III MƏQALƏ
2 istiqamətdə ikisəviyyəli vəhdət
Bu mövzuda II məqalədə vurğulanmışdır ki, davamlı yeniləşmə prosesi əsasında özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş AMEA, iki səviyyədə, lakin bir-biri ilə sıx əlaqədə iki istiqamət üzrə qarşıya qoyduğu elmi məqsədlərə nail olmağa çalışır. Birinci səviyyə, ümumiyyətlə, təşkilatın struktur-funksional yeniləşməsi ilə bağlıdır. İkinci səviyyə isə elmi yaradıcılıqla beynəlxalq əlaqələrin müasir tələblərə uyğun əlaqələndirilməsidir.
Birinci istiqamət AMEA rəhbərliyinin Prezident İlham Əliyevin Azərbaycanın strateji inkişaf konsepsiyasına uyğun olaraq təşkilatın yeniləşməsinin ümumi prinsiplərini müəyyən etməsi ilə əlaqəlidir.
İkinci istiqamət isə müəyyən edilən yeniləşmə prinsiplərinin praktiki-tətbiqi aspektdə həyata keçirilməsidir.
Birinci istiqamətin əsasında Azərbaycanın strateji inkişaf konsepsiyasında müəy-yən edilmiş Milli Prioritetlər dayanır. Həmin prioritetlərin ruhuna və qarşıya qoyulan hədəflərinə uyğun olaraq AMEA rəhbərliyi aşağıdakı istiqamətlər üzrə 2022-ci ilin payızından başlayaraq yeniləşmə prosesini ardıcıl olaraq aşağıdakı mexanizmlərlə həyata keçirir:
“Ölkənin strateji inkişaf konsepsiyası çərçivəsində qarşıya qoyulan məqsədlərə çevik və keyfiyyətli nail olmaq üçün AMEA-nın struktur-funksional quruluşunda islahatların aparılması;
Birinci bənddə müəyyən edilən məqsəd kontekstində AMEA-da elmi fəaliyyətin təşkilinin yeniləşməsi;
İkinci bəndin daha konkret səviyyəsi kimi qəbul edilə bilən elmi-tədqiqat institutlarında Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf konsepsiyasına uyğun mövzuların tədqiqinə üstünlüyün verilməsi;
Bütövlükdə ən müasir yanaşmalardan faydalanmaq üçün AMEA-da rəqəmsallaşdırma və elektronlaşdırma prosesinin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi;
Nəhayət, qarşıya qoyulan vəzifələri tam yerinə yetirmək üçün AMEA üçün uyğun beynəlxalq əməkdaşlıq mühitinin yaradılması. Vurğulanan aspektdə ölkənin ali elmi təşkilatının beynəlxalq elmi əlaqələrinin daha da genişləndirilməsi, dərinləşdirilməsi və inkişaf etdirilməsi”.
AMEA-nın yeniləşmədə prioritetləri
Vurğulanan səviyyələr və istiqamətlər AMEA rəhbərliyinin müəyyən etdiyi 7 prioritet istiqamətlərdə konkret reallaşma ifadəsini tapmışdır. Onların birincisi AMEA-nı ölkəmizin əsas Azərbaycanşünaslıq mərkəzinə çevirməyi əsas vəzifə kimi müəyyən edir. İkincisi türk dünyası üzrə tədqiqatların miqyasının genişləndirilməsi və əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsi ilə bağlıdır. Üçüncüsü rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizliklə əlaqəlidir.
Prezident İlham Əliyevin nitqi fonunda sonrakı prioritetləri də bir daha xatırlatmaq lazım gəlir. Onlar açağıdakılardır:
“4. Geniş mənada dünya elminə inteqrasiyanı məqsədyönlü şəkildə təşkil etmək məqsədilə beynəlxalq elmi təşkilatların işində yaxından iştirak etmək, ölkəmizi yüksək səviyyədə təmsil etmək, dünya elminin ən yeni təcrübələrini Akademiyaya tətbiq etməklə yeniləşməni daha da sürətləndirmək lazımdır.
