Saatlıda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib

post-img

Saatlı rayonunda aqrar sektorun inkişafında dövlətin dəstək mexanizmləri barədə məlumatlılığın artırılması məqsədilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub.

Panel Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Saatlı Rayon İcra Hakimiyyəti və “Prime Cotton” MMC-nin birgə təşkilatçılığı ilə “Prime Cotton” MMC-nin Saatlı filialında keçirilib.

XQ xəbər verir ki, tədbirin əsas məqsədi kənd təsərrüfatında dövlət dəstək siyasətinin prioritet istiqamətləri, fermerlərin güzəştli kreditlər, subsidiyalar və sığorta mexanizmləri ilə bağlı məlumatlılığını artırmaq, həmçinin regionlarda sahibkarların inkişafına yönəlik yeni təşəbbüslərin formalaşmasına dəstək göstərmək olub.

Panel müzakirəsində Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Qida Təhlükəsizliyi Agentliyi, Məşğulluq Agentliyi, Aqrar Sığorta Fondu, “Rabitəbank” ASC, “Expressbank” ASC, “Unibank” ASC, “Yelo Bank” ASC, “FINCA AZERBAIJAN” BOKT nümayəndələri spiker qismində çıxış ediblər. 

Spikerlər çıxışlarında kənd təsərrüfatı sahəsində dövlət dəstək mexanizmlərinin tətbiqi və bu istiqamətdə həyata keçirilən yeni layihələr barədə ətraflı məlumat veriblər. Çıxışlarda fermerlər üçün mövcud kredit, subsidiya və sığorta imkanlarının əhəmiyyəti, kənd yerlərində məşğulluğun artırılması, ixrac yönümlü istehsalın təşviqi və beynəlxalq bazarlara çıxış imkanları kimi məsələlər müzakirə olunub.

Panelin yekununda qeyd edilib ki, dövlətin aqrar sahəyə dəstək mexanizmlərinin davamlı şəkildə təkmilləşdirilməsi kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına, kənd yerlərində məşğulluğun genişlənməsinə və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir.









Sosial həyat