Pambıqçılığın ölkəmizdə inkişaf etdirilməsi böyük önəm daşıyır

post-img

Dekabrın 1-dək sahələrdən 345 101 ton məhsul yığılıb, orta məhsuldarlıq 34,35 sentnerə çatıb

Azərbaycanda kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahələrindən biridir. Bu sahənin gəlir gətirən əkin növləri sırasında pambıqçılıq xüsusilə fərqlənir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda pambıq Qədim Şərq ölkələri, əsasən İran vasitəsilə yayılmışdır. Mingəçevirdə arxeoloji qazıntılar zamanı 5-6 əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılmışdır. Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və sair kimi şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edilməsi, XV əsrdə Şamaxıdan Rusiyaya pambıq mallar da aparıldığı göstərilir. XVIII əsrdə isə Mil-Muğan və Şirvan düzlərində geniş pambıq sahələri olmuşdur. 

“Ağ qızıl” adlandırılan pambıq sadəcə kənd təsərrüfatı bitkisi deyil, iqtisadiyyatın mühüm dayağı, insanların gündəlik həyatında əvəzolunmaz xammaldır. Onun becərillməsi və emalı ölkələrin inkişafına, sənayenin genişlənməsinə və əhalinin rifahına birbaşa təsir göstərir. Buna görə də pambıqçılığın müasir tələblərə uyğun inkişaf etdirilməsi böyük önəm daşıyır. Strateji əhəmiyyətə malik pambıq bitkisindən sənayenin müxtəlif sahələrində istifadə olunsa da, o, əsasən lifinə görə becərilir. Ölkəmizdə torpaq-iqlim şəraiti bu strateji bitkinin becərilməsi üçün tam əlverişlidir. Mütəxəssislərin fikrincə, pambıq yığımı çox zəhmət tələb edən işdir. 

Azərbaycanda pambıqçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilməsinin nəticəsidir ki, fermerlər hər il pambıq becərməyə daha çox maraq göstərirlər. Məhz buna görə də pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi əsas hədəflərdəndir. Qarşıda duran əsas vəzifələrdən biri də pambıq toxumçuluğu məsələləri üzərində çalışmaq və yerli sortlardan istifadəni genişləndirməkdir. 

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkə üzrə pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Əkini aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə 345 101 ton xam pambıq tədarük olunub. Dekabrın 1-nə olan operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 34,35 sentner/ha təşkil edir.

 2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

Bu il pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 39,79 sentner/hektar  təşkil edir. Dekabrın 1-dək rayon üzrə əkin aparılmış 8 898,3 hektar sahədən 35 410,3 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,3 sentner/ha), Biləsuvar (37,97 sentner/ha), Tərtər (37,06 sentner/ha), Saatlı (34,67 sentner/ha) və Bərdə (34,56 sentner/ha) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisi olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında bağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyə əsasən, şirkət fermeri zəruri toxum, gübrə və bitki mühafizə vasitələri ilə təmin edir, torpağın əkinə hazırlanması, aqrotexniki qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika təchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerlərə zəruri aqronomik dəstək göstərərək, əkin xərclərini qarşılamaq üçün avans verir. Fermer isə bunun qarşılığında məhsulu yetişdirmək və müqavilədə müəyyən olunmuş şərtlər daxilində şirkətə təhvil vermək öhdəliyinə malikdir. “Contract farming” formatında müqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışı problemini aradan qaldıran üsul kimi Azərbaycanda uzun illərdir tətbiq olunur və özünü uğurla doğruldur.

Respublikamızda pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə 195 manat subsidiya ödəniləcək.

Pambığa görə məhsul subsidiyası 15 dekabr tarixinədək pambığın təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edən fermerlərə verilir.

Bu il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

2026-cı ildə pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.

Müşfiq MİRZƏ

XQ

 

İqtisadiyyat