Azərbaycan Ordusu dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və milli maraqlarının ən etibarlı təminatçısıdır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Silahlı Qüvvələri bu gün həm texniki imkanları, həm peşəkar heyəti, həm də mənəvi-ideoloji hazırlığı ilə regionun ən güclü ordularından biridir. Ordumuzun əldə etdiyi nailiyyətlər, qazandığı tarixi qələbələr və beynəlxalq miqyasda formalaşan yüksək nüfuz müstəqil Azərbaycanın uğurlu inkişaf strategiyasının mühüm nəticələrindən biridir. Bu gün güclü Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və milli maraqlarının ən etibarlı təminatçısıdır.

Müasir dövrdə dövlətlərin gücü yalnız iqtisadi göstəricilərlə və ya təbii resurslarla ölçülmür. Güclü dövlət anlayışının əsas komponentlərindən biri onun təhlükəsizlik potensialı, milli maraqlarını müdafiə etmək qabiliyyəti və peşəkar ordusudur. Azərbaycan da ötən illər ərzində məhz bu istiqamətdə mühüm nailiyyətlər əldə edərək regionun aparıcı siyasi və hərbi güclərindən birinə çevrilib. Ordumuzun bugünkü qüdrətinin əsasında isə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik konsepsiyası və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi strateji inkişaf xətti dayanır.

Bu gün qürurla qeyd edə bilərik ki, Azərbaycan Ordusu dünyanın müasir hərbi çağırışlarına cavab verən, ən son texnologiyalarla təchiz olunan, yüksək döyüş hazırlığına malik peşəkar hərbi gücdür. Ordumuzun gücü yalnız silah və texnika ilə ölçülmür. Onun əsas gücü xalqla dövlətin birliyində, hərbçilərimizin Vətən sevgisində, milli maraqlara sadiqliyində və Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən sarsılmaz iradəsində təcəssüm olunur.

Azərbaycanın ordu quruculuğu tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Hələ sovet hakimiyyəti illərində Azərbaycanın gələcəyini düşünən, milli kadrların hazırlanmasının strateji əhəmiyyətini dərindən dərk edən Ulu Öndər Heydər Əliyev hərbi sahəyə xüsusi diqqət yetirirdi. O yaxşı bilirdi ki, xalqın gələcək taleyində peşəkar hərbi kadrların mövcudluğu mühüm rol oynayacaq.

Məhz onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması Azərbaycanın hərbi tarixində mühüm hadisə oldu. Bu təhsil ocağı sonrakı onilliklər ərzində minlərlə peşəkar zabitin yetişməsinə imkan yaratdı. Həmin zabitlər müstəqillik dövründə Azərbaycan Silahlı Qüvvələrinin əsas kadr potensialını təşkil etdilər. Bununla yanaşı, yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu hərbi akademiyalarında təhsil almasına şərait yaradılması gələcək milli ordu quruculuğu üçün mühüm baza formalaşdırdı.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb geosiyasi və hərbi vəziyyətlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü, daxildə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə və nizami ordunun olmaması ölkənin təhlükəsizliyini ciddi təhdid altında saxlayırdı. Həmin dövrdə müxtəlif silahlı dəstələrin mövcudluğu, vahid komandanlığın olmaması və idarəetmədəki ciddi problemlər vəziyyəti daha da ağırlaşdırırdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə yanaşı, müasir dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ordu quruculuğu sistemli xarakter aldı, nizami hərbi hissələr formalaşdırıldı, vahid komandanlıq prinsipi bərqərar edildi və Silahlı Qüvvələrdə intizam möhkəmləndirildi.

Məhz həmin dövrdə atılan addımlar gələcək qələbələrin möhkəm təməlini yaratdı. Azərbaycan dövlətçiliyinin qorunması, milli təhlükəsizlik sisteminin formalaşdırılması və peşəkar ordunun qurulması istiqamətində həyata keçirilən tədbirlər sonrakı inkişafın əsasını təşkil etdi.

1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 26 iyun tarixinin Silahlı Qüvvələr Günü kimi təsis olunması da dövlətin orduya verdiyi xüsusi önəmin göstəricisi idi. Bu qərar Azərbaycan Ordusunun cəmiyyətdəki nüfuzunun daha da artmasına, hərbçi peşəsinə marağın yüksəlməsinə və vətənpərvərlik ruhunun güclənməsinə mühüm töhfə verdi.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəldildi. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın iqtisadi gücü artdıqca Silahlı Qüvvələrin inkişafına ayrılan diqqət və maliyyə imkanları da genişləndirildi.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, güclü dövlətin əsas dayaqlarından biri güclü ordudur. Məhz bu prinsip əsasında həyata keçirilən siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən müasir və hazırlıqlı hərbi qüvvələrindən birinə çevrilib. Son illər ərzində həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ordumuzun maddi-texniki bazası tamamilə yenilənmiş, ən müasir silah və texnika ilə təchizat təmin edilib. Dünyanın qabaqcıl hərbi sənaye mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurulub, ordumuzun arsenalına müasir raket sistemləri, hava hücumundan müdafiə vasitələri, zirehli texnika, pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli silahlar daxil edilib.

