“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

post-img

Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
 

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Xarici və daxili konturların arasında yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI” sözləri, aşağı qövs boyunca sol tərəfdə “1995”, sağ tərəfdə “2025” rəqəmləri və rəqəmlərin arasında mərkəzdə səkkizguşəli ulduz, habelə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.3. Daxili çevrənin içərisində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, ondan aşağıda “30” rəqəmləri və “il” sözü və Azərbaycan Respublikasının Dövlət Bayrağını təsvir edən simvollar həkk edilmişdir.

2.4. Bütün yazılar, rəqəmlər və simvollar qızılı rəngdədir, qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 50 mm x 37 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin yuxarı hissəsinə üzərində ikiqatlı lent və səkkizguşəli ulduz təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.3. Xara lentin mərkəzində 11 mm enində tünd yaşıl rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 2,5 mm enində qızılı rəngli, 2 mm enində göy rəngli, 3,5 mm enində qızılı rəngli, 3,5 mm enində tünd yaşıl rəngli, 1,5 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.  

Qanunlar