Bakı-Tbilisi-Ceyhan kəməri ilə 613 milyon ton neft nəql olunub

post-img

Cari ilin ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon dollar vəsait xərclənib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7 faiz (və ya 7 milyon dollar) azalma və 1,8 dəfə (və ya 22 milyon dollar) artım deməkdir.

XQ xəbər verir ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql edilib (5,1 faiz artım) və Ceyhanda 6078 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 19 milyon ton (təxminən 159 milyon barel) xam neft və kondensat (13,6 faiz azalma) Ceyhan terminalında 216 tankerə yüklənib və yola salınıb.

“BTC Ko.”nun səhmdarları: bp (30,1 faiz), SOCAR (32,97 faiz), MOL (8,9 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “TotalEnergies” (5 faiz) İTOÇU (3,4 faiz), ONGC Videş (3,1 faiz), “EksonMobil” (2,5 faiz) və İNPEKS (2,5 faiz) şirkətləridir.

İqtisadiyyat