Haqqında söhbət açmaq istədiyimiz sənət fədailərini mədəni irsimizin keşikçiləri də adlandırmaq olar. Xalqımıza məxsus tarixi və mədəni irsin yaşamasında onların böyük xidmətləri var. Bu peşəkarlar gördükləri hər işi səbirlə yerinə yetirir, tapşırıqların öhdəsindən məharətlə gəlirlər. Muzeylərdə seyr etdiyimiz bir çox tarixi və mədəni eksponatların ömrünü uzadanlar onlardır.
Mədəni irsimizin gələcək nəsllərə çatdırılması üçün xüsusi əmək sərf edənlərin bir qrupu da Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində çalışan bərpaçı-rəssamlardır. Həmin Mərkəzə daxil olduqda, hər kəsin ağ xalatda hansısa bir işlə məşğul olduğu aşkar görünür. Budur, onlar bərpa və konservasiya prosesini icra edirlər. Baş çəkdiyimiz otaqlar bizi xəyalən keçmişə aparır. Bərpaçıların əllərində gözə dəyən hər eksponat sanki tarixin səsi ilə soraqlaşır, insanı nostalji ovqata kökləyir.
Bu hisslərlə mərkəzi dolaşərkən, əvvəlcə, bərpaçı-rəssam Tofiqə Zeynalovanın üzərində işlədiyi atlas parma marağımı çəkdi. Uzun illərdən bəri burada çalışan rəssamın hazırkı işi Üzeyir Hacıbəylinin 1910-cu ilə aid “Rüstəm və Zöhrab” operettasının ipəkdən ibarət proqramıdır. Bu tarixi əşya Mərkəzə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyindən daxil olub. Həddən artıq həssaslıq tələb edən bu işin bərpa prosesi böyük əzmkarlıqla aparılır.
Bərpaçı-rəssamlar Xatirə Tağıyeva və Ləman Rəcəbli isə “Borular və buruqlar” rəsm əsəri üzərində yeniləmə işləri görürlər. Müəllifi Baba Əliyev olan bu əsər sulu boya ilə yenidən bərpa edilir. Sənət əsəri Milli İncəsənət Muzeyindən daxil olub.
Gedişatını izlədiyim növbəti iş də maraq doğurur. Azərbaycan Dövlət Rəsm Qalereyasına aid kiçik heykəlin üzərində bərpa işi Sima Bəydəmirovaya tapşırılıb. Sima xanım da digər həmkarları kimi, tapşırıqları sevə-sevə yerinə yetirir, peşəsindən zövq alır. Böyük zəhmət tələb edən işlərin görüldüyü maraqlı məkanda zəngin məlumatlar öyrənməyə davam etdik. Mərkəzin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova bizə rəhbərlik etdiyi qurumun fəaliyyət prinsipləri, burada görülən işlərin ümumi gedişatı barədə bilgi verdi. Öyrəndik ki, müxtəlif muzeylərdə bərpasına ehtiyac duyulan tarixi əşyalar ilk növbədə bu raya gətirilir, uzun bərpa prosesindən sonra əvvəlki formasına qaytarılır və yenidən aidiyyəti ünvana təhvil verilir.
– Buraya daxil olan eksponatlara ilkin mərhələdə müdaxilə etmək yolverilməzdir, – deyə Zərifə xanım bildirdi. – Bərpa üçün gətirilmiş məmulat, ilk növbədə, dezinfeksiya olunmalıdır. Sonra onun adına elmi pasport açılmalı, hazırkı vəziyyətini əks etdirən fotosu çəkildikdən sonra qurumun mütəxəssislərindən ibarət elmi şura bərpaçılara zəruri tövsiyələrini verməlidir. Bərpa metodu müəyyən edildikdən sonra işə başlanılır. Hər bir iş yekunlaşanadək mütəmadi məsləhətləşmələr aparılır. Bəzən tarixi lap qədimə dayanan eksponatlar olur ki, onlarla kövrək davranmaq zərurəti yaranır.
Məlumat aldıq ki, burada bərpa prosesi aylarla, illərlə davam edən eksponatlar da olub. Ancaq elə məmulatlar olub ki, bir neçə günün içində bütün işləri yekunlaşdırılıb. Məkana daxil olan hər bir əşya tarixi önəm daşıyır. Qurumun rəhbəri onu da söylədi ki, bu günədək mərkəzdə 30 minədək eksponatın bərpa işləri həyata keçirilib.
– Bu ilin əvvəlindən hazırkı vaxtadək 279 muzey eksponatı əməkdaşlar tərəfindən qəbul edilib. Eksponatlar Abdulla Şaiqin mənzil-muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Şəmkir, Quba, İmişli, Gəncə Tarix-diyarşünaslıq muzeyləri, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Dövlət Bayrağı Muzeyinə məxsusdur. Həmçinin Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyinə aid eksponatlar 6 ədədi Mərkəzdə, 15 ədədi isə yerində bərpa olunub. Ümumilikdə, ilin əvvəlindən bu günədək Mərkəz tərəfindən 237 eksponat muzey və qalereyalara təhvil verilib.
Sonda onu da öyrəndik ki, Mərkəzin mütəxəssisləri hər il regionlarda bir neçə layihə icra edir, maarifləndirici tədbirlər keçirirlər.
Ceyhun ALIŞLI
XQ