5. Akademiyanın gəncləşdirilməsinin genişləndirilməsi üçün “Gənc Akademiya” layihəsinin həyata keçirilməsinə ehtiyac vardır.
6. Azərbaycan elmində, o cümlədən də Akademiyada doktorantura təhsilinin Qərb modelinə uyğunlaşdırılmasına ehtiyac vardır. Doktorantura özünəməxsus tədris planı, fənn proqramları, kredit vahidləri, dərs sistemi olan bir təhsil səviyyəsinə çevrilməlidir.
7. AMEA-da struktur islahatlarının davam etdirilməsi yolu ilə mövcud idarəetmə strukturlarının yeniləşdirilməsinə nail olmaq yeni tarixi dövrün irəli sürdüyü tələblərdəndir”.
Prezidentin tezisləri və ilk 3 prioritet
İlk üç prioritet prizmasında Azərbaycan rəhbərinin fundamental mahiyyətli tezislərinə baxaq. İlham Əliyev nitqində vurğulamışdır: “Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, "mainstream"in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik.
Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük...
Digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır. İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni, virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin, deməli, aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir..”.
Dövlət başçısı süni intellekt probleminə aparıcı xəttin arxasınca getmək vərdişinə son qoymaq kontekstində yanaşması tam yerində və zamanındadır. Əgər süni intellekt dünya üçün “mainstream”dırsa və o dəyişirsə, yeniləşən Azərbaycan üçün də eyni tələb keçərlidir. Bəs buna necə nail olmaq mümkündür? İlham Əliyev dəqiq adresi göstərir: ELM!
Deməli, AMEA-nın prioritet istiqamətlər sırasında süni intellekt məsələsinə xüsusi yer verməsi həm düzgün addımdır, həm də strateji baxımdan Azərbaycanın qlobal miqyasda aparıcı xəttə ("mainstream") uyğunlaşması üçün əhəmiyyətli məqamdır. Çünki süni intellektin tərəqqi üçün aparıcı olması onun müxtəlif koqnitiv və sosial aspektlərdə ciddi, dərin və geniş araşdırılması əsasında mümkündür. AMEA-nın bu strateji vizyona uyğun prioritet müəyyən etməsi vacib məqamlardan biridir.
Eyni məntiqlə rəqəmsallaşma və kibertəhlükəsizliyin prioritet tədqiqat istiqamətlərinin tərkib hissəsi olması izah edilə bilər.
4–7-ci prioritetlər: Prezidentin tələbləri prizmasında
Vurğuladığımız anlamda dövlət başçısının nitqində irəli sürdüyü tezislərin işığında 4-7-ci prioritetlər də çox maraqlı təsir bağışlayırlar. Çünki onlar dövlət başçısının AMEA-nın 80 illik yubiley tədbirindəki nitqində bir daha vurğuladığı çox mühüm və aktual vəzifələrin reallaşması ilə sıx bağlıdırlar. Akademiyanın rəhbərliyinin müəyyən etdiyi 4-7-ci prioritetlərin məğzi aşağıdakı kimidir: “4. Dünya elminə inteqrasiyanı məqsədyönlü şəkildə təşkil etmək; 5. Akademiyanın gəncləşdirilməsinin genişləndirilməsi üçün “Gənc Akademiya” layihəsini həyata keçirmək; 6. Elm və təhsilin müasir tələblərə uyğun inteqrasiyasına nail olmaq; 7. Mövcud idarəetmə strukturlarını yeniləşdirimək”.
Bunlardan ikisi kadrların yetişdirilməsinə (5 və 6-cı prioritetlər), biri idarəetməyə (7-ci prioritet) və biri də Azərbaycan elmini dünya elminə inteqrasiya etməyə aiddir (4-cü prioritet). Dünya elminə inteqrasiyanın bazasında kadrların hazırlanması vəzifəsi dayanır. Onun da ümumi istiqamətini elm və təhsilin inteqrasiyasının müasir tələblərə uyğunlaşdırılması təşkil edir.
