AMEA Naxçıvan Bölməsində tanınmış tarixçi alim Anar İsgəndərovla görüş keçirilib

post-img

AMEA Naxçıvan Bölməsində tarix elmləri doktoru, professor, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovla görüş keçirilib.

Görüşdən əvvəl qonaq Bölmənin sərgisi ilə tanış olub, burada Naxçıvanın qədim tarixi, arxeoloji tapıntılar və elmi nailiyyətlərini əks etdirən kitab və monoqrafiyalarla maraqlanıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu görüşün Bölmə üçün əhəmiyyətli olduğunu bildirib, Anar İsgəndərovun Azərbaycan Xalq Cümhuriyyəti dövrünə və azərbaycanlıların soyqırımı məsələlərinə dair dəyərli tədqiqatlarından danışıb. Akademik vurğulayıb ki, professor Anar İsgəndərov öz dəst-xətti, səmimiyyəti və elmi fəaliyyətindəki ardıcıllığı ilə seçilən tanınmış alimlərdəndir. O, həmçinin çoxsaylı elmi əsərlərin, monoqrafiyaların və dərs vəsaitlərinin müəllifi kimi Azərbaycan tarix elminin inkişafına böyük töhfələr verib.

İsmayıl Hacıyev çıxışında AMEA Naxçıvan Bölməsinin yaranması və inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən də bəhs edib. O, Ulu Öndərin müəyyən etdiyi istiqamətlər əsasında Bölmənin bu gün də uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. 

Akademik Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elmin, təhsilin və milli tarixşünaslığın yeni mərhələyə qədəm qoyduğunu xüsusi qeyd edib.

Anar İsgəngəndərov görüşdən məmnunluğunu ifadə edib, Azərbaycan tarixinin dövlətçilik ənənələrindən, torpaqlarımızın qaytarılması proseslərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbədən bəhs edib.

Daha sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev çıxış edərək Anar İsgəndərovun elmi fəaliyyətindən danışıb.

Tədbirdə həmçinin AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva çıxış edib. O, belə bir görüşün təşkilinə görə həm AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyevə, həm də professor Anar İsgəndərova minnətdarlığını bildirib, bu kimi elmi görüşlərin Naxçıvanda elmi mühitin inkişafına təkan verdiyini vurğulayıb.

Səmimi və elmi müzakirə ruhunda keçən görüşdə Azərbaycanın tarixi irsinin araşdırılması, gənc alimlərin fəaliyyətinə dəstək, elmi əməkdaşlığın genişləndirilməsi kimi məsələlər müzakirə olunub.

Anar İsgəndərov göstərilən qonaqpərvərliyə görə AMEA Naxçıvan Bölməsinin rəhbərliyinə təşəkkür edib, Naxçıvanda aparılan elmi tədqiqatların ölkə miqyasında böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Sonda xatirə şəkli çəkilib.

Səbuhi Həsənov
XQ







Elm