Müsahibimiz 54 saylı Mingəçevir dairə seçki komissiyasının sədri Oqtay Məmmədovdur
Bu gündən növbədənkənar parlament seçkilərinin daha bir mərhələsi – seçkiqabağı təşviqat kampaniyası başlanıb. Seçki Məcəlləsinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına qeyd etdiyimiz kimi, bu gündən – avqustun 9-dan başlanıb, proses 31 avqust saat 08:00-a kimi davam edəcək. Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər. Beləliklə, seçkilərin bir mərhələsi başa çatır, növbəti mərhələ başlayır.
Bəs ölkə miqyaslı prosesə respublikamızın “Nur şəhəri” adlandırılan Mingəçevirdə hazırlıq necə gedir? Seçkilərin qanunvericiliyin tələblərinə uyğun, azad, ədalətli və şəffaf keçirilməsi üçün nə kimi işlər görülür? Bu və digər suallarla 54 saylı Mingəçevir dairə seçki komissiyasının sədri Oqtay Məmmədova müraciət etdik.
– Oqtay müəllim, sədri olduğunuz 54 saylı Mingəçevir dairə seçki komissiyasında seçkilərə hazırlıq işlərinin gedişi ilə bağlı nələri qeyd edə bilərsiniz?
– Digər seçki dairələrində olduğu kimi, 54 saylı Mingəçevir seçki dairəsində də seçkilərə hazırlıq prosesi Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına uyğun olaraq aparılır. Bütün seçki məntəqələrimiz seçkilərə tam hazır vəziyyətdədir. Məntəqələr texniki cəhətdən zəruri olan bütün vasitələrlə təchiz olunub. Təbii ki, komissiyalar da tam şəkildə formalaşıb.
Avqustun 9-dan etibarən təbliğat-təşviqat kampaniyası başlayır. Seçki prosesinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün namizədlərə bərabər şərait yaradılıb. Namizədlərin seçicilərlə görüşmələri üçün dairə seçki komissiyasının təklifinə əsasən şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə müvafiq yerlər ayrılıb. Bütün məntəqələr MSK tərəfindən Seçki Məcəlləsi və digər maarifləndirici materiallarla, o cümlədən Milli Məclisə seçkilərlə bağlı zəruri təlimatlarla təchiz olunub.
Avqustun 12-dən etibarən məntəqə seçki komissiyalarının üzvləri üçün seçki günü görüləcək işlərlə, eləcə də seçki protokollarının tərtib edilməsi ilə bağlı treninqlərimiz başlayacaq. Treninqlər üç gün davam edəcək. Bundan əlavə, DSK üzvləri məntəqə seçki komissiyalarının üzvləri ilə mütəmadi görüşür, onları maraqlandıran suallar cavablandırılır. Çalışırıq ki, məntəqələr tərəfindən hər bir seçicini maraqlandıran suallar vaxtında cavablandırılsın və seçki prosesini yüksək səviyyədə, şəffaf şəkildə keçirək.
– Təqdim edilən imza vərəqələrində və digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması prosesi başa çatıbmı?
– Bəli, başa çatıb. Dairə seçki komissiyasında bununla bağlı 5 nəfərdən ibarət işçi qrupu fəaliyyət göstərir. Həmin qrup imza vərəqələrinin hamısını yoxlayıb və DSK-nın müzakirəsinə çıxarıb.
– Seçki dairəsi üzrə statistik məlumatlar nədən ibarətdir?
– Dairə seçki komissiyasının hüdudları daxilində 40 seçki məntəqəsi var. Bugünkü məlumata görə, seçicilərin sayı 50 min 211 nəfərdir.
– Seçicilər hansısa məsələlərlə bağlı sizə müraciət edirlərmi?
– Bütün məntəqələrin qarşısında lövhələr var. Biz həmin lövhələrdə seçici siyahılarını asmışıq. Vətəndaşlar hər bir məntəqənin ərazisində gedib sərbəst şəkildə öz adını orada axtarıb tapa bilər. Əgər yoxdursa, müraciət edə bilər. Bugünədək bununla bağlı müraciət daxil olmayıb. Bundan əlavə, MSK tərəfindən çap edilmiş vətəndaşları adlarını seçici siyahısında yoxlamağa çağıran plakatlar şəhərdə yayılıb. Seçkilərdə iştiraka çağırış edən materiallar var. Şəhərdə 8 ünvanda – insanların görə biləcəyi, qanunla icazə verilən yerlərdə bu cür plakatlar vurulub.
– Əslində, bu gündən seçkilərin təbliğat-təşviqat mərhələsi kimi, namizədlər üçün gərgin və məsuliyyətli dövr başlanır...
