Qırğızıstanda türk dünyasının tarixi, dili və ədəbiyyatı ilə bağlı elmi simpozium keçirilib

post-img

Qırğızıstanın Çolpon-Ata şəhərində “Türk dünyası tarixinin öyrənilməsinin aktual problemləri: türk dünyasının dili və ədəbiyyatı” mövzusunda 1-ci elmi simpozium keçirilib.

Qırğızıstandakı Toktomamatov adina Beynəlxalg Universitetin (BU) Amerika Birləşmiş Ştatlarının Ohayo ştatında fəaliyyət göstərən "Türk Eli" Beynəlxalq ictimai təşkilatı ilə birgə keçirdiyi simpoziumda Qırğızıstan, Qazaxıstan və Özbəkistandan 70-dən çox alim iştirak edib. 

Daşkənddə yaşayan tanınmış rejissor, soydaşımız Eldar Məmmədov da nümayəndələr arasında olub. O tədbirin gedişi ilə bağlı sənədli film də hazırlayıb. 

Tədbiri BU-nun professoru Jenişbek Duyşeyev açaraq türk dünyasının inteqrasiyası, dil, din, adət-ənənələr, milli-mənəvi dəyərlərimizin daha da inkişaf etdirilməsi məsələlərindən danışıb. 

"Türk Eli" Beynəlxalq ictimai təşkilatının rəhbəri Sərvər İspaxi türk dünyasının ortaq dil, ortaq əlifba məsələlərindən, bu ideyanın reallaşdırılması istiqamətində görüləcək işlərdən söhbət açıb.

O deyib ki, türk xalqları dünya tarixinin, mədəniyyətinin və ədəbiyaytının inkişafında çox mühüm və əhəmiyyətli rol oynayıblar. Qədim türklər və indiki türk xalqları Çukotkadan Aralıq dənizinə qədər geniş bir əraziyə yayılıb. Bu ərazilərdə yaşayan türklərin, xüsusən də azsaylı türk xalqlarının həyat tərzi, mədəniyyəti, dili, elm, ədəbiyyat və etnoqrafiyasını dərindən öyrənməyin və buna obyektiv qiymət verməyin zamanı yetişib. 

Bu xalqların mənşəyi ilə müxtəlif elm sahələrinin nümayəndələri-tarixçilər, arxeoloqlar, şərqşünaslar, dilçilər, etnoqraflar, etnoloqlar məşğul olurlar və bu istiqamətdə fəaliyyəti daha da dərinləşdirmək lazımdır. Düzdür, bu sahədə xeyli elmi işlər yazılıb, dissertasiyalar müdafiə olunub, monoqrafiyalar, kitablar nəşr edilib, lakin bu, kifayət deyil. 

Qazaxistanli akademik Nurgul Aldabek, Özbəkistandan gələn alimlər- professor Shoxistaxan Uljayeva, elmlər doktorlari Narzulla Jorayev, Bəxtiyar Kərimov, Rahmonali Həsənov öz çıxışlarında ümumi türk tarixinin, etnoqrafiyasının və mədəniyyətinin köklü surətdə öyrənilməsi məsələlərinə xüsusi diqqət verilməsi vacibliyindən danışıblar. 

Sonda tədbirdə aktiv iştirak edən nümayəndələrə, o cümlədən Eldar Məmmədova sertifikat verilib. 

 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Bişkek

 

 







Mədəniyyət