Çağdaş təhsilin innovativ hədəfləri

post-img

Yaxın illərdə Azərbaycan bu sahədə öncül ölkələrdən biri olacaq

Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovdur 

Ölkənin islahatçı təhsil qurucularından sayılan Cəfər Cəfərov müxtəlif illərdə BDU-nun tarix fakültəsinin dekan müavini, Gənclər və İdman Nazirliyinin gənclərlə iş baş idarəsinin rəisi vəzifələrində çalışmış, BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin bir sıra layihələrində milli koordinator olmuşdur. 2000-2001-ci illərdə Fulbrayt proqramının qalibi kimi Nyu-York Universitetinin Dövlət İdarəçiliyi Məktəbində tədqiqatçı alim vəzifəsində çalışmış, BMT-nin mərkəzi qərargahında “Elektron hökumət” layihəsinin icraçılarından biri olmuşdur. O, Dünya Azərbaycanlılarının I Qurultayında  qurumun Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü seçilmiş, 2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin direktoru vəzifəsində işləmişdir.

Azərbaycan tarixinin müasir problemləri, turizm və ali pedaqoji təhsilin inkişaf perspektivləri ilə bağlı respublikada və xaricdə nəşr olunan 90-dan çox kitabın, tədris-metodiki vəsaitin, elmi məqalənin müəllifi, professor Cəfər Cəfərov 2006-2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun, 2014-2016-cı illərdə onun bazasında yaradılmış Azərbaycan Turizm və Menecment Universitetinin rektoru olmuşdur. Bütünh bu məsul vəzəfələrdə təşəbbüskarlıq və məsuluyyətlə çalışmış alim-pedaqoq Prezident İlham Əliyevin 23 iyun 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin olunmuşdur. 

Ötən dövrdə ali təhsil ocağında birsıra islahatlar və yeniliklər həyata keçirilmiş, tədrisin məzmunu və maddi-texniki bazası yenilənmiş, abituriyentlərin MİQ və digər imtahanlarda, karyera inkişaflarında əhəmiyyətli irəliləyişlər baş vermişdir.

Professor Cəfər Cəfərov Avstriyanın IMC/FH KREMS Universitetinin fəxri doktoru, Avrasiya İpək Yolu Universitetləri Konsorsiumu İcraedici Şurasının üzvü, ADPU-da fəaliyyət göstərən Dissertasiya Şurasının sədri, eləcə də bir neçə yerli və beynəlxalq elmi jurnalların baş redaktoru və redaksiya heyətinin üzvüdür. Soydaşımız bir müddət Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının xarici qiymətləndiricisi kimi fəaliyyət göstərmişdir. Cəfər Cəfərov “Şöhrət” ordeni və bir sıra medallarla təltif olunmuşdur.

– Cəfər müəllim, istərdik, söhbətə ölkənin qocaman və nüfuzlu ali məktəblərindən birinin rektorunun təhsilin və müəllimin cəmiyyətdəki rolu və ölkəmizdə bu sahədə aparılan işlərə münasibəti ilə başlayaq.

– Təbii ki, təhsil hər bir fərdin və cəmiyyətin həyatında olduqca mühüm rol oynayan zəruri bir resursdur. Cəmiyyətin təhsil səviyyəsi o xalqın həyat tərzini, bəşəri sivilizasiyada qazandığı uğurları, tərəqqiyə verdiyi töhfələri və çağdaş inkişafda tutduğu yeri şərtləndirən amildir. Təhsil millətin gələcəyə etdiyi ən dəyərli və gəlirli yatırım, özünün varlığı və inkişafının qarantıdır.

Elə bu kontekstdən yanaşdıqda təhsil prosesinin əsas elementi və bu prosesin mərkəzində rol alan fiqur kimi müəllim ön plana çıxır. Məhz müəllimlərin gərgin əməyi və səyi nəticəsində yetişən nəsillər yeni-yeni bilik və bacarıqlara yiyələnir, onlarda milli vətənpərlik ruhu, eyni zamanda, ümumbəşəri humanist və əxlaqi dəyərlər daha da dərindən təşəkkül tapır.

