Qətərin paytaxtı Doha şəhərində BMT-nin Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti keçirilib.
XQ xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sammitin plenar iclasında çıxış edən Samir Şərifov 30 il əvvəl Kopenhagendə (Danimarka) keçirilmiş Sosial İnkişaf üzrə Birinci Dünya Sammitində qəbul edilmiş Bəyannamədəki öhdəliklərin icrası sahəsində Azərbaycanda əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
Baş nazirin müavini ölkəmizdə dövlət sosial xidmətləri sahəsində tətbiq olunan innovativ yenilikləri, DOST konsepsiyasının üstünlüklərini, ölkəmizin bu sahədə uğurlu təcrübəsini həmin ölkələrlə də bölüşdüyünü bildirib.
Sammit çərçivəsində “Fiskal sahənin genişləndirilməsi, aclığa və yoxsulluğa qarşı mübarizə üçün maliyyə vəsaitlərinin cəlb edilməsi” mövzusunda keçirilən müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ölkəmizdə sosial inkişaf, həmçinin həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımları diqqətə çatdırıb.
Nazir müavini son illər Azərbaycanda icra olunan beş sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki artımları, ölkəmizdə layiqli əməyin, məşğulluğun təminatı sahəsində aparılan işləri, rəqəmsal sosial uğurları, DOST modelinin beynəlxalq səviyyədə də yüksək qiymət aldığını vurğulayıb.
Hidayət Abdullayev Sammit çərçivəsində “Sosial inkişafın üç pilləsinin gücləndirilməsi: yoxsulluğun aradan qaldırılması, tam və məhsuldar məşğulluq, hər kəs üçün layiqli əmək və sosial inkluzivlik” mövzusunda keçirilən dəyirmi masada ölkəmizdə işçilərin əmək və sosial hüquqlarının qorunması, gender ayrı-seçkiliyinin aradan qaldırılması, həssas qrupların məşğulluq imkanlarının artırılması üçün görülən işlər barədə məlumat verib.
Sammitdə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin “Ailə dəstəkli sosial inkişaf: davamlı gələcək üçün strateji yanaşma” mövzusunda təşkil etdiyi yan tədbirdə də çıxış edən nazir müavini ölkəmizdə sosial xidmətlər sisteminin inkişafı və əhatə dairəsinin genişləndirilməsi istiqamətində son illər atılan addımları qeyd edib.
Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti çərçivəsində Qırğız Respublikasının əmək, sosial müdafiə və miqrasiya naziri Kanat Saqinbayev ilə görüş olub. Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.




