Milli kinomuz: ənənələr, çağırışlar, hədəflər

post-img

Tanınmış Azərbaycan rejissoru, ssenari müəllifi, prodüser Əli İsa Cabbarov 30-a qədər müxtəlif səpkili filmin müəllifidir. 15 ildən bəri çalışdığı Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının, “Fokus” analitik kino jurnalının naşirlərindən biri kimi də kinomuzun qayğıları ilə yaşayır. Əli İsa Cabbarovla milli ekran sənətinin bugünü və sabahı barədə müsahibəni təqdim edirik:

– Əli İsa müəllim, ötən həftə Kino Gününü qeyd etdik. 126 yaşlı Azərbaycan milli kinosu bugünün zirvəsindən necə görünür?

– Bu bayram ulu öndər Heydər ­Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə təsis edilib. Ümummilli liderin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı ənənəsi hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.  

Cənab İlham Əliyev 2022-ci il aprelin 20-də kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Azərbaycan kino sənəti ötən 126 ildə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. “Azərbaycanfilm”də indiyədək 2 mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb. 

Dərin minnətdarlıq duyğusu ilə vurğulayım ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev “Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında” sərəncam imzalayıb. Bu sənədə əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə 5 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə isə 2 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək. Hər il olduğu kimi, bu il də Azərbaycan Kinosu Günü ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı təşkil olunub. Bir sözlə, bugünün zirvəsindən milli kinomuza baxanda nikbin hisslər yaranır.

– Bəs, Azərbaycan Kinematoqrafçılar İttifaqı bayramı nə ilə əlamətdar etdi?

– Biz də müxtəlif nominasiyalar üzrə 4 pullu mükafat verdik. Bundan başqa,  “Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin nəticələrini elan etdik. Bilirsiniz ki, ssenari kinonun əsasıdır və bu, haradasa zəif damarımız sayılır. Əminik ki, ssenari işi tam düzələndə, əsl ssenari təfəkkürü formalaşanda kinomuzda da böyük uğurlar olacaq. Budəfəki müsabiqəni arxa cəbhəyə ona görə həsr etdik ki, biz 44   günlük müharibəni şvartseneggerlərlə, rembolarla dünyaya təqdim edə bilməyəcəyik. Odur ki, bu müharibəni insan hekayələri ilə təqdim etməliyik. “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Mən ki, gözəl deyildim” kimi.

– Ümumi səviyyə necədir? Sizi qane edirmi?

– Təbii ki, ssenari işimizin ümumi səviyyəsi müsabiqəyə təklif olunan işlərdə də özünü göstərir. Bizdə ssenari sahəsində ən böyük axsama personajın xarakterə çevrilməsindədir. Amma biz onların içərisindən seçmişik və sevindirici haldır ki, bəzi müəlliflər var, onlar tez-tez müsabiqələrdə iştirak edir və hər dəfə onların təkmilləşməsinə şahid oluruq. Amma ümumi səviyyə elə oldu ki, biz 1-ci və 2-ci yerlərə mükafat vermədik, əvəzində dörd 3-cü yer qalibini mükafatlandırdıq.

– Struktur birləşməsindən sonra ittifaqda nə dəyişib?  

– Bildiyiniz kimi, birləşmə mart ayında oldu, amma buna qədər ötən ilin oktyabr ayında ofislər birləşmişdi. Martda hüquqi olaraq birləşmə sənədləri Ədliyyə Nazirliyinə verildi, amma kadr dəyişikliyi ilə bağlı ittifaqın qeydiyyatdan keçməsi yubanır. Əslində, bu, formal bir işdir, çünki komandalar arasında heç bir narazılıq olmayıb və birləşmə tam qarşılıqlı anlaşma şəraitində baş tutub, buna görə də   işlərimizdə xeyli irəliləyişlər var. Layihələrimizə davam edirik, əlavə olaraq, Şəfiqə xanım və onun komandasının timsalında da xeyli dəstək qazanmışıq. Şəfiqə xanım həm də anadır, ana isə həmişə nə iş görür-görsün, buna qayğıkeş analıq instinkti ilə yanaşır. Bizim birləşməmizdə də dialoqa, harmoniyaya meyilli şəxsiyyət kimi özünü göstərdi.  

Bilirsiniz, Azərbaycanda kino səpkili ictimai təşkilatlar onsuz da 5-dən çoxdur. Mən özüm Gənc Film İstehsalçıları Assosiasiyasının (AGFİA) sədriyəm. İndi Kino Agentliyi ilə müqavilə nəticəsində biz kinoinfo, yəni kino xəbərləri saytını icra edirik. Bundan başqa “Fokus” analitik kino jurnalının da naşiri AGFİA-dır. Daha sonra Fehruz Şamıyevin rəhbəri olduğu Gənc Sinemaçılar Mərkəzi uzun müddətdir, müxtəlif layihələr həyata keçirir. Əvvəllər “Start” adlanan, daha sonra “Baku Short film”, sonra isə “ Bakı beynəlxalq film festivalı” adlı böyük bir layihə keçirirlər. Eləcə də, Rəşid Ağamalıyev Animasiya Assosiasiyasını yaradıb. İş burasındadır ki, istər-istəməz hər sahədə öndər bir təşkilat olur. Ümumiyyətlə, bizdə çox pis bir ənənə olub ki, bu da ənənəyə hörmətsizlikdir. Halbuki, ənənəni qoruyub saxlamaq lazım idi. Hər dəfə biz bir layihə irəli sürəndə, bir hədəf qoyanda fundamental olaraq 1963-cü ildən fəaliyyət göstərən təşkilatın layihəsi olması çox vacibdir.   

