Vətən Müharibəsinin 19 yaşlı Qəhrəmanı

post-img

2020-ci il Vətən Müharibəsi başlanan gündən Azərbaycan Ordusunun qəhrəman oğulları  doğma torpaqlarımızı qarış-qarış  xilas etməyə başladılar.  Xalqımız ayaqüstə idi. Hamı  işğal olunmuş  yurd  yerlərimizinin harayına qalxmışdı. Analar qoşa oğullarını hərb meydanına göndərmişdilər. Belə ailələrdən biri də  Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin  ailəsi idi. İki qardaş müharibənin ölüm  kabusundan qorxmayaraq  qəhrəmanlıqla döyüşüb və qardaşlardan biri  Vətənin ən ali mükafatına layiq görülüb. 2019-cu ildən əsgəri xidmətə yollanan Azər 2020-ci ilin 27 sentyabr tarixindən döyüşlərə qatılır.  Amma valideynlərinə heç bir informasiya vermir. Çünki qardaşının amansız müharibənin  içində olmasını  anası,  atası həyəcanla yaşayırdı, belə olan halda Azər özünün də döyüşlərdə iştirakını gizlətməli olur, arxa xətdə, ehtiyatda  olduğunu bildirir. Amma qəhrəmanlıqla, rəşadətlə  yazılan döyüş əməliyyatlarında xüsusi olaraq seçilməsi, tankçı kimi adı dillər əzbəri olması, hərb meydanında düşmənə qan uddurması  Azəri məğlubedilməz  bir döyüşçü kimi məşhurlaşdırır. Azərin atası, əmisi Birinci Qarabağ Müharibəsində iştirak ediblər. Əmisi leytenant Natiq Abdullayev  1993-cü ildə  Ağdərədə gedən döyüşlərdə  şəhid olub, atası  isə  həmin ağır illərdə Azərbaycan Ordusunun formalaşmadığı, silah-sursatsız vaxtında ağır  yaralanıb, 1-ci qrup əlildir. Ona görə də Azər uşaqlıqdan Vətən,Torpaq ağrısının acısını valideynlərinin, qohumlarının simasında  yaşadığına görə  erməni daşnaklarından  qisas almağa söz vermişdi. 19 yaşında “ Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Azər Abdullazadə haqqında oxucularımıza  ətraflı məlumat veririk.

Azər  Abdullazadə 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət müddətinin qurtarmasına  bir neçə gün qalmış Vətən Müharibəsi başlayıb. Döyüşlərdə tankçı kimi qəhrəmancasına iştirakı komandanlığın diqqətində olub.Füzuli istiqamətində gedən  savaşda yaralansa da, qısa bir müalicədən sonra yenidən müharibəyə qatılıb.  Cəbrayıl istiqamətində  düşmənin zitehli texnikalarını, atəş nöqtələrini darmadağın edib. Düşmənin tankları ilə döyüş zamanı göstərdiyi cəsarət, həyatı bahasına qazandığı qələbə əsgəri xidmətinin ən şanlı anlarıdır.Tankın üzərinə quraşdırılmış 7,62mm pulemyotundan istifadəni yüksək səviyyədə,peşəkarlıqla idarə etdiyinə görə daşnakların xeyli sayda canlı qüvvəsini məhv edib.  Düşmən tankı ilə  üz-üzə gəldiyi vaxt bir neçə saniyənin içində döyüşün taleyini həll edən bu cəsur atıcı  verilən koordinatlarla irəliyə doğru döyüş tapşırığını yerinə yetirməsi ilə xüsusi olaraq seçilib. Azərin   yaddaşında müharibənin dəhşətləri bu gün də yaşayır. Onun dediyinə görə,  Cəbrayıl uğrunda gedən döyüşlər  çox ağır idi. Cəbrayılda  ermənilərin  elə sığınacaqları var idi ki, düşmən  inana bilməzdi ki, biz həmin  yerlərə girə bilərik.  Azğınlaşmış daşnaklar   çalışırdılar  ki, bizi minalanmış sahəyə istiqamətləndirsinlər. Biz isə onların hiyləsini anlayaraq  düşmənin ən çox istifadə etdiyi yollarla  gedirdik. Bir çox yerlərdə isə  bizdən əvvəl irəliləyən  ordumuzun qəhrəman  hərbçiləri yolları açmışdılar. Həm də döyüş texnikamız son dərəcə müasir tələblərə cavab verirdi. Tanklarımızın qabaq hissəsində  öz minatəmizləyəni olduğuna görə  təhlükəsizliyimizə nəzarət edirdik.  Bu təcrübə ilə minalı yollardan  canımızı qurtarırdıq. Müharibənin yazılmamış qanunlarından biri də budur ki, hücum vaxtı saniyənin belə həlledici an olduğunu unutmamalısan.   Xəritələrlə irəliləyirdik.  Atıcı olaraq  düşmənin hədəflərini vuraraq yolları açırdım.  Ermənilərin bizə mərmi belə atmağına imkan vermirdim.Tank atıcısı kimi əsgəri xidmətim vaxtı mükəmməl bilgilərə yiyələnmişdim. Buna görə komandirlərimə minnətdaram.