Ulu öndər Heydər Əliyev və ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev milli təhsil sisteminin inkişaf etdirilməsi və dünyanın qabaqcıl təhsil sistemləri arasında özünə layiqli yer tutaraq rəqabətqabiliyyətliliyinin təmin olunması istiqamətində ardıcıl tədibirlər həyata keçirmişlər. Bu tədbirlər bu gün də dövlət başçısının siyasətində ən vacib prioritetlər arasında yer alır. Bunlara misal olaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” kimi konseptual sənədləri göstərmək olar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızı işğaldan azad edən rəşdətli Azərbaycan Ordusunun əsas hissəsi son 20 ildə milli təhsil və dövlət gənclər siyasətinin yetirmələri olan savadlı, bacarıqlı, eyni zamanda vətəni hər şeydən çox sevən igid gənclərimizdən ibarət idi. Hansı ki, bu gün həmin gənclərin azad etdiyi doğma torpaqlarımıza – Qarabağ və Şərqi Zəngəzura obrazlı formada belə ifadə etmək olarsa, “təhsillə” dönürük. Ağalı kənd məktəbi ilə başlayan bu estafet artıq böyük yol qət edərək Füzuli, Laçın, Şuşadan keçib, yeni tədris ilində öz tələbələrini qarşılamağa və qapılarını bütün dünyaya açmağa hazırlaşan Qarabağ Universitetinə çatıb.

– Qeyd etdiyiniz kimi, doğma Qarabağ və Şərqi Zəngəzurda bu gün sürətli bərpa-quruculuq işləri və bölgəyə “Böyük Qayıdış” prosesi həyata keçirilir. Yeni tədris ilindən işğaldan azad olunmuş ərazilərdə ilk universitet olan Qarabağ Universiteti fəaliyyətə başlayır. Bölgəyə həyatın yenidən qayıtması və təhsil sisteminin inkişafının ölkəmizin ümumi inkişafına töhfəsi haqqında fikirlərinizi öyrənmək istəyərdik.

– Vurğulanmalıdır ki, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, bu ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və burada yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. 

Bununla bağlı regionda əhalinin dayanıqlı məskunlaşmasının təmin olunmasının ən vacib elementi burada təhsil sisteminin yenidən qurulması və ölkə təhsil sisteminə reinteqrasiya edilməsi məsələsidir. Bildiyimiz kimi, 2022-ci ildə başlayan Böyük Qayıdış prosesi bu gün də sürətlə davam edir. Bu prosesdə orta ümumtəhsil məktəbləri ilə yanaşı, regionda müvafiq ixtisaslaşmış təhsil müəssisələrinin, mədəniyyət mərkəzlərinin, ən əsası isə ali təhsil ocaqlarının fəaliyyətə başlaması ən mühüm həlqələrdəndir.

Qarabağ regionunda ümumtəhsil sistemi ilə yanaşı, tarixən ali təhsil ənənəsi də mövcud olmuşdur. Fəxarət hissi ilə deyə bilərik ki, burada ilk ali təhsil ocağı Ulu öndərin təşəbbüsü ilə 1969-cu ildə ozamankı Azərbaycan Pedaqoji İnstitutu, indiki Pedaqoji Universitetin filialı kimi qurulmuşdur. İnstitut 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin mənfur düşmənlər tərəfindən işğalı dövründə  fəaliyyətini dayandırmışdır. 

Torpaqlarımızın işğaldan azad olunmasından sonra məhz bu ənənələri bərpa edərək regionun potensialını yenidən özünə qaytarmaq məqsədilə Prezident İlham Əliyev Xankəndi şəhərində mövcud olmuş ali təhsil müəssisəsinin bazasında dünyaya elm və təhsil, mədəniyyət mərkəzi kimi səs salacaq Qarabağ Universitetinin yaradılması haqqında 28 noyabr 2023-cü il tarixli Sərəncam imzalamışdır. Qüdrətli və qalib Azərbaycanın sülh simvollarından birinə çeviriləcək Qarabağ Universiteti artıq növbəti tədris ilində öz tələbələrini qarşılamağa hazırlaşır.

