Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Mərkəzi Bank 2026-cı ilin sonunadək “Data Lakehouse” sisteminə keçməyi planlaşdırır. Bu istiqamətdə artıq intensiv işlərin aparıldığı bildirilir.
XQ-nin məlumatına görə, bu barədə Mərkəzi Bankın Data departamentinin məlumat mühəndisliyi şöbəsinin rəhbəri Mahir Quluzadə “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda bir sıra süni intellekt həlləri və korporativ məhsulların real iş mühitinə inteqrasiyası tam şəkildə mümkün olmur.
Onun sözlərinə görə, əsas problem süni intellekt üçün tam hazırlıqlı data infrastrukturunun olmamasıdır. “Biz qarşıya qoyulan hədəflərə çatacağımıza inanırıq. Bu infrastruktur üzərində süni intellekt qatının, yəni “ML-Ops” sistemlərinin qurulması əsas prioritetlərimizdəndir və bununla bağlı strategiya artıq hazırdır”, – deyə M.Quluzadə bildirib.
Qeyd edilib ki, “Data Lakehouse” müasir, hibrid data idarəetmə arxitekturası kimi çıxış edir.