Həmin prosesdə kadrların gəncləşdirilməsi xüsusi yer tutur (“Gənc Akademiya” onun akademik mahiyyətli yeni institutlaşması formasıdır). Əsas kadr qaynağı isə elmlə təhsilin optimal inteqrasiyası çətiri altında doktorantura sisteminin keyfiyyətcə yeniləşmsi ilə bağlıdır.
Digər aktual məsələ kimi elmi idarəetmənin yeniləşməsini vurğulaya bilərik. Yəni kadrların hazırlanması (gəncləşdirilmə mərkəzi kimi “Gənc Akademiya”nın davamlı inkişafı+doktorantura sisteminin gücləndirilməsi) ilə yanaşı elmi idarəetmənin yeniləşməsi də dünya elminə inteqrasiyada strateji mahiyyəti olan məsələdir. Bütövlükdə idarəetmənin yeniləşməsi, məqsədyönlü şəkildə komanda fəaliyyəti göstərə biləcək strukturların hazırlanması əsasında keyfiyyətli kadr hazırlığına nail olmaq mümkündür. Yeniləşmə kursunun bu aspektinin arxiəhəmiyyətli olduğu Azərbaycan Prezidentinin sosio-humanitar sahə ilə bağlı nitqində ifadə etdiyi iki məsələnin işığında daha aydın görünür.
Birincisi, ölkə rəhbəri ifadə etmişdir: “Bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır”.
Buradan dövlət başçısı olduqca vacib olan demoqrafiyanın siyasi kontekstinə keçir. İlham Əliyev deyir: “Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar”.
Bu fikirlərdə məharətlə demoqrafik xarakteristikanın fəlsəfi və politoloji aspektləri vəhdətdə ifadə edilmişdir. Birincisi, Azərbaycan xalqı müasir Azərbaycan Respublikasının hazırkı siyasi-coğrafi sərhədlərini aşır. Ancaq sərhədlərin o tayında yaşayan azərbaycanlılarla həyat tərzi siyasi mentaliteti, psixologiyası və sosial davranışları tam üst-üstə düşür. Konkret olaraq, Azərbaycan Respublikası dövləti və cəmiyyəti kimi sərhədin o tayında yaşayan azərbaycanlılar da sülhsevər, barışcıl, separatizmdən uzaq toplumlardır. Həm də onlar yaşadıqları ölkələrin dövlətçiliyinə zidd heç bir fəaliyyət göstərməmişlər və göstərməyəcəklər! Bu səbəbdən azərbaycanlılar hər ölkədə ləyaqətli vətəndaşlardırlar!
Prezidentin nitqindən bu bağlılıqda bir fraqment: “Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq”.
Bu əsasda Azərbaycan rəhbəri çox prinsipial bir qənaətə gəlir və onu aşağıdakı kimi formulə edir: “Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”.
Bütün bunların fonunda dövlət başçısı Azərbaycan alimləri qarşısına dövlətçilik baxımında böyük əhəmiyyəti olan iki vəzifə qoyur. Onlardan biri tarixin dərin fəlsəfi, politoloji, kulturoloji, antropoloji və s. öyrənilməsi əsasında Böyük Qayıdışın adekvat elmi obrazını yaratmaqla bağlıdır. Digəri isə ana dilimizin dövlət dili kimi şəffaflığını, cəmiyyətdəki statusunu və funksionallaşmasını ciddi yeni fəlsəfi–elmi əsaslarla tədqiq etmək bazasında, onun linqvistik, kommunikativ və təsir faktoru olaraq yeni səviyyəyə yüksəltməyin nəzəri-metodoloji obrazını yaratmaqdan ibarətdir.
Hər iki vəzifə elmi baxımdan çox əhəmiyyətlidir və onların AMEA-nın yeniləşmə kursu çərçivəsində yerinə yetirilməsi tamamilə mümkündür! Lakin məsələnin bu tərəfi ayrıca təhlil edilməlidir! Bununla bağlı, xüsusi məqalələr silsiləsi nəzərdə tuturuq.
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

