Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin Yordam Bilişim Teknolojinin nümayəndəsi Semih Ezeroğlu ilə görüş keçirilib. Görüşdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tar.ü.f.d. Oruc Quliyev və Süni intellekt və rəqəmsal kitabxana şöbəsinin baş mütəxəssisi, riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov iştirak ediblər.
Öncə direktor Hüseyn Hüseynov qonağa kitabxananın müasir xidmətləri və rəqəmsal imkanları haqqında ətraflı məlumat verib. O bildirib ki, müasir kitabxanalar rəqəmsal transformasiya prosesində istifadəçilərə daha sürətli və etibarlı xidmət göstərməli, bu məqsədlə isə yüksək texnoloji həllərdən geniş istifadə olunmalıdır.
Direktor vurğulayıb ki, MEK-in yüksək texnoloji infrastrukturu, elektron məlumat bazaları və çevik axtarış sistemləri istifadəçilərə həm yerli, həm də qlobal informasiya resurslarına məsafədən çıxış imkanı yaradır.
Daha sonra Semih Ezeroğlu Yordam Bilişim Teknolojinin təqdim etdiyi “Ağıllı Kitabxana Sistemi” həlləri barədə danışıb. O, kitabxana avtomatlaşdırma sistemlərindən RFID texnologiyalarına, rəqəmsal arxivlərdən informasiya idarəetmə platformaları və süni zəka əsaslı kitabxana robotlarına qədər geniş texnologiya sistemini əhatə edən bu həllərin kitabxana xidmətlərinin modernləşdirilməsinə, zənginləşdirilməsinə və informasiya idarəçiliyinin daha səmərəli təşkilinə imkan yaratdığını qeyd edib.
Görüş çərçivəsində Semih Ezeroğlu MEK-in elektron avadanlıqları və rəqəmsal xidmətləri ilə yaxından tanış olub. Qonağa elektron kataloq sistemi, rəqəmsal resursların idarə olunması mexanizmləri, oxuculara təqdim edilən məsafədən xidmət imkanları barədə ətraflı məlumat verilib.
Görüş qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.


