Dünyada ilk: Çində insana eyni anda bir neçə orqan köçürülüb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çində tibb dünyasında böyük əks-səda doğuran unikal əməliyyat keçirilib. "South China Morning Post" qəzetinin verdiyi məlumata görə, dünyada ilk dəfə olaraq beyin ölümü reallaşmış xəstəyə eyni anda donuzun həm qaraciyəri, həm də böyrəkləri uğurla köçürülüb.

Guansi Tibb Universitetinin İkinci Xəstəxanasının tədqiqat qrupunun nüfuzlu "Med" jurnalında dərc olunan məqaləsində qeyd edilir ki, bu eksperiment donuzdan insana bütöv qaraciyərin ortotopik (öz təbii yerinə) və hər iki böyrəyin eyni vaxtda transplantasiyasının mümkünlüyünü ilk dəfə əyani şəkildə sübut edib. Genetik modifikasiya olunmuş donuz orqanları 53 yaşlı xəstənin bədənində təxminən beş gün ərzində tam normal funksiyasını yerinə yetirib. Bu müddətdən sonra xəstənin ailəsinin istəyi ilə elmi araşdırma dayandırılıb.

Həkimlərin fikrincə, əməliyyat gedişində əldə olunan ilkin immunoloji və metabolik göstəricilər gələcək kliniki təcrübələr üçün əvəzolunmaz elmi baza yaradır. Tibb dünyası ksenotransplantasiyanı (orqanların bir canlı növündən digərinə köçürülməsi) qlobal miqyasda yaşanan donor orqan çatışmazlığı probleminin fundamental həlli yolu kimi görür və bu sahədə genetik cəhətdən dəyişdirilmiş donuzlar ən effektiv obyekt hesab olunur.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Dünya