Bakıda “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpozium keçirilir

post-img

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpozium öz işinə başlayıb.

Simpoziumun açılış mərasimində Dövlət Himnimiz səsləndirilib. Aİİ-nin II kurs tələbəsi Cəlal Cəfərlinin təqdimatında Quran tilavət olunub.

Açılış mərasimində DQİDK-nın sədri Ramin Məmmədov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Milli Məclisi Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikası Milli Məclisi İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev çıxış edib. Plenar iclasda Aİİ rektoru Aqil Şirinov, MDTF-nin icraçı direktoru Vüsal Göyüşov, Kilis 7 Aralık Universitetinin rektoru Zekeriya Akman, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinov, MUSLİM İnstitutunun sədri Sahibzadə Sultan Əhməd Əli, “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru Əhməd Hüseyn Məhəmməd İbrahim, Tbilisi Ruhani Akademiyası və Seminariyasının rektoru Giorgi Zviadadze, Şeyx Abdulla Əfəndi adına İslam Universitetinin rektoru Arif Saidov, Baskerville İnstitutunun icraçı direktoru Bahman Baktiari çıxış edirlər. 

Simpozium işini panellərlə davam etdirəcək.

Simpoziumun təşkilində məqsəd Azərbaycanda və dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili və onların həlli məqsədilə irəli sürülən təkliflərin təmin edilməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.

Qeyd edək ki, beynəlxalq simpoziumda dövlət rəsmiləri, dini konfessiya nümayəndələri, yerli ali təhsil və tədqiqat müəssisələrindən olan qonaqlarla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitet rəhbərlərinin də yer aldığı 40-a yaxın əcnəbi alim və mütəxəssisin iştirakı nəzərdə tutulur.

XQ


























Sosial həyat