Ermənistan rəsmiləri söz oyunu ilə nə demək istəyirlər?
Türkiyənin xarici işlər naziri Hakan Fidanın bir neçə gün əvvəl Böyük Millət Məclisi deputatlarının suallarını cavablandırarkən, Ankaranın İrəvanla normallaşması kontekstində şərt kimi vurğuladığı Zəngəzur dəhlizi məsələsi Ermənistanda isterik vəziyyət doğurub. Ölkənin XİN rəhbəri Ararat Mirzoyandan sonra baş nazir Nikol Paşinyan da türkiyəli rəsminin bildirdiklərinə reaksiya verib.
N.Paşinyan avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyevlə Birləşmiş Ştatların dövlət başçısı Donald Trampın şahidliyi ilə imzaladığı Birgə Bəyannaməni xatırladıb və sənəddə regional kommunikasiyaların açılması baxımından “Tramp marşrutu”nun (TRIPP) əsas götürüldüyünü vurğulayıb. Nikol hələ bir qədər də irəli gedərək amirənə tərzdə bildirib ki, İrəvan tərəfindən təsdiqlənməyən istənilən terminin ölkəyə heç bir aidiyyəti yoxdur. Erməni hökumət rəhbəri onu da deyib ki, ölkəsi üçün yalnız TRIPP və “Dünyanın kəsişməsi” var, Ermənistan öz ərazisindəki infrastruktura kənardan ad verilməsi ilə razılaşmayacaq. O zaman bəzi məqamlara diqqət yetirək.
Əvvəla, Zəngəzur dəhlizi məsələsi Azərbaycanın 44 günlük müharibədəki Zəfərinin məhsulu olaraq meydana çıxıb. Müharibənin yekunlarını təsdiqləyən və Ermənistan üçün kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Naxçıvana maneəsiz yoldan söz açılıb ki, Ermənistan məğlub tərəf kimi həmin yolun verilməsinə dair öhdəliyini yerinə yetirməyib. Hesab edək ki, İrəvan qeyri-ciddi davranışı ilə üçtərəfli Bəyanatın imzalanmasına vəsilə olan Rusiyaya münasibətdə nankorluq etdi. Bu onun öz işidir.
Məsələ ondadır ki, Azərbaycan dövlətinin təmsilçiləri, o cümlədən Prezident İlham Əliyev dəfələrlə Naxçıvana yolun ölkəmizin strateji maraqları baxımından vacibliyini vurğulayıb. Zəngəzur dəhlizi ifadəsi dövlətimizin başçısı tərəfindən bu vacibliyə həm tarixi, həm də mənəvi çalarlar gətirmək naminə dövriyyəyə gətirilib. Ermənistan rəhbərliyi isə uzun müddət Naxçıvana yolu təmin etməmək üçün min hoqqadan çıxsa da, yekunda yenə həmin yolun maneəsizliyi kazusu ilə razılaşdı. Söhbət haqqında söz açdığımız 8 avqust Vaşinqton Birgə Bəyannaməsindən gedir.
Yeri gəlmişkən, N.Paşinyanın və digər erməni rəsmilərinin haqqında söz açdıqları “Dünyanın kəsişməsi” təşəbbüsü də məhz Azərbaycanın Zəngəzur dəhlizi ideyasına qarşı çıxmaq məramına söykənmişdi. Hazırda Ermənistan rəhbərliyində təmsil olunanlar elə fon yaradırlar ki, guya TRIPP elə “Dünyanın kəsişməsi”dir. Biz niyə bu deyimlə razılaşacaq? Razılaşmırıq, amma hesab edirik ki, Paşinyan administrasiyası daxili auditoriya üçün nə isə deməlidir. O zaman gərək rəsmi İrəvan Zəngəzur dəhlizinə “ilişməsin”. Amma bunun əksini görürük.
Məsələyə başqa rakusdan yanaşaq və görək “Dünyanın kəsişməsi” nə deməkdir? Əslində, bu təşəbbüsdə elə bir ciddi mətləb yoxdur. Vaxtilə “dünyanı kəsişdirməyin” məqsədi Naxçıvana yolu əngəlləmək idi. Doğrudur, bu avantürada regional kommunikasiyaların açılması məntiqi olmuşdu. Amma nəqliyyat infrastrukturunu, loru dildə desək, dağa-daşa salmaqla. Məsələn, Paşinyan Laçın-Kornidzor-Marqara marşrutunu irəli sürmüşdü. Yəni beynəlxalq yüklər tırlar vasitəsilə Azərbaycanın Laçınından Ermənistanın Kornidzoruna keçəcək, oradan isə Marqaraya yön alacaq.
