Qlobal fəlakəti “yaşıl”  ideyalar dəf edəcək

post-img

Bu ilin noyabr ayında Azərbaycanda dünyanın ən irimiqyaslı tədbirlərindən biri – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. Bununla da  respublikamız  həm COP29-a evsahibliyi etməsi, həm də enerji siyasətindəki uğurları və proseslərə diplomatik yanaşması ilə bir daha böhrandan həllə gedən yolda mühüm rol oynayan dövlət adını alması faktını təsdiqləyəcək.

Ölkəmizin COP29-a evsahibliyi etməsi respublikamızın beynəlxalq nüfuzu baxımından da mühüm önəm daşıyır, Azərbaycan baş verən iqlim dəyişikliyi proseslərinə müşahidəçi yox, iştirakçı kimi qoşulmasını dünyaya bir daha nümayiş etdirir. Şübhəsiz ki, bununla bağlı  məsuliyyətli məsələləri də ölkəmiz uğurla həll etməyə qadirdir.

Azərbaycanın enerji siyasətindəki uğurları, bərpaolunan enerji resurslarına sərmayə qoymaq istəyi və iqlim dəyişikliyi ilə mübarizə əzmi respublikamızın davamlı gələcək üçün atdığı addımların təzahürüdür. Beynəlxalq aləm respublikamızın bu platformada liderliyi  gerçəkləşdirməsi ilə dünyada iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin yaradılmasına töhfə verəcəyinə də əmindir.  

Bütün yuxarıda qeyd edilənləri ümumiləşdirib əminliklə deyə bilərik ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl enerji”yə keçidinin sürətlənməsinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcək. 

Azərbaycanın “yaşıl inkişaf”ına nail olmaq məqsədilə qısa müddətdə enerji sahəsində yeni qanunvericilik bazası yaradılıb, elektrik enerjisində bərpaolunan enerjinin payının artırılması və neft-qaz əməliyyatlarının, o cümlədən Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyasının istismara veriləcəyi nəzərdə tutulub. Həmçinin Xəzər dənizinin 157 qiqavat külək enerjisi potensialı əsasında “yaşıl elektrik enerjisi” və “yaşıl qaz”ların ixracı məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “yaşıl enerji dəhlizi”nin icrasına başlanılıb. ABŞ ilə bu enerji dəhlizi üzrə əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Bundan başqa, SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) qoşulub, bununla da məşəldə yandırmaları sıfıra endirmək, sıfır metana çatmaq kimi hədəflərin reallaşdırılmasını diqqət mərkəzində saxlayıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Yaşıl Enerji Zonasının yaradılması istiqamətində görülən işlər də diqqət çəkir. Xatırladaq ki,  işğaldan azad olunan ərazilər Yaşıl Enerji Zonası elan edilib. Beynəlxalq məsləhətçi şirkətin cəlb olunması ilə həmin ərazilər üçün Yaşıl Enerji Zonası konsepsiyası hazırlanıb. Bununla bağlı Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə Tədbirlər Planı təsdiqlənib və həmin plan tam şəkildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na daxil edilib. 

Qarabağ və Şərqi Zəngəzurda ictimai binaların günəş panelləri ilə təchiz olunması, yolların və küçələrin işıqlandırılmasında bərpaolunan enerji əsaslı avadanlıqlardan istifadə edilməsi diqqətdə saxlanılıb. Qazlaşılmayan binalarda isə təbii ki, artıq istilik enerjisinin alınması üçün müəyyən qurğuların quraşdırılması və isti suyun əldə olunması üçün müəyyən yanaşmaların tətbiqinə də başlanılıb.  

Yaşıl Enerji  Zonasının yaradılması ilə bağlı 2022–2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmayıb, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti də əhatə edib. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri quraşdırılıb , 2300-ə yaxın LED lampasından istifadə olunub və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri basdırılıb, “ağıllı” dayancaqlar, elektrik doldurma məntəqələri istifadəyə verilib.  

