Dağların yazar oğlu

post-img

Məmmədhüseyn Əliyev – 100

Lənkəran Dövlət Dram Teatrında görkəmli yazıçı, dramaturq, istedadlı şair, respublikamızın Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin 100 illik yubileyi qeyd olunub. İştirakçılar əvvəl teatrın foyesində yazıçının kitablarından, fotoşəkillərindən və haqqında yazılmış qəzet, jurnal materiallarından, məişət əşyalarından ibarət sərgi ilə tanış olublar.

Teatrın aparıcı səhnə ustası Aynur Əhmədova yubilyarın zəngin tərcümeyi-halından söhbət açıb. Ustad yazıçının şərəfli, keşməkeşli ömür yolu haqqında Hafiz Mirzənin “Dağlar oğlu Məmmədhüseyn Əliyev” adlı sənədli filmi nümayiş olunub.

Bildirilib ki, unudulmaz qələm sahibi 1925-ci il aprel ayının 28-də Lerik rayonunun Gürdəsər kəndində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Lerik və Lənkəran rayon məktəblərində müəllim, məktəb direktoru, Lənkəran pedaqoji və tibb texnikumlarında müəllim, tədris hissə müdiri, Lənkəran yerli radio verilişləri redaksiyasında baş redaktor vəzifələrində işləyib. 1978-ci ildən ömrünün sonuna – 6 iyun 1994-cü ilə kimi Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona şöbəsinin məsul katibi olub.

Ədəbiyyata şeirlə gəlmiş yazıçı 1958-ci ildə planetimizin qocaman sakini, Lerikin Pirasora kəndində 150 il ömür sürmüş Mahmud Eyvazov haqqında Moskvada “Sovetskiy pisatel” nəşriyyatında çap olunmuş “Dağlar oğlu” romanı ilə keçmiş İttifaqda da istedadlı nasir kimi şöhrət qazanıb. Çoxlu hekayə, povest, romanların, poeziya nümunələrinin müəllifidir. Yubiley ərəfəsində yazıçının 4 cilddə əsərləri, haqqında filologiya elmləri doktoru, professor Məsudi Dövranın “Məmmədhüseyn Əliyevin yaradıcılıq yolu və tənqidi məqalələri” monoqrafiyası nəşr olunub.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova yazıçının zəngin yaradıcılığından, dramaturgiya sahəsində fəaliyyətindən söhbət açaraq onun “Prokuror”, “Ana fəryadı” tamaşalarının teatrsevərlər tərəfindən böyük maraqla qarşılandığını qeyd edib.

Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli M.Əliyevin çoxşaxəli ədəbi yaradıcılığından, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin məhz onun təşəbbüsü və gərgin səyləri nəticəsində formalaşmasından, yeni nəsil ədəbi qüvvələrin yetişdirilməsində misilsiz rolundan danışıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov yazıçının əsərlərində Lerikin əsrarəngiz, saf, gözəl təbiətini, sadə, zəhmətkeş insanlarını böyük məhəbbətlə tərənnüm edildiyini, tədbirin bölgənin mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib.

Şair-publisist Ağacəfər Həsənli M.Əliyevin bölgənin yazarları arasında ilk dəfə roman janrına müraciət etdiyini, “Dağlar oğlu” əsəri ilə Leriki dünyada uzunömürlülər diyarı kimi tanıtdığını, layiqli ədəbi məktəb yaratdığını bildirib. Lerikin İnkişafına Dəstək Qrupunun rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı yazıçının yurdumuzun cənub bölgəsinin qədim tarixini, adət-ənənələrini, məişətini ustalıqla qələmə aldığını, ədəbi fəaliyyətinin gənc yazarlara örnək olduğunu söyləyib. Uzun illər Lerik rayonunun Gürdəsər kənd tam orta məktəbində müəllim işləmiş nüfuzlu ziyalı, el ağsaqqalı Muqabil Şahbazov qürurla bildirib ki, Məmmədhüseyn Əliyev onun müəllimi olub.

Yazıçının qızı, tədqiqatçı alim, fəlsəfə elmləri doktoru Sədaqət Əliyeva atasının valideyn, müəllim, yazıçı, ictimai xadim kimi əvəzsiz keyfiyyətlərindən söhbət açıb, xatirəsinə göstərilən yüksək ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Yubiley tədbirində Məmmədhüseyn Əliyevin “Kölgəli üz” komediyası nümayiş olunub .

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Mədəniyyət