Milli Dram Teatrı yeni mövsümə necə hazırlaşır?

post-img

Yaradıcılıq axtarışları ilə daim yeniləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yay tətili davam etsə də, növbəti mövsümə hazırlıq işləri də görülür. Sənət ocağının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov XQ-yə bu barədə açıqlamasında bildirdi: 

–  Akademik Milli Dram Teatrı qarşıdakı mövsümə repertuarı yeniləşdirməklə hazırlaşır. Bu mövsüm həm bizim, həm də sənət aləmi üçün maraqlı və yaddaqalan olacaq. İndidən bir neçə yeni tamaşanın hazırlıq prosesinə başlamışıq. Bu səhnə əsərləri tərtibat və quruluş baxımından fərqliliklə zəngindir. Ən başlıcası, teatrın səhnəsində tamaşaçı izləyəcəyi hər bir səhnə əsərindən zövq ala biləcək. 

– Yeni tamaşalar barədə indidən nəsə deyə bilərsinizmi? 

– Yeni tamaşalarımız arasında həm dünya, həm də Azərbaycan dramaturgiyasına aid əsərlər var. Nəzərdə tuturuq ki, ilin sonunadək hazırladığımız 4 yeni səhnə əsərini ictimaiyyətə təqdim edək. Birinci tamaşa artıq yaradıcılıq işlərinə başladığımız Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanan “Ledi Maqbet” tamaşasıdır. Yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır. Bundan başqa, yeni tamaşalardan biri “Müharibə” olacaq ki, bu tamaşa  Mehriban Ələkbərzadə və Nihad Qulamzadənin eyniadlı əsəri əsasında hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, quruluşçu rəssamı Eldar Nağıyev, bəstəkarı Nigar Süleymanova, rejissor assistenti Könül Kərimovadır. 

Teatr uzun illərdən sonra yenidən Cəfər Cabbarlının “Aydın” əsərinə müraciət edib. Ərşad Ələkbərovun quruluşunda göstəriləcək tamaşanın rəssamı Şəki Dövlət Dram Teatrının baş rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Azər Hacıəsgərli, rejissor assistenti Vüqar Məmmədovdur. Ən nəhayət, Milli Teatrın növbəti yaradıcılıq işi məşhur fransız yazıçı-dramaturqu Rober Tomanın “Səkkiz qadın” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşadır. Tamaşanın quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, bəstəkarı Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, rəqslərin quruluşçusu Ceyhun Dadaşov, rejissor assistenti Nərmin Həsənovadır. Bundan başqa biz yeni mövsümdə Şekspirin “Kral Lir”, Xalq yazıçıları Elçin Əfəndiyevin "Baş" və Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanları əsasında eyniadlı yeni tamaşaları da tamaşaçılarımıza təqdim edəcəyik. 

– Teatrlararası beynəlxalq əlaqələrin qurulması və qlobal əməkdaşlığın inkişafı üçün perespektiv planlarınız varmı?

– Akademik Milli Dram Teatrı beynəlxalq teatrlararası əlaqələrin yaradılması və qlobal əməkdaşlığın inkişafı istiqamətində bir sıra addımlar atıb. Bizim üçün ən başlıca işlərdən biri də qeyd etdiyiniz məsələdir. Teatrımız bu yöndə atılan addımları özü üçün vacib şərt kimi diqqətdə saxlayır.  Bu günədək bir çox ölkənin aparıcı teatrları ilə memorandum imzalanıb,  sazişlər bağlanılıb. Həmçinin qarşılıqlı qastrollar haqqında danışıqlar aparılıb. Biz beynəlxalq festivallarda iştirak etmişik, məruzələrlə çıxışlarımız olub. 

Ötən mövsümdə Rusiya, Gürcüstan, Qazaxıstana səfərlərimiz oldu. Bir sözlə, beynəlxalq əlaqələrin qurulması və dünyanın böyük teatrları ilə təcrübə mübadilələrinin aparılmasına üstünlük veririk. Gələcəkdə bu işimizi daha da təkmilləşdirmək istəyindəyik.

Bildiyimiz kimi bu günlərdə Akademik Milli Dram Teatrında "İblis və..." tamaşasının daxili baxışı keçirilib. Səhnə əsəri Bədii Şura tərəfindən müzakirə olunaraq qəbul olunub. Tamaşanın premyerası sentyabr ayında Sankt-Peterburqda - Aleksandrinski Teatrında keçiriləcək. Oktyabrın 4-dən 6-dək isə Milli Dram Teatrında tamaşaçılara təqdim olunacaq. 

Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır. Yeni səhnə əsərinin quruluşçu rejissoru Mehriban Ələkbərzadə, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır. İnanırıq ki, tamaşa həm Sank-Peterburqda, həm də ölkəmizdə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacaq. 

Aleksandrinski Teatrı Rusiyanın böyük tarixi və ənənəsi olan teatrıdır. Yaranan əlaqələrin uğurlu nəticəsi olaraq, Aleksandrinski Teatrının Bakıya böyük qastrolu olacaq. Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır. Qoqolun məşhur "Evlənmə" əsəri Rusiyanın böyük rejissoru, Xalq artisti Valeri Fokinin quruluşunda təqdim olunacaq. 

Belarusiya və Serbiya teatrları ilə də yaradıcı əlaqələrimiz yaranıb, təşkilati işlərlə bağlı danışıqlar aparılır. Hər iki ölkənin milli teatrları ilə memorandum imzalanacaq, müxtəlif layihələr həyata keçiriləcək.

– Maraqlı müsahibə üçün çox sağ olun.

Ceyhun ALIŞLI
XQ

 



Müsahibə