Marqara Ermənistanın Türkiyə ilə sərhədindəki nəzarət-buraxılış məntəqəsidir. Başqa sözlə desək, Nikol, öz aləmində, bir güllə ilə iki quş vurmaq istəmişdi. Həm regional kommunikasiyaların açılmasında erməni gündəmini diri saxlamaq, həm də Türkiyə ilə sərhədləri açmaq. Ancaq Paşinyan istəyinə nail ola bilmədi və yekunda 8 avqust Birgə Bəyannaməsini imzalamaq məcburiyyətində qaldı.
İndi əsas məsələ Vaşinqton anlaşmasını yerinə yetirməkdir. İrəvanda mövcud istiqamətdə işin getdiyi bildirilir, amma hansı işin, detallar məlum deyil. Halbuki, prosesin tezləşdirilməsinə ciddi ehtiyac var. Digər tərəfdən, “Dünyanın kəsişməsi” özlüyündə böyük səslənir. Yəni Şimaldan Cənuba, Şərqdən Qərbə yollar Ermənistanda birləşəcək. Bəs Ermənistan bunun üçün hansı işlər görüb? Ümumən, ölkənin loqistika imkanları varmı?
Bir halda ki, Paşinyanın ortaya atdığı “Dünyanın kəsişməsi” heç bir əməli təşəbbüsü nəzərdə tutmur, o zaman Ermənistan nəyə lazımdır? Axı Gürcüstan var və bu ölkə ərazisindən böyük tranzit onsuz da həyata keçirilir. Üstəlik, gələcəkdə həmin tranzitin əhəmiyyəti azalmayacaq. Çünki yükdaşımaların həcmi ildən-ilə artmaqdadır.
Sözümüz ondadır ki, Ermənistan ümumi işə töhfə verməlidir. Ölkənin rəhbərliyi bunu düşünməlidir. Məsələn, Prezident İlham Əliyev Azərbaycanın regionun logistika qovşağına çevrilməsi istiqamətində mühüm tədbirlər gördüyünü, az qala, bütün beynəlxalq platformalarda bəyan edir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı infrasturktur layihələr fikrimizin sübutudur. Deməli, əməli fəaliyyəti ilə dünyanı kəsişdirən Ermənistan yox, məhz ölkəmizdir.
Bəli, Azərbaycan Ermənistan sərhədinədək dəmir və avtomobil yolunun inşasını başa çatdırmaq üzrə olduğu bir vaxtda, Paşinyan “Dünyanın kəsişməsi” deyib qlobal daşımaları Ermənistanın kələ-kötür yollarında hərəkətə gətirmək istəyir. Özü də hələ bilmək olmaz ki, bunun arxasında hansısa başqa avantürist niyyət durur, ya yox. Axı erməni iqtidarının zaman-zaman hər cür oyunbazlıqlar etdiyini bilirik.
Ermənistanın əməli işə töhfə verməsinin - regional kommunikasiyaların açılmasını tezləşdirməsinin, başqa sözlə desək, üzərinə düşən öhdəliyi yerinə yetirməsinin vacibliyindən söz düşmüşkən, sonda onu da bildirək ki, ölkə rəhbərliyinin mövcud istiqamətdə səmimi davranmasına ehtiyac var. Yəni yaxşı olar ki, Paşinyan və komandasındakı şəxslər söz oyununu bir kənara qoysunlar. Əgər real iş görməyə imkanları, vəsaitləri yoxdursa, bunu açıqca bildirsinlər. Həyasızlıq salmaq onlara heç bir fayda verməyəcək. Ərazi bütövlüyü, suverenlik kimi klişeləri tirajlamaq da həmçinin. Çünki obrazlı desək, Naxçıvana gedən qatar artıq yola çıxıb. O qatar ki, onun intensiv hərəkətində bütün dünya maraqlıdır. Ermənistan isə dünyanın bir hissəsi olmağa çalışmalıdır, qatarın çarxları altında qalmağa yox.
Ə.CAHANGİROĞLU
XQ