– Artıq bir neçə namizəd Seçki Məcəlləsinin tələblərinə əsasən hazırlanmış və məntəqə seçki komissiyalarının ərazisindəki göy rəngli lövhələrdə yerləşdirmək üçün nəzərdə tutulmuş təşviqat materialının bir nüsxəsini bizə verib. Sabahdan (yəni, bu gündən–S.H.) etibarən isə təşviqat materiallarını lövhələrdə yerləşdirəcəklər. Təşviqat lövhələrində hamı üçün bərabər şərait yaradılıb. Hər bir namizəd özünün təşviqat materialını o lövhələrdə yerləşdirə bilər. Bütün məntəqələrin qarşısında insanların görə biləcəyi yerdə həmin lövhələr yerləşdirilib.
Bu mərhələni seçki prosesinin ikinci mərhələsi də adlandırmaq olar. İndiki mərhələdə namizədlər seçicilərlə təbliğat-təşviqat işi aparacaqlar. Onların görüşlər keçirmələri üçün şəhər ərazisində qapalı və açıq olmaqla bərabər yerlər ayrılıb. Bu görüşlər də bizim tərəfimizdən tənzimlənəcək. Hamısına demişik ki, siz görüşlərinizin planını bizə təqdim edin. Yəni, ayın neçəsində, saat neçədə, hansı ərazidə seçicilərlə görüşmək istəyirsiniz. Çünki eyni vaxtda başqa namizəd də orada görüş keçirməyi nəzərdə tuta bilər. Biz həm orada asayişin təmin olunması məsələsini təşkil edək, həm də iki namizədin görüşü üst-üstə düşməsin. Yəni, bu məsələni də tənzimləmək üçün bizdə operativ iş görülür.
– “Nur şəhəri”ndə seçki ab-havası hiss olunurmu?
– Hiss olunur. İnsanlar seçkilərdə fəal iştirak etmək istəyirlər. Təkcə bir siyasi partiya deyil, bir neçə siyasi partiyanın nümayəndələri seçkidə iştirak edirlər. Bitərəflər, öz təşəbbüsü ilə namizədliyini irəli sürənlər də var...
– Bütövlükdə, seçkilərin azad və ədalətli keçirilməsi üçün indi hansı işlər görülür?
– Mingəçevirdə seçkilər azad, ədalətli və şəffaf keçiriləcək. 40 məntəqədən 12-sində müşahidə üçün veb-kameralar quraşdırılıb. Veb-kameralar səsvermə prosesi başlayan andan ta başa çatanadək fəaliyyətini davam etdirir. Seçki prosesi veb-kameralar vasitəsilə bütün dünya tərəfindən birbaşa izlənilir. İndiyədək DSK tərəfindən 239 müşahidəçi qeydə alınıb. Onlardan 159-u öz təşəbbüsü ilə müşahidə aparmaq istəyənlərdir. 80 nəfər isə Yeni Azərbaycan Partiyasının müşahidəçisidir. Müşahidəçilərlə bağlı səsləndirdiyim bu rəqəmlər son deyil. Qeydə alınan namizədlərin sayı artdıqca, müşahidəçilərin də sayı artır. Hər qeydə alınan namizəd özünün müşahidəçilərinin siyahısını bizə təqdim edir. Bu say avqusutun 9-dan artacaq. Güman edirik ki, müşahidəçilərin sayı 400-500 nəfər olacaq.
Məşvərətçi səs hüquqlu komissiya üzvlərinin sayı isə 41-dir.
– Dairə ərazisində qeydiyyatda olan ən yaşlı və parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərlə bağlı statistik məlumatları bilmək istərdik...
– Ən yaşlı seçicimiz Muradova Tamara Abduləziz qızıdır ki, onun 100 yaşı tamam olub. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra 18 yaşı tamam olmuş seçicilərin sayı isə 422 nəfərdir.
Komissiya üzvləri yaşı 100-ü ötmüş seçicinin evinə daşınan seçki qutusu aparacaqlar.
– Bəs əlilliyi olan şəxslərin səsverməsi necə keçəcək?
– Şəhərdə əlil arabası vasitəsilə hərəkət edən seçicilər var. Aydndır ki, əlil arabası ilə hərəkət edən seçicilər pilləkəni qalxa bilmirlər. Onlar üçün qeydiyyatda olduqları məntəqələrdə panduslar quraşdırılıb. Panduslar quraşdırılan məntəqələrin sayı 11-dir. Dairə seçki komissiyasının üzvləri ünvanları gəzirlər. Əgər elə hal olarsa, yəni əlil arabası ilə hərəkət edən seçici varsa, onun qeydiyyatda olduğu məntəqənin girişində də panduslar quraşdırılacaq.
Biz onların ünvanlarını öyrənir, məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalından da götürürük. Bu barədə Mərkəzi Seçki Komissiyasına da məlumat veririk.
Səxavət HƏMİD
XQ