Fövqəladə Hallar Nazirliyi tərəfindən noyabrın 18-dən 21-dək Lənkəran şəhərində taktiki-xüsusi təlim keçirilib.
Bu barədə XQ-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimə Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin, Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, eləcə də Daxili İşlər Nazirliyinin Lənkəran şəhər-rayon Polis Şöbəsinin,Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran şəhər bölməsinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının, Lənkəran Regional Qaz İstismar İdarəsinin, “Azərenerji” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin, “Aztelekom” MMC-nin Cənub Regional filialının və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin qüvvə və vasitələri cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd komandir-rəis heyətinin müasir idarəetmə və koordinasiya sistemlərinin iş prinsipləri barədə biliklərinin daha da artırılmasından, irimiqyaslı fəlakətlər zamanı müasir texnologiya və axtarış-xilasetmə üsullarının tətbiqi, eləcə də qarşılıqlı fəaliyyətdə tapşırıqların icrası sahəsində bacarıqların artırılmasından ibarət olub.
Dörd gün davam edən təlimin ilk günündə nazirliyin Baş əməliyyat idarəsinin rəis müavini, Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin komandiri polkovnik Ələsgər Əliyev və Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov fövqəladə hallara hazırlıq məqsədilə həyata keçirilən tədbirlər və humanitar əməliyyatlarda iştirakla bağlı geniş məlumat veriblər. Nazirliyin bölmələrinin humanitar əməliyyatlarda iştirakı zamanı qazandıqları təcrübə və tövsiyələr auditoriyanın diqqətinə çatdırılıb, təlimlə bağlı müvafiq tapşırıqlar verilib.
Təlimin nəzəri hissəsində Dəstənin əməkdaşları tərəfindən “Beynəlxalq Axtarış-xilasetmə və Məşvərət Qrupu (INSARAG)” təlimatları əsasında idarəetmə, koordinasiya, logistika və axtarış-xilasetmə sahəsində mövcud standartlar, eləcə də bu istiqamətdə tərtib olunan normativ sənədlər barədə təqdimatlar edilib. Təqdimatlar çərçivəsində “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzi (VOSOCC)” və “INSARAG Koordinasiya və İdarəetmə Sistemi”nin (ICMS) imkanları, iş mexanizmləri və beynəlxalq humanitar əməliyyatlarda medianın rolu ətraflı izah edilib. Təlim iştirakçıları, həmçinin zəruri sənəd və avadanlıqlarla təchiz olunmuş “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi” (UCC) və “Qəbuletmə–yolasalma Məntəqəsi”nin (RDC) fəaliyyət prinsipləri ilə nəzəri və praktiki şəkildə tanış olublar. Bundan əlavə, humanitar əməliyyatların idarə olunması və koordinasiyası zamanı tətbiq edilən müasir peyk rabitə vasitələrinin funksional imkanları iştirakçılara nümayiş etdirilib.
Təlimin praktiki mərhələsində Cənub Regional Mərkəzinin və Nazirliyin xilasetmə qurumlarının regionda fəaliyyət göstərən strukturları Lənkəran rayonunda şərti olaraq baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Bu çərçivədə qüvvələr hazırlıq vəziyyətinə gətirilib, təyin olunmuş əraziyə yürüş edilib, “Əməliyyatlar bazası” (BoO) qurulub və bölmələrin yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər icra olunub. Ərazidə yaranmış vəziyyətin qiymətləndirilməsi məqsədilə pilotsuz uçuş aparatı, akustik axtarış avadanlığı, termal kamera və digər xüsusi texniki vasitələr tətbiq olunaraq əməliyyatın əsas istiqamətləri müəyyən edilib. Eyni zamanda, xilasedicilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib, o cümlədən dağılma riski olan tikililər “dayaqvermə” üsulu ilə möhkəmləndirildikdən sonra müasir xilasetmə avadanlıqlarından istifadə olunmaqla dağıntılar altından və hündürlükdən xilasetmə əməliyyatları, tikililərdə “baş vermiş” yanğınların söndürülməsi, “kimyəvi qəzanın” nəticələrinin aradan qaldırılması, “xəsarət alanlara” ilkin tibbi yardımın göstərilməsi üzrə tədbirlər icra edilib. Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Sonda təlim geniş müzakirə olunub, nəticələr təhlil edilib.



