Regiondakı inkişafın, məskunlaşma və təhsil infrastrukturunun yenidən qurulmasının ölkəmizin ümumi inkişafına verəcəyi töhfəyə gəldikdə isə, qeyd olunmalıdır ki, Qarabağ bölgəsinin zəngin mədəni ənənələrinin, eləcə də böyük iqtisadi potensialının yenidən ölkə həyatına inteqrasiya olunmasının bir tərəfdən Azərbaycanın iqtisadi-sosial inkişafına əhəmiyyətli qatqısı olacaqsa, digər tərəfdən bu 30 ildən artıq müddətdə ardıcıl urbisidə məruz qalmış, tamamilə xarabalığa çevrilmiş, nəhayət, qətiyyətli siyasi iradə və “dəmir yumruq” hesabına, qüdrətli Azərbaycan Ordusunun gücü ilə işğaldan azad olunmuş onlarla şəhər, qəsəbə və kəndlərin yenidən çiçəkləndirilməsi, bu ərazilərdən didərgin düşən insanların öz yurd-yuvalarına qayıtmaları ilə bütün dünyaya böyük bir humanizm və quruculuq – sülh mesajı verəcək, Azərbaycanın bütün ərazilərində əbədi suverenliyimizin carçısı olacaqdır.

– Ölkəmiz bu il dünya birliyinin ən nüfuzlu toplantılarından biri olan COP29-u keçirməyə hazırlaşır. Eyni zamanda, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu mötəbər tədbir və ekoloji il, şübhəsiz,  təhsil sferası üçün də önəmli hədəflər müəyyən edib.

– Bəli, COP29 dünya birliyinin bəşəriyyətin problemlərini müzakirə etdiyi ən mötəbər və böyük miqyaslı tədbirlərindən biri olmaqla ona rəhbərlik edən ölkənin də beynəlxalq arenadakı nüfuzu və etibarını nümayiş etdirir. Bu baxımdan hər şeydən öncə COP29-un ölkəmizdə keçirilməsi haqqında qərarın özü Azərbaycanın artan nüfuzunun və gücünün göstəricisidir. Digər tərəfdən, COP29 ərəfəsində on minlərlə turist və rəsmi qonaqlar, eləcə də siyasətçilər, ziyalılar, alimlər, ekoaktivistlər ölkəmizə səfər edəcəklər. 

Bunlar birləşib Azərbaycan həqiqətləri, ölkənin zəngin mədəniyyəti və böyük turizm potensialının tanıdılması üçün unikal fürsət, eyni zamanda böyük bir həmrəylik festivalı olacaqdır. Həmçinin bu çərçivədə təbiətə qayğı, təbii mühitin qorunması və inkişaf etdirilməsi məsələləri ən yüksək səviyyədə bir daha diqqət mərkəzinə gətirilir, ölkəmiz yaşıl dünyamızı qorumaq naminə bütün dünyaya həmrəylik çağırışı edir.

Bu həm də iqlim dəyişikliyi kimi qlobal ekoloji problemin həlli istiqamətində beynəlxalq birliyin çıxış yollarını axtardığı və dünyanın dayanıqlı inkişafı naminə müvafiq qərarlar alacağı olduqca əhəmiyyətli bir tədbirdir. 

Sadalananları ümumiləşdirsək, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ölkəmizin həyatında mühüm dəyişikliklərə vəsilə olacaq mötəbər hadisələr kimi qiymətləndirilə bilər. Xüsusən, təhsil sahəsində təbiətə daha həssas yanaşma, ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi üçün ictimai-mədəni təfəkkür səviyyəsinin daha da yüksəldilməsi baxımından əhəmiyyəti böyükdür.

Biz təkcə cəmiyyət arasında deyil, müxtəlif tədbirlərin görülməsində, təhsil proqramlarının məzmununda, yeni yetişən gənclərimizin təfəkkürlərinin formalaşmasında bu müsbət dinamikanın şahidi olacağıq. Minilliyin inkişaf məqsədlərinin, o cümlədən ekoloji mədəniyyətin yeni nəsildə daha təsirli formalaşması təhsilin əsas məzmun xətlərindən biri kimi təhsil ictimaiyyətinin diqqət mərkəzində olmalıdır. 

– Pedaqoji kadrlar hazırlayan bir ali məktəbin rəhbəri olaraq müəllimlərin işə qəbulu və sertifikasiya imtahanları haqqında sizin fikirləriniz oxucular üçün maraqlıdır.

– Bəli, Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin müəllimlər ocağı, müəllim kadrlarının yetişdirildiyi əsas mərkəzdir. Təkcə bu faktın özü burada fəaliyyət göstərməyin necə böyük məsuliyyət tələb etdiyinin nümunəsidir. Ulu öndərin vaxtilə Pedaqoji Universitetin professor-müəllim heyəti ilə görüşündə ifadə etdiyi bir fikri yada salmaq istərdim: “Müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda, ikiqat məsuliyyətli işdir”. 

