Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının aparıcı qüvvələrindən biridir. Ərzaq təhlükəsizliyinin dayanıqlı təminatı, məşğulluğun artırılması, regionların dayanıqlı inkişafı məhz bu sahənin modernləşdirilməsi ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi aqrar siyasət və torpaq islahatları kənd təsərrüfatının müasir mərhələdəki inkişafı üçün möhkəm hüquqi və iqtisadi baza yaradıb. Bu gün həmin strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
XQ xəbər verir ki, bunu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.
O qeyd edib ki, son illərdə aqrar sahədə həyata keçirilən sistemli tədbirlər, dövlət dəstəyinin genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, meliorasiya və irriqasiya sistemlərinin yenilənməsi kənd təsərrüfatının inkişafına güclü təkan verib.
“Xüsusilə cari ilin may ayında Prezidentin sədrliyi ilə keçirilən kənd təsərrüfatı müşavirəsi gələcək inkişaf prioritetlərinin müəyyən olunmasında mühüm yol xəritəsi rolunu oynayıb. Mütərəqqi texnologiyalar əsasında torpaq və su ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı verilən tapşırıqlar qarşımızda yeni hədəflər müəyyənləşdirib. Dağlıq Şirvan regionu əlverişli təbii-coğrafi şəraiti, zəngin torpaq və su ehtiyatları ilə ölkəmizin aqrar xəritəsində mühüm yer tutur. Müasir yanaşmaları tətbiq etməklə bu potensialdan maksimum dərəcədə səmərəli istifadə etmək və dövlət başçısının müəyyən etdiyi strateji hədəfləri həyata keçirmək bizim əsas vəzifəmizdir.
İsmayıllı rayonu son illərdə aqrar sahədə mühüm nəticələr əldə edib. Rayonun unikal ekoloji-coğrafi şəraiti müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafına geniş imkanlar yaradır. Şaquli zonallıq üzrə dağlıq və aran ərazilər arasındakı mikroiqlim fərqləri məhsulun yetişmə dövrünü uzadır ki, bu da bazara uzunmüddətli və davamlı məhsul çıxarılmasına, nəticədə fermerlərin gəlirlərinin optimallaşdırılmasına şərait yaradır. Taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq və tərəvəzçilik sahələri inkişaf edib, xüsusilə arıçılıq və meyvəçilik kənd əhalisinin özünüməşğulluğunun təmin edilməsində mühüm rol oynayıb. Göstərilən çoxşaxəli dövlət dəstəyinin məntiqi nəticəsi olaraq, 2025-ci ildə 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə olunub, intensiv bağçılıq genişlənib, tərəvəzçilikdə müsbət nəticələr qazanılıb”, - deyə N.Bağırov diqqətə çatdırıb.
N.Bağırov qeyd edib ki, İvanovka Aqroparkı müasir aqrar inkişafın ən nümunəvi modelidir: “Burada müasir suvarma sistemləri, müasir (innovativ) bağçılıq sistemləri, dayanıqlı yem bazası yaradılıb. İvanovka kəndində südçülük ənənələrinin müasir sənaye prinsipləri əsasında inkişaf etdirilməsi məqsədilə fundamental addımlar atılır. İnvestisiya dəyəri 10 milyon manat olan süd emalı zavodunun tikintisi bu ənənələri daha da gücləndirəcək. Müəssisə fəaliyyətə başladıqdan sonra ənənəvi İvanovka kərə yağının daha böyük həcmdə və müasir standartlara uyğun istehsalına, eyni zamanda, müxtəlif növ süd məhsullarının istehsalına imkan verəcək. Burada ənənəvi çeşidlərlə yanaşı, yüksək keyfiyyətli kərə yağından tutmuş, Avropa və milli tipli pendir növlərinə, qaymaq, kəsmik və digər ağartı məhsullarına qədər geniş spektrdə, minlərlə ton həcmində rəqabətqabiliyyətli məhsul istehsalı təşkil olunacaq”.

