Türkiyə mediası Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının Astanada keçirilən görüşünü geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin media qurumları bu kimi görüşlərin regional əməkdaşlıq nöqteyi-nəzərindən əhəmiyyəti barədə məlumat verib. Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına xüsusi diqqət yetirilib. Azərbaycan liderinin rəsmi Bakının Mərkəzi Asiya ölkələri ilə sıx və hərtərəfli əməkdaşlıqda maraqlı olması barədə sözlərindən sitat gətirilib.
Prezident İlham Əliyevin ölkələrin müdafiə və təhlükəsizlik sahələrində daha da yaxınlaşmasının zəruriliyi məsələsi ilə bağlı fikirlərindən iqtibas edilib.
“Azərbaycan lideri Mərkəzi Asiya ölkələrinin respublikanın Ermənistan işğalından azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfəni qardaşlıq münasibətlərinin təzahürü adlandırıb”, - deyə “Beyaz Gazete” nəşri yazıb və Prezident İlham Əliyevin Füzuli və Ağdam rayonlarında müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar Qazaxıstan, Özbəkistan və Qırğızıstan rəhbərliyinə minnətdarlığını bildirdiyini qeyd edib.
TRT AVAZ telekanalı Prezident İlham Əliyevin Azərbaycanın iqlim dəyişikliklərinin mənfi nəticələrinin azaldılması üzrə birgə regional təşəbbüsləri dəstəkləməyə hazır olması barədə sözlərindən sitat gətirib.
Türkiyə mediası Bakının Mərkəzi Asiya ölkələri ilə nəqliyyat sahəsində də əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb. Azərbaycan dövlət başçısının Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt beynəlxalq ticarət limanının da daxil olduğu Orta Dəhlizin artan əhəmiyyəti barədə fikirləri oxuculara çatdırılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara