Naxçıvanda payızlıq taxıl səpini

post-img

Naxçıvan Muxtar Respublikasında da taxılçılığın inkişaf etdirilməsi mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyulub. Bunun üçün torpaq resurslarının səmərəli idarə olunması, müasir aqrotexniki tədbirlərin tətbiqi, yüksək məhsuldar sortların becərilməsi və suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Bu il 15 min hektar sahədən 37 min 649 ton taxıl tədarük olunub, orta məhsuldarlıq hər hektar üzrə 25,1 sentner təşkil edib.

Hazırda isə payızlıq taxıl əkini üçün sahələrdə zəruri işlər davam edir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, bu mövsümdə muxtar respublika üzrə 14 min hektar sahədə əkin aparılması nəzərdə tutulub. İndiyədək isə 11 min hektardan artıq sahədə şum, 8 min hektara yaxın ərazidə isə səpin aparılıb. Əkin prosesinin səmərəliliyini artırmaq məqsədilə bölgələrə 1000-dən artıq kənd təsərrüfatı texnikası – traktorlar, səpin aqreqatları və torpaq yumşaldıcıları cəlb edilib. Bununla yanaşı, nazirlik tərəfindən təşkil olunan səyyar aqronom xidməti də fəaliyyətini davam etdirir. Mütəxəssislər fermerlərə toxum seçimi, səpin norması, torpaq hazırlığı və suvarma ilə bağlı praktiki məsləhətlər verirlər.

Öyrəndik ki, payızlıq taxıl əkinində əsasən yüksək məhsuldarlığı ilə seçilən “Ceyhan 99”, “Qobustan”, “Alekseiç” buğda sortlarına üstünlük verilir. Əvvəlki illərdə olduğu kimi, bu il də muxtar respublika üzrə ən çox əkin sahələri Şərur, Sədərək və Babək rayonlarının payına düşür. Hazırda bu rayonlarda qızğın iş gedir. Şərur rayonunda tanınmış fermerlərdən İsa Salmanov, Sədərək rayonunda Eldəniz Məmmədov daha çox buğda və arpa əkməyi qarşılarına məqsəd qoyublar.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Məhəmməd Zeynalov bizimlə söhbətində bildirdi ki, taxıl əkinlərinin aqrotexniki qaydalara uyğun keçirilməsinə nazirlik tərəfindən xüsusi diqqət yetirilir. Əkin və suvarma prosesləri üzrə bütün rayonlarda gündəlik monitorinqlər aparılır.

Müsahibimizin sözlərinə görə, hazırda payızlıq əkin ilə bağlı fermerlərlə mütəmadi iş aparılır və sahələrdə vəziyyətin operativ qiymətləndirilməsi davam etdirilir. Cari mövsümdə yağıntıların əvvəlki illərlə müqayisədə az olması suvarma prosesinə müəyyən təsir göstərir. Mövcud resurslardan səmərəli istifadə olunması və fermerlərin ehtiyaclarının vaxtında qarşılanması məqsədilə zəruri addımlar atılır.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

İqtisadiyyat