Əlbəttə, sadalanan layihələr davamlı xarakter daşıyır  və bütün səylər də bu innovativ təcrübənin geniş tətbiqinə, Qarabağ və Şərqi Zəngəzurun  enerji səmərəliliyində nümunəvi bölgəyə çevirilnəsinə yönəldilir.  Şübhəsiz ki, əsas məqsəd də dövlət başçısının vurğuladığı kimi, düşməndən azad edilən ərazilərimizin dünyanın qibtə edəcəyi şəkildə qurulmasıdır.  

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında xalis sıfır emissiyalı Yaşıl Enerji  Zonası   konsepsiyası mühüm əhəmiyyətə malikdir. Azərbaycanın gücünü ifadə edən bu nəhəng quruculuq prosesində adları çəkilən iqtisadi rayonların enerji ilə təminatı məqsədilə qısa müddətdə 2000  kilometrdən artıq müxtəlif gərginlikli elektrik verilişi xətti çəkilib,  Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları inşa olunub, 20 yarımstansiya, ümumi gücü 75 MVt olan 13 stansiya bərpa edilərək istifadəyə verilib. Xankəndi şəhərinin Azərbaycanın enerji sisteminə qoşulması, düşməndən təmizlənən ərazilərimizin Şuşa yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təminatı reallaşdırılıb.

Energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib ki, COP29-a evsahibliyinin Azərbaycana verilməsi bizim “yaşıl enerji” sahəsində atdığımız addımlara verilən mükafatdır. Eyni zamanda, respublikamızın fəaliyyətini bütün dünyaya göstərmək üçün bu, bir fürsətdir.

Elnur Soltanov diqqətə çatdırıb ki, bərpaolunan enerji potensialı baxımından çox zəngin olan Azərbaycan neft və qaz sahələrində region və dünya üçün təhlükəsizlik, habelə iqtisadi mənada dəyər mənbəyinə çevrilib. Neft və qaz dəhlizlərini yaradan və bununla bütün dünyaya uğur nümayiş etdirən Azərbaycan “yaşıl enerji”nin reallaşmasında da dünyada lider mövqedə olan ölkələrin sırasında yer alıb.

“Yaşıl enerji”nin reallaşdırılması istiqamətində görülən işlər  davamlı xarakter daşıyır  və bütün səylər də bu innovativ təcrübənin geniş tətbiqinə, Qarabağ və Şərqi Zəngəzurun  enerji səmərəliliyində nümunəvi bölgəyə çevrilməsinə yönəldilir.  Şübhəsiz ki, əsas məqsəd də dövlət başçısının vurğuladığı kimi, Qarabağ və Zəngəzurun dünyanın qibtə edəcəyi şəkildə qurulmasıdır.  

Burada bir məqamı da xatırlatmaq istərdik. Mütəxəssislərin fikrincə,  ənənəvi elektrik enerjisi istehsalından “yaşıl enerji”yə  sürətli keçid müəyyən zaman tələb edir. Bu məsələdə investisiya qoyuluşu da zəruri amillərdən biridir. Amma bərpaolunan enerjiyə keçid heç də neft, qaz və kömür kimi enerji mənbələrinin istifadəsinə son qoymaq anlamına gəlmir. Dövlətimizin başçısı çıxışlarının birində bu məqama toxunaraq bildirib: “Ənənəvi yanacaq növləri – neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq. Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir”. 

Beləliklə, dövlət başçımızın vurğuladığı kimi, ölkəmizdə istər neft-qaz hasilatının sabitləşməsi, istərsə də bu sahənin ixrac imkanlarının genişləndirilməsi ilə bağlı davamlı tədbirlər həyata keçirilməklə bərabər, “yaşıl enerji” mənbələrinin sürətlə işə salınması da zamanın prioritet istiqaməti kimi diqqətdə saxlanılır və bu yöndə davamlı layihələr gerçəkləşdirilir. Qısa dövr ərzində “təmiz ətraf mühitə və yaşıl artıma malik ölkə” təşəbbüsünün gerçəkləşməsi istiqamətində görülən genişmiqyaslı işlər də bunun parlaq ifadəsidir. 

V.BAYRAMOV 
XQ

 

Ekologiya