Əvvəla, ADPU-da bütün müəllimlik ixtisasları üzrə, eləcə də bakalvriat səviyyəsində 25 ixtisas, magistratura səviyyəsində 30 ixtisaslaşma, doktorantura səviyyəsində isə 33 ixtisas üzrə yüksəksəviyyəli kadr hazırlığı həyata keçirilir. Bu ixtisas və ixtisaslaşmalar arasında, eyni zamanda təhsilin aktual sahələri üzrə yeni ixtisaslaşmalar da yer alır.

Pedaqoji Universitetdə son dövrlərdə aparılan islahatlar, yazılı və hibrid imtahan sistemlərinin tətbiqi, 2020-ci ildə bütün ixtisaslar üzrə tədris proqramlarının yenilənməsi, infrastrukturun təkmilləşdirilməsi, eləcə də praktik-laborator imkanların artırılması həm yüksək nəticə göstərən tələbələrin universitetə cəlb olunmalarında, həm də ADPU məzunlarının MİQ imtahanlarında yüksək nəticələr əldə etmələrində özünü göstərir. Bu nəticələr bizi sevindirir və daha da əzmlə çalışmağa ruhlandırır. Bu imtahanlarda istər test mərhələsində, istərsə də müsahibə mərhələsində yüksək nəticə göstərənlər arasında ADPU-nu son illərdə bitirən gənc müəllimlərin üstünlük təşkil etməsi universitetimizin uğur göstəricilərindən sayıla bilər. 

ADPU məzunlarının nəticələrindən danışmışkən diqqətinizə çatdırmaq istərdim ki, 2023/2024-cü tədris ilində Pedaqoji Universitetin bakalavr proqramlarından məzun olan 2207 nəfərdən magistratura imtahanlarında iştirak edənlərinin 812 nəfəri (36,7 faiz) ixtisas seçimi mərhələsində iştirak etmək hüququ qazanıb. Onlardan 567 nəfəri (cari il məzunlarının 25,6 faizi) Azərbaycanda magistraturaya qəbul olunub. 

Bu günə olan məlumata görə cari il məzunlarından 69 nəfəri xarici ölkələrin ali təhsil müəssisələrinin magistraturalarına sənəd təqdim edib. Keçən il analoji göstərici 80 nəfər olub. Lakin xarici ölkə universitetlərində magistraturaya qəbul prosesinin hər ilin oktyabr ayınadək davam etdiyini nəzərə alsaq, bu il ötən ilə nisbətən daha yaxşı nəticə əldə olunacağını proqnozlaşdırmaq olar. Ötən il Pedaqoji Universitetdən məzun olan 2025 nəfər  bakalavrdan 385 nəfəri (19 faiz) magistraturaya qəbul olunmuşdur.

Pedaqoji Universitet keçən 103 il ərzində böyük bir inkişaf yolu keçmiş, ölkədə ilk Azərbaycandilli ali təhsil ocağı kimi 180 mindən çox pedaqoji kadr  hazırlamışdır. Bu dövrdə  ADPU-nun Türkiyə, İran, Bolqarıstan,  Çin,  Yəmən, habelə Rusiya, Gürcüstan, o cümlədən digər keçmiş sovet respublikalarından minlərlə məzunları olmuşdur. Hazırda bu ənənə genişlənərək davam edir. Belə ki, ADPU-nun tələbələri mobillik çərçivəsində Türkiyə, Danimarka, Litva, Polşa, Niderland və Ruminyada təhsillərini davam etdirdiyi  kimi,  Pedaqoji Universitetdə də Türkiyə, Çin, Rusiya, Gürcüstan, Pakistan, Özbəkistan, Türkmənistan və s. ölkələrdən olan 200-dək əcnəbi tələbə təhsil almaqdadır. 

