Nar – Günəş ziyası, su saflığı

post-img

Payızın son nəfəsində bazarların, bağların, həyətlərin rənginə rəng qatan bir möcüzə var – nar. O, elə bil torpağın sinəsindən süzülüb gələn bir qan damlasıdır. Günəşin alovunu, torpağın bərəkətini, suyun şəffaflığını özündə cəmləyən bu meyvə Azərbaycan torpağının simvoluna çevrilib. Xalq arasında “cənnət meyvəsi” adlandırılan, bir çoxlarının sevdiyi və faydalarını saymaqla bitməyən bu nemət hər bir təbii məhsul kimi, həmişə və hər kəs üçün eyni dərəcədə faydalı deyil. Onun tərkibindəki turşular, şəkərlər və aktiv maddələr bəzi hallarda sağlamlığa mənfi təsir göstərə bilər. Məhz bu baxımdan araşdırma aparıb, mütəxəssis məsləhətlərini toplayaraq oxucularımıza təqdim edirik.

Həkimlər deyirlər ki, nar qanın tərkibini təmizləyir, orqanizmdə dəmirin mənimsənilməsini artırır. Zəif qan dövranı, yorğunluq, halsızlıq yaşayan insanlara nar şirəsi təbii dərman kimidir. Onun antioksidant təsiri bədəni gənc saxlayır, dərini təravətləndirir, ürək-damar sistemini möhkəmləndirir. Eyni zamanda, immuniteti gücləndirir, soyuqdəyməyə qarşı bədəni müdafiə edir. Bəzi alimlər nar dənələrini “təbii antibiotik” adlandırır. Nar dənələri B, C vitaminləri, kalium, maqnezium, manqan, yod, dəmir və digər elementlər, həzmə kömək edən faydalı turşularla zəngindir. Qədim təbabətdə narın qabığı da dəyərli sayılıb – ondan həm dərman, həm boya, həm də gözəllik vasitəsi kimi istifadə olunub.

Ancaq hər nemətin olduğu kimi, narın da həddi var. Çox miqdarda nar şirəsi qəbul etmək mədə turşuluğunu artıra, diş minasını zədələyə bilər. Şəkər xəstələri üçün də ehtiyatlı istifadə tövsiyə olunur, çünki meyvənin tərkibində təbii şəkərlər mövcuddur. Yəni təbiətin verdiyi nemətdən zövq almağın sirri – ölçüdədir. Bəs min bir dərdin dərmanı olan nar kimlər üçün elə dərdin özünə çevrilə bilər?

Həkimlər xüsusilə kimyaterapiya xəstələrinə xəbərdarlıq edərək bildirirlər ki, narın tərkibində çoxlu zəngin vitamin və minerallar var. Bu minerallar xərçəng dərmanlarına qarşı əks–təsir göstərə bilir. Bu səbəbdən xərçəng xəstələrinə dərman qəbul edərkən nar yemələri tövsiyə edilmir. Nar çox faydalı meyvə olsa da, həkimlər hamilə qadınların gün ərzində çox nar yeməyini məsləhət görmür. Gündə 1 ədəd nar yeməyin isə heç bir ziyanı yoxdur. Narın həzm sistemində sürətləndirici təsiri olduğu üçün bağırsaq əməliyyatı keçirənlərə nar istifadəsi tövsiyə edilmir. Tez həzm olunsa da, bəzi insanlarda qaz və şişkinliyə səbəb ola bilər. Bu cür problemi olan insanlar diqqətli olmalıdır. Hər gün çox nar və ya nar şirəsi qəbul edən insanların qəbizlik riski daha yüksəkdir. Bu səbəblə çox nar istehlak etmək məsləhət görülmür.

Qan təzyiqi aşağı və allergiyası olan insanlar da diqqətli olmalıdır. Nardan çox istifadə etmək qan təzyiqinin ciddi şəkildə aşağı düşməsinə səbəb ola bilər. Qırmızı rəngli meyvələrə qarşı allergiyası olanlar nar yeməzdən əvvəl test etdirmələri məsləhət görülür. Belə ki, nardan çox istifadə etdikdə allergik reaksiyalar qaçılmaz olur. Bu allergiyanın çox rastlanan simptomları qaşınma, şişlik, boğazda qıcıqlanma, mədə ağrısıdır. Daha ağır vəziyyətlərdə isə nəfəs darlığı, boğazın şişməsi və hətta anafilaktik şok baş verə bilər.

Bəzi insanlar narı duzlayıb yeməyi də xoşlayır. Düzgün miqdarda və balansla istifadə edildikdə narı duzlayıb yemək ləzzətli bir alternativ ola bilər, amma sağlamlıqla bağlı hər hansı probleminiz varsa, bu vərdişi ehtiyatla tətbiq etmək daha yaxşıdır. Böyrək və ürək problemləri olanlar duz qəbulunu məhdudlaşdırmalıdır. Bu səbəbdən narı duzlayıb yemək onlar üçün məsləhət deyil.

Həkimlərin narın qabığından istifadə edənlərə də tövsiyələri var. Bu meyvənin qabığının bir sıra faydalı xüsusiyyətlərinin olduğu bildirilsə də, o, özündə az miqdarda zəhərli maddələr ehtiva edir. Nar qabığından "faydalıdır" deyib necə gəldi istifadə edənlər, ilk növbədə, həkimlə məsləhətləşməli olduğunuzu unutmayın.

Nurəngiz ADİLQIZI
XQ

Sosial həyat