“Zəfər günü - xalqımızın qürur səhifəsi”

post-img

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda şanlı qələbəmizin 5-ci ildönümü - Zəfər Günü münasibəti ilə “Zəfər Günü - xalqımızın qürur səhifəsi” adlı tədbir keçirilib.

XQ xəbər verir ki, tədbirdə institut kollektivi ilə birgə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyyətinin üzvü, professor Hikmət Babaoğlu, AR ETN-nin Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Habil Qurbanov iştirak ediblər.

Öncə tədbir iştirakçıları Vətən uğrunda şəhid olan Azərbaycan oğul və qızlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İnstitut kollektivini və qonaqları salamlayan Coğrafiya İnstitutunun baş direktoru v.i.e. c.ü.f.d. dosent Zaur İmrani onları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. O bildirib ki, 8 noyabr xalqımızın milli qürur günü, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası günüdür. Bu böyük qələbə sayəsində ədalət bərpa olundu, xalqımız öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində  dövlətimizin suverenliyini ölkəmizin bütün ərazisində tam təmin edildi.

Torpaqlarımızın azad olunması bizə həmin ərazilərdə əyani olaraq coğrafi tədqiqatların aparılmasına imkan yaratdı. Tədqiqatçılarımızın demək olar, böyük əksəriyyəti Qarabağ və Şərqi Zəngəzur ərazisində olaraq, lazım olan məlumatları toplayıblar.

Professor Hikmət Babaoğlu “Tarixi zəfər milli iradəmizin təntənəsidir” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, zəfər əldə etmək milli güc vasitəsilə mümkündür. Azərbaycan 200 il məğlub edilə-edilə, həm də məğlub etdirilə-etdirilə  gəlib son 30 ilə çıxıb. Lakin Azərbaycan xalqı nə qədər böyük  mənəvi keyfiyyətlərə malikdir ki, o bu vəziyyətdən qalib çıxmağı bacarıb. H.Babaoğlu vurğulayıb ki, biz zəfər günlərdə sadəcə bayramlaşmaq üçün deyil, özümüzə hesabat vermək üçün yığışırıq və düşünməliyik, Prezidentin dediyi kimi necə etməliyik ki, qələbəmizi dərinləşdirək və genişləndirək. Məruzəçi eyni zamanda ölkədə qarışıqlıq salmağa, onu geri çəkməyə çalışan “daxili düşmənlər”dən,  korrupsiyaya sürükləyən məmurlardan və onlarla mübarizədə düzgün qərarlar qəbul edən ölkə prezidentinin böyük cəsarət, qətiyyət, uzaqgörənliyindən və s. söhbət açıb.

HİK sədri professor Habil Qurbanov çıxış edərək yığıncaq iştirakçılarını Zəfər bayramı və Konstitusiyamızın 30 illiyi münasibətilə təbrik edib. O, bu günlərdə Belqrad şəhərində 32 ölkə alimlərinin iştirakı ilə keçirilən beynəlxalq Forumdakı Zəfər Günü ilə bağlı çıxışından söhbət açıb, oradakı insanları Qərbin, beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlarla bağlı münasibətini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq alimlərin, ziyalıların borcu olmalıdır. Birinci Qarabağ Müharibəsinin iştirakçısı olduğunu vurğulayan professor həmin müharibədə məğlubiyyətin səbəblərini açıqlayıb. Prezidentin diplomatiyasının gücündən danışan HİK sədri onun siyasəti nəticəsində Qarabağ torpağında 200 il kök salmış ermənilərin könüllü olaraq ərazilərimizi tərk etməsini diqqətə çatdırıb.

İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxışında zəfərin əldə olunmasında Türkiyənin rolundan, onun Azərbaycana olan mənəvi dəstəyindən söhbət açıb. O qeyd edib ki, “Türk Dövlətləri Təşkilatının inkişafı həm diplomatik, həm elmi müstəvidə artacaq,  qələbələrimizin, uğurlarımızın sayı hər bir sahədə çoxalacaq və biz bu zəfəri daha böyük arealda - türk dünyasının hər bir yerində qeyd edəcəyik.

Sonra şöbə müdirləri coğrafiya üzrə fəlsəfə doktorları Habil Haqverdiyev və Ənvər Əliyev də Zəfər Günü ilə əlaqədar öz fikirlərini bölüşüblər. Ə.Əliyev çıxışında korrupsioner  məmurların yığdıqları var-dövlətin onların əllərindən alınaraq şəhid ailələrinə, qazilərə və bütün ehtiyacı olanlara verilməsi təklifini irəli sürüb.

Sosial həyat