Həmçinin deyim ki, ADPU-nun Məzun koordinasiya və karyera şöbəsi tərəfindən məzunlarımızla daim əlaqə saxlanılır, onların karyera inkişafları izlənilir və müvafiq təhlillər aparılır. Təkcə onu demək kifayəfdir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən ali təhsil müəssisələri ilə əməkdaşlıq əsasında hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasının təqdim etdiyi məlumatlara əsasən 2018-2021-ci illərdə ADPU məzunlarının 51,6 faizi işlə təmin olunub. Bu da analoji dövrdə ölkə üzrə məzunların ümumi məşğulluq səviyyəsinə yaxın göstəricidir (58,8 faiz) və Pedaqoji Universitet məzunların işlə təmin olunması üzrə ölkə universitetləri arasında 4-cü yerdədir. Fərdi rəqəmlərə baxdıqda isə əgər 2021-ci ildə Pedaqoji Universitetin məzunlarının ümumi məşğulluğu 63 faiz təşkil edirdisə, bu göstərici 2022-ci ildə  71 faiz, 2023-cü ildə isə  90 faizdən çox olmuşdur. 

Müəllimlərin sertifikasiyası və ona görə yüksək nəticə toplayan müəllimlərin rəğbətləndirilməsi olduqca dəyərli addımdır. Heç kimə sirr deyil ki, keçmiş onilliklərdə müxtəlif səbəblərdən kifayət qədər hazırlığı olmayan şəxslər müəllim adını qazanaraq məktəblərə yol tapmış və bu hal məktəbdəki pedaqoji prosesin keyfiyyətinə, ümumilikdə müəllim nüfuzuna neqativ təsir etmişdir. Elm və Təhsil Nazirliyinin apardığı sertifikasiya prosesi ağrılı olsa da, aparılması zəruri olan işdir. İnanıram ki, yaxın bir neçə ildə bütün orta ümumtəhsil məktəblərində bu prosesin yekunlaşması ilə məktəbdə pedaqoji prosesin daha da güclənməsinin, müəllim obrazının daha da yüksəlməsinin şahidi olacağıq. 

Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, MİQ və sertifikasiya imtahanları tələbələrimizin təhsil müddətlərində əldə etdikləri bilik və səriştələrin ölçülməsi və onların işlə təmin olunmaları, əməklərinin stimullaşdırılması baxımından olduqca faydalı, mühüm və zəruri bir alətdir. 

– XXI əsrin dəyişən tələbləri qarşıya təhsil sahəsində yeni nəsil tədqiqatçıların və idarəçilərin yetişdirilməsi kimi məsul bir vəzifə qoyur. Rəhbərlik etdiyiniz ali təhsil müəssisəsində bu istiqamətdə hansı addımlar atılır?

– Bu sahədə dövlət siyasətinin tərkib hissəsi kimi zəruri addımlar atılır və Pedaqoji Universitet olaraq biz də bu tendensiya içərisində öz məsuliyyətimizi dərk edir, adekvat reaksiyalar verməyə çalışırıq. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universiteti ilə birgə “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə ikili diplom magistr proqramı, ADPU-nun Strateji İnkişaf Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə icra etdiyi dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışan və ya çalışmaq arzusunda olan pedaqoji kadrların idarəetmə ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsinə dəstək göstərən peşəkar inkişaf proqramı olan “Məktəb liderliyi” proqramı, eləcə də universitetdə magistratura səviyyəsində son illər kadr hazırlığına başlanılmış “Təlim və təhsilin təşkili və metodikası (SABAH)”, “Menecment (təhsilin təşkili və idarə olunması)”, “Menecment (ali təhsilin təşkili və idarə olunması)”, eləcə də MBA proqramı üzrə “Təhsilin təşkili və idarə olunması” və “Marketinq (təhsil üzrə marketinqin təşkili və idarə olunması)” kimi yeni ixtisaslamalar bu sahədə icra olunan kompleks və ardıcıl fəaliyyətə misal ola bilər.

Bir məsələyə də toxunum. Bu, Azərbaycanın da bir neçə ildir iştirak etdiyi Beynəlxalq Şagird Qiymətləndirmə Tədqiqatlarıdır. Hansı ki, bu tədqiqatların ölkəmizdə həyata keçirilməsi və nəticələrin təhlil olunmasında ADPU-nun Strateji İnkişaf Mərkəzi yaxından iştirak edir. Belə ki, TIMSS, ICILS, PISA, PIRLS beynəlxalq şagird qiymətləndirmələri və TALIS – Təlim və Tədris üzrə Beynəlxalq Araşdırma Tədqiqatı üzrə öyrənən və öyrədənlər üçün təlimlərin təşkili, pilot, sınaq və əsas mərhələlər mərkəzin əməkdaşları tərəfindən həyata keçirilir. Mərkəz tərəfindən tələbələr ölkəmizin qoşulduğu beynəlxalq qiymətləndirmələr haqqında məlumatlandırılır və bu sahədə müxtəlif fəaliyyətlərə cəlb olunurlar.