 Azərin son döyüşü:

Onlar tankda 3 nəfər olublar. Tank komandiri, atıcı və mexanik. Ağir döyüş nəticəsində tank parçalanır, komandir leytenant Murad Nağıyev şəhid olur, qəhrəman mexanik  Elsevər Hümbətov ağır yaralanmasına  baxmayaraq  Azəri  qan içində  xilas edir. Onların hər ikisini  Füzulidə yerləşən hərbi hospitala yerləşdirirlər. Azər komaya düşür. Ona görə onu Bakıya hərbi hospitala gətirirlər. 5 gün komada qalan əsgər Azər Abdullazadə  həyata qayıdır. Tankın içindən ağır dərəcədə yanıqla çıxdığına görə üz dərisi bir neçə dəfə əməliyyat olunur , sağ gözünü isə tamamilə itirir, sol gözü isə çox zəifləyir. Başında və bədənində çoxlu qəlpələr olan Azər  ölümə qalib gəlir. Hətta Azər Azərbaycan Ordusuna qayıtmağa can atsa da sağlamlığı onu  bu niyyətdən məhrum edir.  Bu gün  onun sağlamlığı dövlətimizin himayəsindədir. Azər Abdullazadə  “Vətən Müharibəsi”  adı verilən 83 nəfərdən biridir. Bu şərəfli adın verilmə xəbərini xəstəxanada olarkən eşidib. Azər bu adla həm də ona görə fəxr edir, qürur keçirir ki, əsgəri xidməti dövrünün başa çatmasına bir neçə gün qalmış Vətən  Müharibəsinin başlanması ilə həyatının yeni bir tarixi yazılıb.  Ali Baş Komandanın əmri ilə Müzəffər Azərbaycan Ordusunun  Zəfər tarixini yazan əsgərlərinin cərgəsində  Vətənin ən ali  mükafatına  layiq görülüb. Bu ailə döyüşçülər ailəsidir. Ailədə 2 qardaş 1 bacı olan Azərin qardaşı da 2020-ci ilin Vətən Müharibəsinin iştirakçısıdır O, Suqovuşan, Murovdağ, Talış istiqamətində  gedən döyüşlərdə qalibiyyət yazan igidlərimizdəndir. Bu il Zəfərimizin 5 illik yubiley tarixində bu ailənin də sevinc payı, mənəvi haqqı ölçüyəgəlməzdir.

Azərbaycanın hərb tarixini yazan belə şərəfli tərcümeyi-hala malik yüzlərlə ailələr var ki, onlar milli mənsubiyyətimizin, milli özünüdərkimizin qürur mənbəyidir. 

Kəmalə Abdinova
XQ

Sosial həyat