İdarə heyətində indi 38  üzv var: Anar, Vaqif Mustafayev, Cahangir Mehdiyev, Həmidə Ömərova, daha kimlər, kimlər…  Əsas odur ki, bütün Azərbaycan kinosunun nüfuzlu şəxsləri oradadır və  əksəriyyət anlayır ki, kinemotoqrafçıların hökumətə səsini çatdırmaq üçün ən yaxşı vasitə AKİ və onun sədri Rasim Balayevdir. Kino ilə bağlı həyəcan təbilini əvvəl biz və ARKİ ayrı-ayrılıqda çalırdıq, amma indi bir yerdə bu problemləri qaldırırıq. Baxın, bir bəyanat yazılır   və 38 nəfərin imzası ilə qəbul olunur. Bu, artıq başqa bir gücdür. Orada gənclər də var: Kamran Qasımov, Türkan Hüseynova, Azər Hacıəsgərli, Amil Məməibəyli, bütün bu adamlar yaşı 40-dan aşağı olanlardır və onların güclü beynəlxalq əlaqələri var. Yəni idarə heyəti həm cins, həm yaş, həm zövq, həm nəsil cəhətdən çox geniş bir koalisiyadır və mən, açığı, onlara çox böyük ümid bəsləyirəm.  

– Bəs,  Kino Agentliyi?  

– Düşünürəm ki, Kino Agentliyinin yaranması prosesi də bir az ləngidi. İndi Azərbaycan Kino Agentliyinin direktoru vəzifəsini təşkilatçılığı və təşəbbüsləri ilə seçilən Orxan Fikrətoğlu icra edir. Məncə, Kino Agentliyi, Mədəniyyət Nazirliyinin “Kino, video və video oyunlar” sektoru və nəhayət, “Kreativ sənayelər” şöbəsi – bu üçlüyün əl-ələ verib işləməsi çox vacibdir.    

Onu da deyim ki, 2024-cü ildə dövlət tərəfindən maliyyələşən tammetrajlı bədii filmin premyerasının olmaması xoşagəlməz haldır, amma bu, indiki Kino Agentliyinin rəhbərinin səhvi deyil. Çünki film 2023-cü ildən istehsalata buraxılmalı idi ki, 2024-də premyera olsun. Buna baxmayaraq, səhv etmirəmsə, Kino Agentliyi qısametrajlı film ilə premyera edəcək. Müsabiqələr tez-tez olmalıdır. Bir az mənim narahatlığım bu mövzudadır. Həmin qurumların rəhbərlərinin birgə işini, həmrəyliyini görmək istəyirik.    

Yeri gəlmişkən, biz həm Mədəniyyət Nazirliyi, həm də ARKA ilə sıx işləyirik. Mənim kinoinfo.az layihəm onlardan dəstək qazanıb. Bu, Azərbaycan tarixində ilk kino xəbər saytıdır və sənət yönlü yox, məhz marketinq yönlü saytdır.

– Kinoteatral yayıma çıxarılan tammetrajı filmlər barədə nə deyə bilərsiniz?

– Keçən il Azərbaycanda 22 adda belə film kinoteatral yayıma çıxıb və bunların heç biri dövlət tərəfindən dəstək almayıb. Bu ilin ilk 6 ayında 10-dan çox tam metrajlı bədii filmin premyerası olub. Onların içində sosial dramlar da var. Artıq lağ-lağı komediyalar dövrü bitib, sosial, sərt dramlar, melodramlar, uşaq filmləri prokata ayaq açıb. Bunu dəstəkləmək lazımdır. Biz Kinoittifaq olaraq, demək olar ki, kinonun mikromaliyyələşdirilməsi üzrə Azərbaycanda yeganə qurumuq. Onu da deyim ki, Kino Agentliyi, eləcə də Nizami kinoteatrı və “Azərbaycanfilm” studiyasında hazırda direktor yeri boşdur. Direktorun təyin olunması cənab nazirin səlahiyyətindədir və bizdə bu haqda heç bir informasiya yoxdur. Arzu ediləndir ki, bunlar təyin olunsun.  

Mədəniyyət Nazirliyi tərəfindən kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası da yaradılıb... Biz AKİ olaraq, ARKA-ya və digərlərinə istənilən dəstəyi etməyə hazırıq.   

– Azərbaycanda kinoteatr məsələsi nə yerdədir?

– Bəy, ölkədə 2 kinoteatr şəbəkəsi var, o şəbəkələri yaradan adamlar bizim mədəniyyətimizin qəhrəmanlarıdır. Dövlətin onlara dəstəyi o ola bilər ki, həmin şəbəkələrə kreditlər versin, onlar da öz filiallarını rayonlarda, bölgələrdə aça bilsinlər. Bu, çox vacibdir. Biz “Cənubda kino günləri”ni həyata keçirdik, indi də “Şirvanda kino günləri” təşkil edirik. Bu proses davam edəcək: Aranda, Muğanda… Hədəf kino tamaşaçılarının sayını artırmaqdır. Kinoteatrda tamaşaçıların sayı çoxaldıqca istehsal da artacaq.  

– Müsahibəyə görə sağ olun!

Hazırladı: 
Ə.DOSTƏLİ 
XQ

 

Müsahibə