– Son dövrlərdə bəzi ali məktəblərimiz nüfuzlu beynəlxalq reytinqlərdə yer alırlar. Bu yöndə daha da irəliləmək üçün, sizcə, hansı addımlar atılmalıdır?

– Hər bir beynəlxalq reytinq qiymətləndirilməsinin özünəməxsus spesifik tələbləri və meyarları var. Bizim universitetlərimiz üçün beynəlxalq reytinqlərdə yer almaqla yanaşı, kompleks şəkildə özünü inkişaf etdirmək, dünyanın qabaqcıl tədqiqat-innovasiya universitetləri arasında özünə yer tutmaq, Azərbaycan elm və təhsilini dünya miqyasına çıxarmaq ən ümdə vəzifə olmalıdır. Bunun üçün ilkin mərhələdə bütün ali təhsil ocaqlarımız institusional və proqram akkreditasiyalarından keçməli və özünün təsdiq olunmuş Strateji İnkişaf Planı əsasında öz hədəflərinə doğru irəliləməlidir. 

Bu sırada ən mühüm meyarlardan biri kimi, professor-müəllim heyətinin tədiqiqatlarının nəticələrinin beynəlxalq elmmetrik bazalarda indekslənən nüfuzlu jurnallarda dərc olunmasını təmin etmək, bunun üçün müəyyən təşkilati-texniki və stimullaşdırıcı tədbirlər görmək olar. Burada yanaşmalar müxtəlifdir. Məsələn, bu məqsədlə Pedaqoji Universitetdə, onun bütün filialları və kollecində professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi sistemi tətbiq olunur ki, burada aparılan tədqiqatlar, onların nəticələrinin nüfuzlu və impakt faktorlu jurnallarda dərcinə görə əməkdaşların əməkhaqqılarına stimullaşdırıcı əlavələr ödənilir.

Biz inanırıq ki, yaxın illərdə Pedaqoji Universitet də profilinə uyğun olaraq beynəlxalq reytinqlərdə öz yerini tutacaqdır. Ümumiyyətlə, ölkə təhsil sistemində gedən sürətli inkişaf nəticəsində yaxın gələcəkdə ali təhsil ocaqlarımızın daha da inkişaf edəcəyi, ölkəmizdə dünyamiqyaslı fundamental tətbiqi və nəzəri tədqiqatların səviyyəsinin yüksələcəyi və Azərbaycanın təhsil sahəsində dünyada tanınan innovasiyalar ölkəsi kimi diqqəti cəlb edəcəyini demək olar. Bu gözləntilər təkcə bir istək və ya arzuya dayanmır, bu, Azərbaycanın 2030 hədəfləri arasında yer alan ölkəmizin milli inkişaf prioritetləridir.

– Söhbətimizin sonunda islahatçı rektorun abituriyentlərin ixtisas seçimi ərəfəsində gənclərə tövsiyələrini eşitməyə ehtiyac duyuruq.

– Mən hər şeydən əvvəl ixtisas seçimi edəcək hər bir abituriyentə demək istərdim ki, qoy bilsinlər ki, seçdikləri ixtisas həm onların, həm də daimi inkişafda olan ölkəmizin gələcəyinə bu və digər mənada təsir edir. Ona görə də, həqiqətən istədiyiniz, özünüzü gördüyünüz, bu sahədə cəmiyyətə fayda verəcəyinizə əmin olduğunuz ixtisasları seçim siyahınızda qeyd edin. 

Digər tərəfdən, qəbul olunacağınız ixtisasdan asılı olmayaraq, özünüzdə 3 məziyyəti inkişaf etdirməyə çalışın. Əgər vətənpərvərlik ruhunu, xarici dil bilikləri və yüksək rəqəmsal savadlılığı bir arada birləşdirə bilsəniz artıq uğur və müvəffəqiyyətə çata biləcəksiniz. 

– Maraqlı söhbətə görə təşəkkür edirik. 

Müsahibəni apardı: 
Taleh MİRZƏYEV

 



Müsahibə