Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Naxçıvan Şahmat Mərkəzində keçirilən və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri başa çatıb.
Zəfər Gününün önəmini əks etdirən və gənclərin intellektual inkişafına töhfə vermək məqsədilə təşkil olunan turnirdə müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılar öz bacarıq və biliklərini nümayiş etdiriblər.
Turnirdə, ümumilikdə, 87 şahmatçı iştirak edib. Onlardan 51-i reytinqli, 36-sı isə reytinqsiz oyunçulardır. Yarışda 11 qadın və 24 kişi iştirakçı, həmçinin 6–16 yaş aralığındakı 62 gənc, 2 Türkiyə vətəndaşı və 5 veteran şahmatçı mübarizə aparıb.
Qeyd edək ki, turnirin qalibləri keçiriləcək xüsusi tədbirdə mükafatlandırılacaqlar.
Səbuhi Həsənov
XQ





