Mədəni sahədə həmkarlığın şanlı tarixi

post-img

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı – 120

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yaradılmasının 120 illik yubileyi Milli Məclis deputatlarının, ölkənin tanınmış mədəniyyət adamlarının, həmkarlar hərəkatı fəalları və könüllülərinin, media təmsilçilərinin iştirakı ilə təntənəli surətdə qeyd edildi.

“Həmkarlarla 120 il” adlı mərasimdə məruzə ilə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov həmkarlar ittifaqlarının tarixi, keçdiyi inkişaf yolu və ölkəmizin ictimai həyatındakı önəmli rolundan geniş söz açdı. Natiq xatırlatdı ki, 1905-ci ildə “Çapçılar ittifaqı” adı ilə yaradılmış təşkilat ötən 120 ildə 4 müxtəlif siyasi quruluşda fəaliyyət göstərərək yaradıcı insanların əmək hüquqlarının müdafiəsində, güzəranının yüksəldilməsində zəngin təcrübə toplayıb, ölkənin nüfuzlu həmkarlar ittifaqlarından birinə çevrilib.

Konfederasiya sədri müstəqil dövlətimizin mədəniyyət, elm, təhsil və idman sahələrinə göstərdiyi diqqət və qayğının bu sahələrin problemlərinin aradan qaldırılmasına, hərtərəfli tərəqqisinə xidmət etdiyini vurğuladı. O qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə formalaşdırdığı bu siyasət son 23 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Bildirildi ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəniyyət sahəsində həyata keçirilən çoxsaylı layihələr xalqımızın milli-mənəvi dəyərlərinin qorunub inkişaf etdirilməsi, dünyada tanıdılması ilə bağlı bütöv bir mərhələ təşkil edir. Ötən illərdə 23 tarixi-mədəni abidəmizin UNESCO-nun bəşəri irs siyahısına salınması ilə ölkəmiz bu sahədə Dünya 5-cisi səviyyəsinə yüksəlib.

Qeyd edildi ki, AHİK-in, eləcə də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, istirahətinin təşkili və rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələrin çevrəsi ildən-ilə genişlənir, səmərəsi yüksəlir. Son dövrdə Konfederasiyada aparılan islahatların əhatə dairəsində mədəniyyət sahəsi də öncül yer tutur.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov rəhbərliyində təmsil olunduğu sahədə qazanılan uğurlarda 64 şəhər və rayonda 402 komitəni və 314 təşkilatçını birləşdirən, 53 min nəfərdən çox üzvü olan sahə həmkarlar ittifaqının fəal iştirakını yüksək qiymətləndirdi. Nazir müavini bildirdi ki, mədəniyyət, idman və media sahəsində çalışan vətəndaşların əmək hüquqlarının qorunmasında, onların istirahətinin və məişət şəraitinin yaxşılaşdırılmasında təşkilat nizamnamə vəzifələrini ardıcıl yerinə yetirir, nazirliklə birgə fəaliyyət göstərərək nailiyyətləri artırmağa önəmli töhfələr verir.

Milli Məclisin sədr müavini Rafael Hüseynov, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Xalq yazıçısı Çingiz Abdullayev yubiliyar qurumun rəhbərliyini və üzvlərini səmimi təbrik etdilər, ölkəmizin mədəni inkişafında sahə kollektivlərinin sanballı xidmətindən söz açdılar, onlara yeni uğurlar arzuladılar.

Qazaxıstan və Özbəkistanın sahə həmkar ittifaqlarının rəhbərləri Svetlana İmankulova və Odinaxon Əhmədova da azərbaycanlı həmkarlarının yubileyini təbrik etdilər, birgə layihələrin ümumtürk mədəniyyətinin tərəqqisinə yeni töhfələr verəcəyini söylədilər.

Sonra AHİK və MİHİ-nin son illərdə həyata keçirdiyi layihələr və əldə edilən yeniliklər barədə videotəqdimatlar nümayiş etdirildi.

İncəsənət ustaları sıralarında birləşdikləri sahə həmkarlar ittifaqının yubiley mərasiminə bayram təntənəsi, xoş ovqat gətirdilər.

Məclisin davamında əmək münasibətlərində sosial dialoqun inkişafına həsr olunmuş “İşçi ilə əməkdaşlıq” və “İşəgötürənlə əməkdaşlıq” mövzularında 2 panel müzakirəsi keçirildi. Dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqları təmsilçiləri və özəl sektor rəhbərləri əmək bazarının aktual məsələlərinə, sosial tərəfdaşlıq imkanlarına və işçilərin rifahının yüksəldilməsi ilə bağlı vəzifələrə aydınlıq gətirdilər.

Tahir AYDINOĞLU
XQ





Mədəniyyət