Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodunun tam istismara verilməsi 2028-ci ilin 4-cü rübünə planlaşdırılıb. Bu barədə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rüblük hesabatında bildirilib.
Qeyd edək ki, layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. Layihənin “ACWA Power” və Türkiyənin “IC İçtaş İnşaat” şirkətinin daxil olduğu konsorsium tərəfindən həyata keçirilməsi planlaşdırılır. Tikinti işlərinin isə 2,5 il müddətində başa çatdırılması nəzərdə tutulur.
“ACWA Power” şirkətinin sözügedən layihəyə yatırdığı investisiyanın məbləği 1,5 milyard Səudiyyə rialı təşkil edir ki, bu da təqribən 680 milyon manata və ya 407 milyon ABŞ dollarına bərabərdir. Sazişin şərtlərinə əsasən, layihənin icra müddəti 27,5 il təşkil edəcək. Həmin müddət bitdikdən sonra isə obyektin idarəçiliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək.
Bu il sentyabr 30-na "ACWA Power" şirkətinin 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) tikintisinə yatırdığı investisiyanın məbləği 1,073 milyard Səudiyyə riyalı (486,39 milyon manata bərabər) təşkil edib.

