“Zəfərli Azərbaycan” məclisi

post-img

Dünən Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan xalqının tarixi, əzəli torpaqları uğrunda qazandığı şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş musiqili-ədəbi məclis keçirilib.

Mərasimi giriş sözü ilə açan muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov qeyd edib ki, Zəfər bayramı, əslində, Azərbaycanın ləyaqət, yenidən dirçəliş bayramıdır. Bu bayram digər təntənələrdən ucada dayanır. Çünki bu Zəfər olmasaydı, başqa bayramların da mənası və əzizliyi azalardı, müstəqilliyimiz bütöv olmazdı. Bu qələbəni qazanmaqla ləyaqətimiz də, qürurumuz da bütövləşib. Xalqımız özünü daha yaxşı dərk etməyə başlayıb. Sərhədlərimizin dörd tərəfində bu gün Himnimiz daha gur səslənir.

Akademik daha sonra qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng tikinti, quruculuq layihələri dünyanı heyran qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin minillərə sığan dövlətçilik tarixində ən böyük xidməti ondan ibarət oldu ki, Azərbaycan insanının o böyük ləyaqət hissi təzədən ona qaytarıldı. Düşmən tapdağından azad olmuş rayonların hər kəndində, qəsəbəsində Azərbaycanın üçrəngli bayrağı ucaldıldı.

Natiq əlavə edib ki, bu günlərdə Xankəndidə olarkən orada 25 min əhalinin yaşadığını öyrənib. Qısa müddətdə belə nəhəng işlərin görülməsi böyük əməyin nəticəsidir.

Məclisdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-yazıçılar Qəşəm İsabəyli və Rafiq Yusifoğlu da tarixi günlə bağlı ürək sözlərini bölüşüb, şeirlərini söyləyiblər.

“Zəfərli Azərbaycan” musiqili-ədəbi məclisi məktəblilərin vətənpərvərlik mövzusunda şeir qiraətləri, səhnəcik, mahnı və rəqsləri ilə davam edib.

Qabil YUSİFOĞLU
XQ



Sosial həyat