Bununla yanaşı, yerli müdafiə sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu gün Azərbaycan müdafiə sənayesi müxtəlif təyinatlı hərbi məhsullar istehsal etmək imkanına malikdir. Yerli istehsalın genişləndirilməsi ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və hərbi təhlükəsizlik sisteminin daha da güclənməsinə xidmət edir. Orduda aparılan islahatlar yalnız texniki modernləşmə ilə məhdudlaşmayıb. Hərbi təhsil sisteminin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, müasir təlim metodlarının tətbiqi, xüsusi təyinatlı qüvvələrin gücləndirilməsi və peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycan Ordusunun keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini təmin edib.

Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2020-ci ilin Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan xalqı özünün ən böyük milli arzusuna qovuşdu, işğal altındakı torpaqlar azad edildi və tarixi ədalət bərpa olundu.

Bu Qələbə təsadüfi deyildi. O, uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, güclü iqtisadi inkişafın, peşəkar ordu quruculuğunun və xalq-iqtidar birliyinin nəticəsi idi. Müharibə göstərdi ki, Azərbaycan Ordusu müasir döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirmək, ən mürəkkəb tapşırıqları uğurla yerinə yetirmək və qarşısına qoyulan bütün hədəflərə nail olmaq qabiliyyətinə malikdir.

Döyüş meydanında əldə edilən uğurlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə birbaşa bağlı idi. Dövlətimizin başçısı müharibə dövründə həm hərbi əməliyyatlara rəhbərlik edir, həm də siyasi və diplomatik müstəvidə Azərbaycanın maraqlarını uğurla müdafiə edirdi. İnformasiya cəbhəsində nümayiş etdirilən üstünlük, beynəlxalq ictimaiyyətə çatdırılan həqiqətlər və aparılan uğurlu diplomatik fəaliyyət Azərbaycanın mövqeyini daha da gücləndirdi.

Şuşa əməliyyatı isə Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri oldu. Mürəkkəb relyef şəraitində həyata keçirilən bu əməliyyat hərbi peşəkarlığın, fədakarlığın və qəhrəmanlığın ən yüksək nümunəsi kimi tarixə düşdü. Şuşanın azad edilməsi yalnız strateji deyil, həm də siyasi və mənəvi baxımdan müharibənin taleyini həll edən dönüş nöqtəsinə çevrildi.

2020-ci ildə əldə olunan tarixin Zəfər regionda yeni geosiyasi reallıqlar yaratdı. Azərbaycan öz gücünü, siyasi iradəsini və milli birliyini nümayiş etdirərək beynəlxalq münasibətlər sistemində daha möhkəm mövqe qazandı.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ölkəmizin dövlət suverenliyinin tam bərpasını təmin etdi. Qısa müddət ərzində həyata keçirilən bu əməliyyat Azərbaycan Ordusunun peşəkarlığını, yüksək hazırlıq səviyyəsini və müasir hərbi imkanlarını bir daha nümayiş etdirdi.

Beləliklə, ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Konstitusiya quruluşu və dövlət suverenliyi tam təmin edildi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilir.

Müasir müharibələrin xarakteri sürətlə dəyişir. Yeni texnologiyalar, süni intellekt sistemləri, pilotsuz platformalar və informasiya üstünlüyü hərbi sahənin əsas istiqamətlərinə çevrilir. Azərbaycan da bu reallıqları nəzərə alaraq Silahlı Qüvvələrin modernləşdirilməsi prosesini davam etdirir.

Bu gün ordumuzun strukturunda həyata keçirilən yeniliklər, komando birliklərinin yaradılması, xüsusi təyinatlı qüvvələrin imkanlarının genişləndirilməsi və müasir təlim proqramlarının tətbiqi onun döyüş qabiliyyətini daha da artırır. Eyni zamanda, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, onların xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır.

Azərbaycan hərbçisi bu gün yüksək peşəkarlığı, vətənə bağlılığı və mənəvi hazırlığı ilə seçilir. Ordumuzun əsas üstünlüklərindən biri də məhz müasir texnologiyalarla yüksək vətənpərvərlik ruhunun vəhdətidir. Bu amil Azərbaycan Silahlı Qüvvələrinin gələcək uğurlarının da əsas təminatçısı hesab olunur.

Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun təhlükəsizlik sistemində mühüm rol oynayan, müasir çağırışlara adekvat cavab verən və ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyan qüdrətli hərbi gücdür. Ordumuzun əldə etdiyi uğurlar Azərbaycan dövlətinin siyasi iradəsinin, iqtisadi qüdrətinin, xalqın milli həmrəyliyinin və güclü liderliyin nəticəsidir.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün ən yüksək zirvəsinə yüksəlib. Bu gün Azərbaycan Ordusu qalib ordudur. Onun şanlı tarixində müstəqilliyimizin qorunması, torpaqlarımızın azad edilməsi və dövlət suverenliyimizin tam bərpası kimi möhtəşəm səhifələr yazılıb.

Əminliklə demək olar ki, bundan sonra da Azərbaycan Silahlı Qüvvələri dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün keşiyində inamla dayanacaq, xalqımızın qürur mənbəyi olaraq yeni uğurlara imza atacaq. Çünki bu gün Azərbaycan güclü dövlətdir, Azərbaycan Ordusu isə həmin gücün, qətiyyətin və qalib ruhun təcəssümüdür.

Səbinə SALMANOVA,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin üzvü

Sosial həyat