Azərbaycanda uğurla tətbiq olunan dövlət aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı sürətlə artır. Bu günlərdə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağları üzrə növbəti iri məbləğdə sığorta ödənişi həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən mətbuata bildirilib ki, Xaçmaz rayonunun Cığatay kəndində yerləşən “Trek Service Engineering” MMC-yə məxsus badam bağın sel-subasma nəticəsində xeyli ziyan dəyib.
Hadisə 2025-ci ilin aprel ayında baş verib. Cığatay kəndinin yaxınlığından keçən Ağçay çayının daşması nəticəsində ətraf ərazilərlə yanaşı, badam bağı da sel altında qalıb. Müraciətdən sonra Aqrar Sığorta Fondu əraziyə müstəqil aqrar sığorta ekspertlərini cəlb edib. Ekspertlər bir neçə dəfə sahəyə baxış keçirərək zərərin xarakterini və miqyasını müəyyənləşdiriblər. Hadisənin miqyası nəzərə alınaraq fondun rəhbər şəxsləri və mütəxəssisləri də təsərrüfata baxış keçiriblər.
Aqrar Sığorta Fondunun hesablamalarına əsasən, “Trek Service Engineering” MMC-yə təyin olunan 200 min manat sığorta ödənişi tam şəkildə ödənilib.
XQ

