Dünya Bankı (DB) Rusiyadan yan keçməklə Avropa və Asiyanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - "Orta Dəhliz" çərçivəsində dəmir və avtomobil yollarının modernləşdirilməsi üçün Gürcüstana 372 milyon dollar məbləğində kredit ayırıb.
Bankın Direktorlar Şurasının bu qərarı Gürcüstanın daha böyük maliyyələşməyə çıxışını təmin edir: "TC-GATE" (Transxəzər Nəqliyyat Dəhlizi – Gürcüstanda nəqliyyat sisteminin təkmilləşdirilməsi və əlçatanlığın artırılması) layihəsinin ümumi dəyəri 750 milyon dollardan çoxdur. Dünya Bankının kreditindən əlavə, Tbilisi Asiya İnfrastruktur İnvestisiyaları Bankından (AİİB) 182 milyon dollar, Asiya İnkişaf Bankından (AİB) isə 175 milyon dollar cəlb etməyi planlaşdırır.
"Bu investisiyalar Gürcüstana Avropa ilə Asiya arasında mühüm tranzit qovşağı kimi öz potensialını tam reallaşdırmağa kömək edəcək. Eyni zamanda, qlobal ticarət axınlarının dəyişməsi və tədarük zəncirlərinin şaxələndirilməsi zərurətindən doğan Transxəzər Nəqliyyat Dəhlizinə artan tələbatı qarşılayacaq", — deyə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib.
"Orta Dəhliz" - Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyədən keçən multimodal marşrutdur. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və Moskvanın beynəlxalq təcridindən sonra bu yola maraq kəskin şəkildə artıb. Avropa Rusiya ərazisindən yan keçən etibarlı loqistika zəncirləri axtarışındadır və Gürcüstan özünü bu yeni loqistik reallığın mərkəzində tapıb.
Gürcüstanın Maliyyə naziri Laşa Xutsişvili bu layihəni "artan beynəlxalq ticarət axınlarına və tədarük zəncirlərinin şaxələndirilməsinə dəstək" kimi qiymətləndirib.
S.ELAY
XQ

