Müsahibimiz 11 saylı Binəqədi–Qaradağ dairə seçki komissiyasının sədri Nəbi Xəlilovdur
Seçkilər hər bir xalqın həyatında mühüm rol oynayan siyasi kampaniyadır. Seçicilər səsvermə prosesində mütəşəkkil qaydada iştirak etməklə, əslində, öz gələcəklərinə biganə qalmadıqlarını nümayiş etdirmiş olurlar.
İyirmi dörd gündən sonra ölkəmizdə ali qanunvericilik orqanına – Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Bu, müstəqil ölkəmizin bütün ərazisində keçirilən ilk parlament seçkiləri kimi tarixə düşəcək.
Ötən il sentyabrın 19-da cəmi bir sutka davam edən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağın dağlıq hissəsindəki separatçı-xunta rejimi ağ bayraq qaldıraraq süqut etdi. Bu il fevralın 7-də ölkənin bütün ərazisində növbədənkənar prezident seçkiləri keçirildi. Həmin gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Dövlətimizin başçısı fevralın 14-də andiçmə mərasimindəki nitqində bu barədə bildirdi: “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
Zənnimizcə, növbədənkənar prezident seçkiləri kimi növbədənkənar parlament seçkilərinin də başlıca əlamətdar cəhəti onun bütün ölkə ərazisində keçirilməsidir. Bu, əslində, tarixi hadisədir.
Bəs seçkilərin hazırlanıb keçirilməsi istiqamətində dairə seçki komissiyalarında işlər necə gedir? Seçkilərin azad, ədalətli və şəffaf şəkildə baş tutması üçün hansı addımlar atılır? Bu və digər suallarla 11 saylı Binəqədi-Qaradağ dairə seçki komissiyasının (DSK) sədri Nəbi Xəlilovla həmsöhbət olduq.
– Nəbi müəllim, əvvəlcə istərdik ki, rəhbərlik etdiyiniz DSK-da seçki prosesinin gedişi ilə bağlı bir qədər məlumat verəsiniz...
–11 saylı Binəqədi-Qaradağ seçki dairəsi öz işini Seçki Məcəlləsinin tələblərinə, Mərkəzi Seçki Komissiyasının 2024-cü il iyunun 29-da keçirilən iclasında təsdiq etdiyi Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına, eləcə də digər təlimatlara və hüquqi aktlara uyğun olaraq qurur. Proses nəzərdə tutulan ardıcıllıqla həyata keçirilir. Bilirsiniz ki, 2024-cü il avqustun 2-si, saat 18:00-da nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdimedilmə müddəti başa çatıb. Hazırda imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi prosesi gedir. Bu proses sənədlər qəbul edildikdən sonra 7 gün müddətində həyata keçirilir. Avqustun 9-dək təqdim edilmiş sənədlərə baxıb qeydiyyat prosesini tamamlayacağıq.
– Təqdim edilən imza vərəqlərində və digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması işi necə gedir? Bu prosesdə hansı prinsiplər əsas götürülür?
–Bununla bağlı ekspertlərdən ibarət işçi qrupu yaradılıb. Qərar verilərkən işçi qrupunun rəyi əsas götürülür. Eyni zamanda, biz namizədliyi təsdiq olunmuş şəxsin daşınar və daşınmaz əmlakı, gəlirləri ilə bağlı bir sıra dövlət orqanlarına sorğular göndəririk. Bundan sonra dairə seçki komissiyasının iclası keçirilir. Aldığımız məlumatlar əsasında və işçi qrupunun rəyi əsas götürülməklə yekun qərarımızı veririk.
– 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi özündə neçə seçki məntəqəsini birləşdirir?
–Dairə ərazisində 43 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 23 məntəqə Binəqədi, 20 məntəqə isə Qaradağ rayonlarının ərazisindədir.
– Bəs seçki yarışına maraq necədir?
