Laçınım – cənnətim mənim!

post-img

Yağı tapdağından azad edilmiş və dirçəldilmiş, ədəbi mövcudluğuna yön almış Laçının indiki növraqını duyub-anlamaq, onun füsunkarlığının sehrinə düşmək üçün tək bircə gecə Həkərinin sahilində dayanıb şəhərin əsrarəngiz işıqlarını seyr etmək kifayətdir. 

O Həkərinin ki, illər boyu əsarətdən dəliyə dönüb, yağıya inad qəzəblə coşaraq sağını-solunu yuyub aparıb, suyunun rəngi laçınlıların qanı kimi qara axıb. İndisə azadlığından məst halda yatağında nazlanan sonadır Həkəri. Hərdən ərkəsöyünlük etsə də ziyarətinə gələnlərin sayı artdıqca o da sakitləşir, durulan suyu şırıl-şırıl axır, sahili boyu uzanan parkda dincələnlərə lay-lay çalır...  

İlk səfərimizdə Laçının iddialı şəkildə dünyanın ən gözəl şəhərləri ilə rəqabət aparmağa hazırlaşdığını yazmışdıq. İndi 8 ay sonra yenidən Həkərinin yanından yuxarı boylandıqca, insan qaynayan dolanbac küçələrini gəzdikcə və şəhərin ən hündür yerinə çıxıb oradakı seyrangahdan aşağı baxdıqca bir daha əmin olduq ki, Laçını hansısa şəhərlə müqayisə etmək ədalətsizlikdir. Çünki Laçın özünəməxsusluğu, sirli aurası ilə təkdir, yeganədir!

Əslində, bu dəfəki səfərimizin də əsas məqsədi ilk baxışdan gözəlliyinə vurulduğumuz, qısa müddətdə yenidən qurularaq Tanrının yer üzündəki cənnətinə çevrilmiş Laçına yenidən qovuşmaq idi. Bir dəfə gödüklərimizə yenidən baxıb, daha çox zövq almaq istəyirdik. Ancaq şəhərdəki dəyişikliklər ilk gəlişimizdəki kimi heyrətləndirici idi. Şəhər ötən müddətdə daha da gözəlləşib, inkişaf edib, canlanıb. 

Əvvəl erməni vandallığının acı nəticələri kimi ürək dağlayan dağıdılmış evlərin xarabalıqlarının yerində indi şəhərin ümumi planına uyğun, aurası ilə həmahəng, yaraşıqlı evlər ucalır. Axşamlar həmin evlərin işıqları da digər evlərin, küçələrin işıqlarına qoşulur, Laçının gur işıq seli qəhrəman oğullarımızın qovub sərhəddən o yana keçirdikləri paxıl düşmənlərin gözlərini kor edir. Axı bu işıqlar Ermənistanın sərhəd ərazilərindən yaxşı görünür...

Şəhərin baş hissəsində ermənilər tərəfindən dağıdılmış bir neçə evdə tikinti-bərpa işləri aparılmayıb. Öyrəndik ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş digər ərazilərində olduğu kimi, Laçında da yaradılacaq İşğal və Zəfər muzeyləri kompleksi məhz bu ərazidə yerləşəcək. Dövlət başçısının 2023-cü il mayın 28-də təməlini qoyduğu kompleks sözügedən muzeylərdən və dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət olacaq. Nə qədər vacib bir addımdır! 

Qoy, Laçına ziyarətə gələnlərimiz, ələlxüsus da gələcək nəsil bu barbarlığı görsün, yaddaşına həkk etsin ki, xalqımızın yaşadığı faciələri heç zaman unutmayaq. Elə işğaldan azad edilmiş ərazilərimizə səfər edən xarici qonaqlara da ilk olaraq belə dağıntıları göstərmək lazımdır. Əsasən də başqa vaxt ədalətdən, insan haqlarından, demokratiyadan dəm vurub, əməldə uzun illər boyu işğalçı Ermənistanı gizli-aşkar dəstəkləyən ölkələrin müsyölərinə, serlərinə...

Laçında həyat qaynayır, küçələrində şütüyən avtomobillərin ardı-arası kəsilmir. Daimi məskunlaşmış sakinlərin sayı artıqca şəhər yenidən öz xoşbəxt günlərini yaşamağa başlayıb. Qonaq-qarası da çoxalıb Laçının. O qədər ki, sərin yay axşamları Həkəri sahilinə axışan insanların sayını az qala paytaxtımızın gözəl Xəzərin sahilindəki bulvarına gələnlərlə müqayisə etmək olar. Laçınlıların, yerli turistlərin çoxluğu onların yerləşmə məsələlərini də aktuallaşdırır və bu məsələ də diqqətdə saxlanılır. Öyrəndim ki, şəhərdə hazırda yeni otel kompleksinin və hostelin tikintisi aparılır. Yəni yaxın gələcəkdə qonaqlar üçün yerləşmə yerlərinin sayı kifayət qədər artacaq.

Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq daimi yaşamaq üçün Laçına qayıtmış sakinlərin işlə təminatı, onların sosial-məişət qayğılarının həlli də diqqətdədir. Laçında, o cümlədən rayonun Böyük Qayıdışın növbəti ünvanlarından olan Zabux və Sus kəndlərində mütəmadi əmək yarmarkaları keçirilir, laçınlılar müxtəlif qurumlarda özlərinə iş tapırlar. Ən sevindiricisi isə odur ki, doğma yurduna dönmüş sakinlər arasında ailə biznesi quranlar da az deyil. 

Şəhərdə açılmış böyük supermarketlərdən birinin yanında konteyner tipli köşklə təmin edilmiş Vətən müharibəsi iştirakçısı Elnur Abdullayev kimi. O, evinin, 4, 9 və 10 yaşlı 3 övladının dolanışığını ailə biznesindən əldə etdiyi qazancdan çıxarır. Söhbətimizdən öyrəndim ki, əvvəllər məcburi köçkün kimi Bakıda, Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıb. Bir ildən artıqdır ki, doğma Laçınına qayıdıb və burada yaşamaq xöşbəxtliyini ilk dadanlardandır. 

Elnur həyatı yoldaşı Təhminə ilə əl-ələ verərək öz kiçik ailə bizneslərini yaradıblar. O, yenidən qovuşduğu  Laçınını bu dünyasının cənnəti adlandıraraq dedi:

– Mən, hər şeydən əvvəl, bir Vətən müharibəsi iştirakçısı kimi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımızı bildirmək istəyirəm. Xoşbəxtəm ki, onun əsgəri kimi böyük zəfərimizlə nəticələnən haqq savaşında iştirak etmişəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Şükür bu günlərimizə. Laçına qayıtdıqdan sonra qərara gəldim ki, ailəmlə birlikdə öz işimizi quraq, zəhmətimizlə yaşayaq. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədova müraciət etdim, mənə təmənnasız olaraq konteyner tipli köşk verildi. Cənab Prezidentimiz sağ olsun ki, Laçına belə humanist, hamının qayğısına qalan nümayəndə təyin edib.

Mən köşkdə dönər, çay, kofe hazırlayıb satıram. Hərdən vaxt edib dağlara çıxıram, oradan dərman bitkiləri – kəklikotu, qantəpər və s. yığıb gətirirəm. Həyat yoldaşım da evdə gündəlik tort, peraşki, məşhur Laçın kətəsi bişirir, gətirib burada satıb, dolanırıq. Yaxşıdı, şükür, alıcı qıtlığı çəkmirik. Öz sakinlərimiz, yerli və xarici turistlər, elə Məsim müəllimin özü, işçiləri satdıqlarımdan alırlar. Yəni təzə başladığım vaxtla müqayisədə indi işimiz qaydasına düşüb.

Dövlətimiz qısa müddətdə abad, möhtəşəm şəhər salıb bizim üçün. Heç işğaldan əvvəl belə deyildi. Evlərimizdə də hər cür şərait yaradılıb. Odur ki, biz özümüz də gərək zəhmətə qatlaşaq, işləyək, əl-ələ verib Laçını daha da gözəlləşdirək, inkişaf etdirək. 

Onu da deyək ki, Laçında vaxtın necə keçdiyini hiss etmək mümkün deyil. Bu torpağa, onun daşına, qayasına, Həkərisinə olan sevgidən, uğrunda canlarından keçmiş məqamı uca şəhidlərimizin ruhuna olan hörmətdəndir yəqin ki. Vaxt bitir, qayıtmaq lazımdır, ancaq geri dönmək istəmirsən. Əvəzində qartal olub Laçının göylərində süzmək, bulaq olub torpağına süzülmək, yağış olub gözlərindən çilənmək keçir içindən, ürəyindən.

Beləcə, Laçınlaşmaq istəyir insan! Neyləmək olar, yenə könülsüz, tezliklə yenidən qayıtmaq arzusu ilə sağollaşdım Laçınla. Şükür, daha sənə “Əlvida” demirik Məhəbbətin dünya boyda məhəbbəti. Hələlik, görüşənə qədər, Laçınım mənim!..

Mahir RƏSULOĞLU, 
“Xalq qəzeti”nin bölgə müxbiri

Laçın

 



Sosial həyat