kitabı”nın “Müəllifdən” bölümündəki bir fikrini xatırladım. Şəmsiyyə yazırdı: “Bu, mənim birinci və sonuncu kitabımdır. Mən yazıçı deyiləm, bir jurnalist kimi uzun illərdən bəri yazdıqlarımdan ibarət bu kitab qoy məndən doğmalarıma, dostlarıma, haqqında yazdığım qəhrəmanlarıma, müsahibə aldığım müsahiblərimə bir xatirə olsun. Yazdım ki, sözüm qala... ”
Əbəs yerə demirlər ki, “Heç vaxt demə heç vaxt”. İndi 70 yaşın ərəfəsində Şəmsiyyə xanım üçün dostlarının çoxsaylı təkidləri ilə hazırlanan yeni nəşr sayca onun ikinci kitabı olacaq. Hər yazdığı cızmaqaranı toplayıb ildə bir kitab nəşr etdirənlərdən fərqli olaraq, Şəmsiyyə sözə dəyər verən, keyfiyyəti kəmiyyətlə uzlaşdırmayan peşəkardır. O, bilir ki, sərraf oxucu pisi yaxşıdan ayırmağı bacarır. Kitabın sayından çox, o nəşrdə oxucuya təqdim olunan fikrin aliliyi əsasdır. Bu mənada o, oxucunun damarını tutmağı da bacarır.
Əminəm ki, belə xatirə kitabından daha bir növbətisi Şəmsiyyə xanımın 80 yaşı üçün hazırlanacaq. Çünki o, buna layiqdir. Çünki o, dəyişir, inkişaf edir, yeniliklə ayaqlaşır və onun haqqında həmişə deməyə söz var. Neçə ki, Şəmsiyyə xanım var, demək ətrafında onu sevən, hörmət edən, adı çəkiləndə üzünə təbəssüm qonan dostları da var. Və bu dostların hər birinin onun haqqında deməyə çox dəyərli fikirləri və sözləri də var və olacaq...
Zərifə BƏŞİRQIZI
XQ