–Bilirsiniz ki, qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 20 gün qalanadək, yəni avqustun 12-dək dərc ediləcəkdir. Bu baxımdan prosesin tam yekunlaşmasını gözləyək. Həmin tarixdən sonra 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə də neçə namizədin qeydə alındığı, dairənin seçkilərə neçə namizədlə getdiyi məlum olacaq. Ümumiyyətlə isə qeyd edim ki, bizim dairə üzrə də seçki prosesinə maraq böyükdür.
– Təqvim planına görə, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün səsvermə gününə azı 30 gün qalanadək, yəni avqustun 2-dək müvafiq yerlər müəyyənləşdirilməlidir. Bununla bağlı nə deyə bilərsiniz?
–Təşviqat materiallarının yerləşdirilməsi üçün nəzərdə tutulan lövhələr hazırdır. Təbliğat-təşviqat kampaniyası üçün lazımi şərait yaradılıb. Seçki məntəqələrinin özündə də seçkiyə hazırlıq işi tam yekunlaşıb. Məntəqələr seçki keçirməyə hazır vəziyyətdədir.
– Bütövlükdə, seçkilərin azad və ədalətli keçirilməsi üçün indi hansı işlər görülür?
–Bunun üçün qeydə alınan namizədlərə bərabər şərait yaradılır. Onların təbliğat-təşviqatı üçün də, seçicilərlə qapalı və açıq yerlərdə görüşlərinin keçirilməsi məqsədilə də yerlər ayrılıb. Namizədlər arasında mübarizənin ədalətli getməsi üçün dairə ərazisində hər bir şərait yaradılıb.
– Vətəndaşlar dairə seçki komissiyasına onların seçki hüququ ilə, məsələn adlarının seçici siyahısında olub-olmaması, qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin alınması ilə bağlı müraciətlər edirlərmi?
–Bəli, seçici siyahıları bizə ilkin olaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunub. Biz onları məntəqə seçki komissiyalarına paylamışıq. Siyahılar məntəqə seçki komissiyalarında asılıb. Vətəndaşlar maraqlanaraq orada adlarını yoxlayırlar. Həmçinin, məntəqə seçki komissiyaları ərazidə qeydiyyatda olan seçicilərin adlarının seçici siyahısında olub-olmamasını dəqiqləşdirərək bizə gündəlik əsasda məlumatlar çatdırırlar. Biz də onun əsasında mərkəzləşmiş qaydada dairə seçki komissiyasında seçici siyahılarının dəqiqləşdirilməsi işini mütəmadi olaraq davam etdiririk.
– Adətən, seçkilərə hazırlığın gedişində nöqsanların, çatışmazlıqların üzə çıxması da təbiidir...
– İndiyədək hansısa ciddi bir çatışmazlıqla, problemlərlə rastlaşmamışıq. Mənə elə gəlir ki, işimizi, inşallah, bu qaydada, yəni Təqvim Planına və təlimatlara uyğun həyata keçirsək, qarşıdakı dövrdə də hansısa problemlə qarşılaşmarıq. Əgər hansısa çatışmazlıq, nöqsan olarsa, biz onu yerindəcə, operativ qaydada həll etməyə hazırıq.
– 11 saylı dairənin ərazisində qeydiyyatda olan ən yaşlı və 1 sentyabr seçkilərində ilk dəfə səs verəcək seçicilərlə bağlı statistik məlumatlar necədir?
– Hazırda dairə ərazisində yaşı yüzdən yuxarı olan seçici yoxdur. Yaşlı bir seçici bizə müraciət edib ki, qeydiyyatda olduğu məntəqədə səs verə bilməyəcək. Onun yaşadığı yer digər məntəqənin ərazisindədir. Biz ona qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi verəcəyik. Evinə yaxın olan məntəqənin ərazisində səs verməsi üçün həmin seçiciyə şərait yaradılacaq.
İlk dəfə səs verən seçicilərin sayı isə 138 nəfərdir.
Səxavət HƏMİD
XQ