Cəlil Məmmədquluzadənin və Abdulla Şaiqin ev-muzeylərinin birgə təşkilatçılığı ilə xalqımızın Tarixi Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “Tarix yaradan qəhrəmanlar” adlı toplantı keçirilib.
Məclisi Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Yeganə Məmmədova açaraq 8 Noyabr zəfərinin ölkəmizin tarixindəki əhəmiyyətindən danışıb, bu qələbəni xalq-ordu birliyinin təntənəsi kimi dəyərləndirib. Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə isə qeyd edib ki, zəfərimiz təkcə hərbi deyil, həm də mənəvi qələbədir.
Toplantıda çıxış edən Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Turizm və Menecment Universitetinin professorları Firdövsiyyə Əhmədova və Minaxanım Əsədli bundan sonra da uşaq, yeniyetmə və gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyyə olunmasının vacibliyini vurğulayıblar. Qarabağ qazisi Yusif Əhmədov 44 günlük şanlı savaşda döyüş dostlarının qeyri-adi şücaətlərindən söz açıb.
Sonra bərpaçı rəssam Dilarə Ələsgərovanın şəxsi vəsaiti hesabına hazırladığı Birinci və İkinci Qarabağ müharibələrində Vətən uğrunda canlarından keçmiş 10 şəhidin portretlərindən ibarət “Tarix yaradan qəhrəmanlar” memorial lövhəsi təqdim olunub.
Bədii hissədə istedadlı gənc xanəndə Yusif Cəfərbəyli müharibənin musiqi dastanına çevrilmiş “Xudayarın mahnısı”nı ifa edib. “Vətən” Yaradıcılıq Dərnəyinin rəhbəri Arzu Nuraliyeva şəhidlər haqqında nəşr etdirdiyi kitabı yazarkən keçirdiyi ülvi hisslərdən danışıb. Dərnəyin kiçik yaşlı üzvləri Uğur, Gülay, Nur və Kamil vətənpərvərlik kompozisiyası ilə çıxış ediblər.
M.HACIXANLI
XQ

