AMEA Naxçıvan Bölməsində Sarvan İbrahimovun iki yeni kitabının təqdimatı keçirilib

post-img

Noyabr ayının 6-da AMEA Naxçıvan Bölməsində Sarvan İbrahimovun “Həmid ağa Şahtaxtinski: Cümhuriyyət qurucularından biri” və “Mirzə Ələkbər Süleymanov maarif fədaisi, teatr xadimi” adlı kitablarının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müəllifin fəaliyyətini yüksək qiymətləndirib, bildirib ki, Sarvan İbrahimovun hər iki əsəri Azərbaycanın elm, maarif və mədəniyyət tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Akademik vurğulayıb ki, müəllif bu kitablarla həm Naxçıvanın, həm də ümumən Azərbaycanın ziyalılar nəslinə dərin ehtiramını ifadə edib, həmin dövrün ictimai-siyasi və mədəni mühitini dolğun şəkildə təqdim etməyi bacarıb.

İsmayıl Hacıyev qeyd edib ki, müəllifin apardığı tədqiqatlar yalnız arxiv sənədləri ilə məhdudlaşmır, həm də şəxsi məktublar, fotoşəkillər, dövrün mətbuatındakı yazılar və ailə xatirələri kimi dəyərli mənbələrə əsaslanır. Onun sözlərinə görə, bu cür əsərlər milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır, həm elmi ictimaiyyət, həm də gənc tədqiqatçılar üçün dəyərli mənbə rolunu oynayır.

Daha sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Görkəmli dövlət xadimi və maarifçi Həmid ağa Şahtaxtinski” mövzusunda məruzə edib. O bildirib ki, 354 səhifəlik kitabda Həmid ağa Şahtaxtinskinin həyat və fəaliyyətinə dair geniş faktoloji məlumatlar təqdim olunub. Müəllif onun Kəngərli nəslinin parlaq nümayəndəsi kimi təhsili, ilk iş fəaliyyəti və siyasi baxışları barədə yeni sənədlər, qəzet materialları və arxiv nümunələri əsasında maraqlı tədqiqat aparıb. Alim vurğulayıb ki, kitabda Həmid ağa Şahtaxtinskinin müasirləri, istiqlalçı dostları, ailəsi və nəsil şəcərəsi haqqında məlumatlar, eləcə də qrafologiya elminə əsaslanan xarakter təhlilləri yer alır. Tarixi fotoşəkillər və sənədlər əsərin elmi dəyərini daha da artırır.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov isə “Mirzə Ələkbər Süleymanovun mühiti, həyatı və fəaliyyəti” mövzusunda çıxış edib. O, 204 səhifəlik kitabda müəllifin xronoloji ardıcıllığa riayət etdiyini, Süleymanovun pedaqoji və teatr fəaliyyətinin, maarif və incəsənətə töhfələrinin elmi əsaslarla işıqlandırıldığını qeyd edib.

Tədbirdə həmin nəslin nümayəndəsi Elşad Ağayev də çıxış edərək, kitabların elmi və tarixi baxımdan əhəmiyyətini, ailə ənənələrinin qorunması işinə verilən töhfəni vurğulayıb.

Sonda kitabların müəllifi Sarvan İbrahimov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. O, bu əsərləri yazmaqda məqsədinin Azərbaycan ziyalılarının həyat yolunu və xidmətlərini gələcək nəsillərə çatdırmaq, onların maarifçilik irsini yaşatmaq olduğunu qeyd edib.





Elm