Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ neyrobioloqları insan və ya digər canlıların gözlərini yummadan, yəni tam oyaq vəziyyətdə yuxunun faydalarından yararlanmasının mümkünlüyünü araşdırıblar
Gəmiricilər üzərində aparılan eksperimentlər göstərib ki, oyaq siçanların baş beyninin qabıq nahiyəsində neyron aktivliyinin dövri olaraq "yandırılıb-söndürülməsi" ləng yuxu fazasına bənzər effektlər yaradır. Ən diqqətçəkən məqam isə bu metodun heyvanların yaddaşını əhəmiyyətli dərəcədə yaxşılaşdırması olub. Alimlər yaxın gələcəkdə analoji sınaqları insanlar üzərində də təkrarlamağı planlaşdırırlar.
Məlumdur ki, yuxu orqanizmə sadəcə fiziki dincəlmək üçün deyil, həm də beyin fəaliyyətinin bərpası, yaddaşın möhkəmlənməsi və sinaptik yenidənqurma üçün lazımdır. Gün ərzində insan yeni məlumatlar öyrənərkən neyronlar arasında informasiyanı saxlayan yeni sinapslar (təmas nöqtələri) yaranır və mövcud əlaqələr güclənir. Lakin bu proses neyron şəbəkəsinin həddindən artıq yüklənməsinə səbəb ola bilər.
Məhz yuxu zamanı beyin aktiv iş rejiminə keçərək bu şəbəkəni "təmizləyir" və lazımsız rabitələri zəiflədərək vacib xatirələri effektiv şəkildə qoruyur. Elmdə buna "sinaptik homeostaz fərziyyəsi" deyilir. Amerikalı tədqiqatçıların kəşf etdiyi yeni metod isə gələcəkdə insanlara tam oyaq ikən beynin bu kritik funksiyalarını yerinə yetirməyə və yaddaşı dincəlmədən belə təzələməyə imkan verə bilər.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

