Nahid Bağırov: Məqsədimiz torpaqdan yüksək və keyfiyyətli məhsul götürmək, daxili bazarı qorumaqdır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Su təminatının dayanıqlığı və modern suvarma infrastrukturu aqrar sektorun inkişafını şərtləndirən fundamental amillərdir. Dövlət başçımızın İvanovka kəndində əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 5 milyon manat vəsait ayırması, eyni zamanda, ümumilikdə Azərbaycanda suvarma sistemlərinin təkmilləşdirilməsi və su ehtiyatlarından səmərəli istifadə ilə bağlı dövlətimizin başçısının verdiyi mühüm tapşırıqlara uyğun olaraq, regionumuzda da su təminatı və suvarma infrastrukturu kənd təsərrüfatının müasir tələbatına uyğunlaşdırılır.

XQ xəbər verir ki, bunu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Aşıqbayramlı su anbarı və regionun digər su mənbələri torpaqlarımızın münbitliyinin bərpası, eləcə də regional məhsuldarlığın artırılmasında strateji əhəmiyyət kəsb edir.

“Qlobal iqlim dəyişiklikləri fonunda suya qənaət edən müasir sistemlərin tətbiqi, iqlimə dözümlü toxum sortlarının istifadəsi kimi prioritet hesab edilən istiqamətlər qarşıda duran əsas vəzifələrdəndir. Bizim hədəflərimiz aydındır - taxıl və digər bitkilərdə məhsuldarlığı elmi əsaslarla artırmaq, torpağın münbitliyini qorumaq üçün növbəli əkin sistemini genişləndirmək, meyvəçilik və üzümçülük ənənələrini qoruyaraq intensiv bağların salınmasını sürətləndirmək, tərəvəz istehsalında mütərəqqi və innovativ üsulları stimullaşdırmaq, soyuducu anbarların logistik imkanlarından maksimum səmərəli istifadə etmək, su ehtiyatlarının idarə olunmasını təkmilləşdirmək və müasir qənaətcil suvarma şəbəkələrini genişləndirmək. Dövlətin yaratdığı imkanlardan maksimum səmərəli istifadə etmək, ayrılmış resursları şəffaf və hədəfəyönümlü idarə etmək bizim müştərək vəzifəmizdir. Məqsədimiz torpaqdan yüksək və keyfiyyətli məhsul götürmək, daxili bazarı qorumaq və regionumuzun aqrar şöhrətini yeni zirvəyə daşımaqdır”, - deyə Nahid Bağırov qeyd edib.

İcra başçısı vurğulayıb ki, dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı fermerlərin, sahibkarların rifahının yüksəldilməsinə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib: “Qarşıda duran vəzifələri uğurla yerinə yetirmək üçün müasir yanaşmaların tətbiqi, ekstensiv və intensiv inkişaf metodlarının uzlaşdırılması məhsul istehsalının və məhsuldarlığın daha da artırılmasına imkan verəcək. Dövlətin təqdim etdiyi geniş imkanlardan və resurslardan şəffaf, məqsədyönlü və qənaətlə istifadə olunması təkcə dövlət qurumlarının deyil, həm də hər bir fermerin və sahibkarın üzərinə düşən vətəndaşlıq borcudur. Dövlət Proqramının uğurlu icrası, istehsalçıların qarşılaşdığı çətinliklərin operativ həlli, dövlət dəstəyi mexanizmlərinin əlçatanlığının təmin edilməsi və proseslərə effektiv nəzarət bütün tərəflərdən yüksək koordinasiya və məsuliyyət tələb edir. Əminəm ki, Prezidentimizin kənd təsərrüfatına göstərdiyi davamlı diqqət və qayğı sayəsində bölgəmizin aqrar sektoru qarşıdakı illərdə daha böyük uğurlara imza atacaqdır”.

Sosial həyat