Tanınmış qələm sahibi əbədiyyətə qovuşdu

post-img

Amansız ölüm tanınmış dilçi-ədəbiyyatşünas və publisist İlham Əli oğlu Abbasovu sıralarımızdan qoparıb əbədiyyətə qovuşdurdu. Ziyalı ailəsində doğulmuş, milli-mənəvi dəyərlərimizə dərin sevgi ruhunda böyüyüb tərbiyələnmiş soydaşımız 67 illik ömründə ana dilimizin tədqiqi və tədrisi, milli ədəbiyyatımızın təbliği, publisistikamızın yeni mövzularla zənginləşdirilməsi ilə bağlı zəngin və mənalı bir yaradıcılıq yolu keçdi.

İlham Abbasov 1957-ci ildə Goranboy şəhərində anadan olmuş, 1964–1974-cü illərdə 2 nömrəli orta məktəbdə oxumuşdu. Əmək fəaliyyətindən və orduda xidmətdən sonra 1979–1984-cü illərdə Bakı Dövlət Universitetinin filiologiya fakültəsində ali təhsil almışdı. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş laborant kimi elmi-pedaqoji fəaliyyətə başlayan istedadlı filoloq 1989–1999-cu illərdə bu ali məktəbdə laboratoriya müdiri işləmiş, 2002-ci ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim  və baş müəllim kimi fəaliyyət göstərmişdi.

Gənclik illərindən ölkənin müxtəlif qəzet-jurnalları ilə fəal əməkdaşlıq edən İlham Abbasov 1995-ci ildən pedaqoji fəaliyyəti ilə yanaşı, “Xalq qəzeti”ndə də işə qəbul edilmiş, humanitar şöbənin müdiri vəzifəsində çalışmışdı. Ötən illərdə qəzetin elm, təhsil, mədəniyyət, səhiyyə mövzusunda yazılarının yüksək peşəkarlıqla hazırlanmasına rəhbərlik etmiş təcrübəli qələm sahibi özü də silsilə publisistik yazılarla çıxış etmişdi. 

Azərbaycan Mətbuat Şurasının dil üzrə eksperti olan İlham Abbasov ölkə mediasında ana dili normalarına əməl edilməsi ilə bağlı davamlı monitorinqlər aparılmasına rəhbərlik etmiş, dil qanunvericiliyi və ədəbi redaktə sahəsində metodik-tövsiyyə vasitələri hazırlayıb nəşr etdirmişdi. Tələbəlik illərindən ölkənin ədəbi mühiti ilə sıx əlaqədə olan İlham Abbasov Azərbaycan Yazıçılar Birliyinin ədəbi tənqid bölməsinin fəaliyyətində də yaxından iştirak etmiş, yetkin ədəbiyyatşünas, nadir söz xiridarı olaraq tanınmışdı. Onun ədəbi-bədii nəşrlərdəki çıxışları daim böyük maraqla qarşılanırdı.

Tanınmış dilçi-ədəbiyyatşünas və ­yurdsevər publisist İlham Abbasovun çoxsaylı elmi və populyar məqaləsi, “Əbədi vətən”, “Sənət duyğuları”, “Himnimizin müəllifi”, “Nobel mükafatçıları” kimi kitabları ona layiqli nüfuz qazandırmışdı. Ömrünün yetkin, yaradıcılığının məhsuldar, pedaqoji fəaliyyətinin gərəkli bir dövründə İlham Abbasovun qəfil ölümü elm, təhsil və jurnalistikamız üçün ağır itkidir. Dəyərli soydaşımızın, peşəkar həmkarımızın və istəkli dostumuzun işıqlı xatirəsi daim qəlbimizdə yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti

“Xalq qəzeti”nin kollektivi

 

Mədəniyyət