Ermənistanda siyasi rəqabət və yeni reallıqlar

post-img

Xalq müdrikliyində belə bir fikir var: zülm və nifrət üzərində qurulan siyasət uzunömürlü olmur. Tarix dəfələrlə sübut edib ki, xalqları qarşıdurmaya sürükləyən, düşmənçilik toxumu səpən qüvvələr sonda öz əməllərinin nəticəsi ilə üzləşirlər. Bu həqiqət xüsusilə gənc nəslə bir dərs olmalıdır. Çünki cəmiyyətin gələcəyi sağlam düşüncədən, milli-mənəvi dəyərlərə sədaqətdən və sülhə xidmət edən baxışlardan asılıdır.

Ermənistanda siyasi proseslər fonunda keçmiş hakimiyyət nümayəndələrinin yenidən gündəmə gəlməsi diqqət çəkir. Onların arasında sabiq prezident Robert Köçəryanın ritorikasında konstruktiv təkliflərdən daha çox qarşıdurma və keçmişə qayıdış meylləri təsdiqlənir. Əsas məqsəd hakimiyyət uğrunda mübarizədə mövcud iqtidarı zəiflətmək və seçicilərin narazılığından siyasi dividend qazanmaqdır. Lakin Ermənistan cəmiyyəti artıq əvvəlki illərin siyasətinin nəticələrini görüb və regionun yeni reallıqlarını daha yaxşı dərk edir.

Bu gün Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Azərbaycan öz dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin etdikdən sonra regionda uzunmüddətli sabitliyin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Bu şəraitdə müharibə ritorikası və revanşist çağırışlar nə Ermənistan xalqına, nə də regionun gələcəyinə fayda verə bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan da çıxışlarında ölkənin qarşısında duran əsas vəzifənin regionun yeni siyasi reallıqlarını nəzərə almaq və dövlət maraqlarına uyğun siyasət yürütmək olduğunu vurğulayır. Müasir dövr qarşıdurma deyil, əməkdaşlıq və inkişaf tələb edir və Ermənistanda siyasi mübarizənin növbəti mərhələsi ölkənin gələcək inkişaf istiqamətləri ilə bağlı fərqli baxışları üzə çıxarır. Baş nazir Nikol Paşinyan tərəfdarları hesab edirlər ki, ölkə keçmişin qarşıdurma siyasətindən uzaqlaşaraq regionun yeni geosiyasi reallıqlarına uyğun davranmalıdır. Onların fikrincə, Ermənistanın təhlükəsizliyi və inkişafı qonşularla münasibətlərin normallaşdırılmasından, iqtisadi əməkdaşlığın genişləndirilməsindən və dövlət maraqlarının rasional şəkildə qorunmasından keçir.

Bu fonda Robert Köçəryan və onun tərəfdarları yenidən siyasi səhnədə fəallaşmağa çalışırlar. Onların çıxışlarında mövcud hakimiyyətin sərt tənqidi əsas yer tutur. Lakin cəmiyyətin müəyyən hissəsi hesab edir ki, ölkənin bugünkü problemlərinin əhəmiyyətli hissəsi məhz əvvəlki illərdə aparılmış siyasətin nəticəsidir.

Siyasi müşahidəçilər qeyd edirlər ki, Ermənistan cəmiyyəti artıq emosional çağırışlardan daha çox real nəticələrə üstünlük verir. İnsanlar ölkənin təhlükəsizliyi, iqtisadi inkişafı və beynəlxalq münasibətlərdəki mövqeyi ilə bağlı konkret proqramlar görmək istəyirlər. Bu baxımdan seçicilərin əksəriyyəti siyasi qüvvələrin keçmiş fəaliyyətini də diqqətlə qiymətləndirir.

Paşinyan hökuməti regionda davamlı sülhün və sabitliyin vacibliyini vurğulayır. Ermənistan rəhbərliyi anlayır ki, Cənubi Qafqazda yaranmış yeni vəziyyət bütün tərəflərdən məsuliyyətli yanaşma tələb edir. Münaqişə ritorikası və revanşist çağırışlar isə regionun gələcəyinə xidmət etmir.

Azərbaycanın güclənən siyasi və iqtisadi mövqeyi, həmçinin beynəlxalq münasibətlər sistemində artan nüfuzu regionun siyasi mənzərəsini dəyişib. Bu reallığı nəzərə almayan qüvvələrin uğur qazanması getdikcə çətinləşir. Ermənistan daxilində də bu həqiqəti qəbul edənlərin sayı artır.

Bu gün Ermənistan cəmiyyətinin qarşısında duran əsas məsələ keçmişə qayıtmaq deyil, gələcəyə yönəlmiş siyasət seçməkdir. Ölkənin inkişafı qarşıdurmalardan deyil, sabitlikdən, regional əməkdaşlıqdan və milli maraqların praqmatik şəkildə qorunmasından keçir. Məhz buna görə də seçicilərdən dəstək almaq istəyən siyasi qüvvələr emosional şüarlardan daha çox real proqramlar təqdim etməyə məcburdurlar.

Siyasi proseslərin son nəticəsini seçicilərin iradəsi müəyyənləşdirəcək. Lakin artıq aydın görünür ki, Ermənistan cəmiyyətində dəyişikliklərə, yeni yanaşmalara və regionun reallıqlarını nəzərə alan siyasətə maraq əvvəlki dövrlərlə müqayisədə xeyli artıb.

Vaxtilə Azərbaycan torpaqlarında baş vermiş faciələr, dinc əhaliyə qarşı törədilmiş zorakılıqlar və insanlıq əleyhinə əməllər xalqımızın yaddaşında dərin iz buraxıb. Həmin hadisələrin təşkilatçıları və icraçıları ilə bağlı tarixi həqiqətlər unudulmayıb və unudulmayacaq. Tarix göstərir ki, törədilmiş cinayətlərə hüquqi və siyasi qiymət verilməsi geciksə də, ədalət prinsipi öz qüvvəsini itirmir.

Bu baxımdan, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin araşdırılması və günahkar şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb olunması məsələsi daim gündəmdə qalır. Heç kim qanundan üstün deyil və hər bir şəxs öz əməllərinə görə cavab verməli olduğunu dərk etməlidir. Tarixi hadisələrdən düzgün nəticə çıxarmaq, regionda davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət etmək bu gün bütün siyasi qüvvələrin üzərinə düşən əsas vəzifələrdən biridir.

Rüfət Rüstəmov
BDU-nun Türk filologiyası kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor,
yazıçı-publisist

 

Dünya