Azərbaycan boksçusu Alfonso Dominqes "Paris-2024" Yay Olimpiya Oyunlarında final görüşünü keçirib.
XQ xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gəlib.
Rəqibinə məğlub olan boksçumuz Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
Mübarizəyə 1/8 finaldan başlayan Alfonso Dominges ilk görüşündə kubalı Xulio Sezar la Krusa qalib gəlib. Ardınca qazaxıstanlı Aybek Oralbayı üstələyən Paris olimpiadasının bürünc mükafatçısı yarımfinalda İspaniya təmsilçisi Reyes Planı mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, bununla da Azərbaycan idmançıları Paris Olimpiadasında 5-ci medalı rəsmiləşdirib. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıb.