Yay ilin ən gözəl fəsillərindən biridir. Lakin bu fəslin bəzi günlərində müşahidə edilən həddindən artıq isti hava və rütubətin yüksək olması insanlara, xüsusilə hamilə xanımlara bəzi narahatlıqlar yaradır. Temperaturun yüksəlməsi, havadakı rütubətin dəyişkənliyi, mayenin tər və s. ifraz edilmə yolları ilə itirilməsi, günvurma kimi amillər ana, həm də inkişaf edən dölün sağlamlığına təsir edə bilər. Bu fəsildə həkim tövsiyələrinə riayət edərək, hamilə qadınların isti havalarda sağlam və rahat hamiləlik keçirmələri üçün əlavə tədbirlər görmələri çox vacibdir. Bu məsələlərlə bağlı Azərbaycan Tibb Universiteti II mamalıq-ginekologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Hicran Bağırovanın tövsiyələrini aldıq.
– Professor, isti havadan qorunmaq üçün hamilə xanımlar nələrə diqqət etməlidirlər?
– Hamilə qadınlarda bazal metobolizmin dərəcəsi daha yüksək olduğundan, onlar, xüsusilə də temperatur yüksəlməsinə həssas olurlar. Yay aylarında artan temperatur onlarda şişkinlik, yorğunluq və susuzluq kimi ümumi hamiləlik əlamətlərini gücləndirə bilər. Günvurmanın əsas əlamətlərinə halsızlıq, başgicələnnmə (ağır hallarda huşu getmək), ürəkbulanması, nəbzin yüksəlməsi və s. aiddir. Eyni zamanda, havaların çox isti keçməsi ilə bərabər, qadınlarda aşağı və yuxarı ətraflarda şişkinliklər (ödemlər) yarana bilər. İşləyən hamilə xanımlara, xüsusilə açıq havada olduqları zaman sərin yerdə dincəlmək üçün tez-tez fasilələr verilməsi məsləhət görülür. Havanın daha sərin olduğu səhər erkən və ya axşam saatlarında açıq havada gəzməyi planlaşdırmaq olar. Pik istilik saatlarında, adətən 10–dan 16-ya qədər açıq havada olmaqdan çəkinmək tövsiyə olunur. Mümkün qədər kölgəli və sərin yerlərdə qalmaq, rahat bir mühitdə istirahət etmək hamilə qadının sağlamlığı üçün olduqca vacibdir.
Günəş işığı D vitamini almağın təbii və ən yaxşı mənbəyidir. Hamilə qadınlar üçün bu vitamin son dərəcə mühümdür. Havaların istiləşməsi və günəşli günlərin artması ilə bədən daha çox D vitamini sintez edir. Bu da gələcək ananın və doğulacaq körpənin sağlamlığına öz müsbət təsirini göstərir.
Fiziki fəallıq hamiləlik dövründə qan dövranını yaxşılaşdırır, əzələləri gücləndirir və ümumi sağlamlığa müsbət təsir edir. Təbiətdəki gəzintilər və günəş işığı ananın əhval-ruhiyyəsini yüksəldir, yuxunun keyfiyyətini artırır və depressiya riskini azaldır.
– Maye qəbulu hamilələr üçün nə dərəcədə lazımdır?
– Hamilə qadınlarda bədənin su balansını qorumaq çox vacibdir. Çünki az maye qəbulu ana, həm də inkişaf edən döl üçün təhlükə yarada bilər. Anada xroniki yorğunluq, baş ağrısı, halsızlıq, sidik yolları infeksiyası dölətrafı mayeyə neqativ təsir edərək, əlavə risklər yaradır. Nəzərə almaq lazımdır ki, su balansının qorunması hamilə qadına təkcə dölətrafı maye üçün yox, eyni zamanda qadının artan qan dövranına töhvə verir. Mayenin normadan az qəbulu həmçinin erkən doğuş riskini də artıra bilər.
Bütün bu riskləri aradan qaldırmaq üçün minimum maye qəbulu normasına riayət etmək (təxminən 2.5 l), susuzluq hissi yaratdığı üçün şəkərli və kofeinli qidalardan uzaq durmaq, meyvə-tərəvəz qəbulu tövsiyə edilir.
– Hamilə qadınlar geyim və ümumi gigiyenada nələrə daha çox diqqət etsinlər?
– Hamilələr bədənlərini sərin tutmağa kömək edən pambıq kimi yüngül, hava keçirən parçalardan tikilmiş geyimlərə üstünlük verməlidirlər. Qızmar yay aylarında bədən temperaturunu tənzimləmək hamilələr üçün, xüsusilə vacibdir. Boş və rahat geyimlər istiliyi tənzimləməyə, dəridə yarana biləcək hər hansı qızartı və sızanaqların qarşısının alınmasına yardım edir.
Hamiləlik dövründə dərinin mübadiləsi daha da aktivləşir. Bu səbəbdən dəri daha çox tər və maye ifraz edir. Bunları aradan qaldırmaq üçün istifadə edilən tər əleyhinə vasitələrin tərkibinin bioloji təmiz olmasına diqqət edilməlidir ki, hamilənin orqanizmi onları aktiv şəkildə mənimsəməsin.
– Professor, hamilələrə daha nələri tövsiyə edirsiniz?
– Öncə qidalanmadan başlayaq. Yay istisi iştaha və yemək seçimlərinə təsir edə bilər. Artan hava hərarətinin təsiri ilə iştah azalır. Bununla da, hamilə qadınların orqanizmi üçün lazımı mineral və vitaminlərin qəbulu da çətinləşir. Digər tərəfdən, tər ifrazı bədən üçün lazımlı elektrolitlər olan sodium, potassium və maqneziumu bədəndən xaric edir. Halbuki, bu elektrolitlər maye balansı və əzələ inkişafı üçün çox vacibdir. Hamiləlik zamanı yüngül qidalarla bəslənmək, bol meyvə-tərəvəz qəbul etmək lazımdır.
İştahın bərpası və bədənə lazımı mineral və vitamin ehtiyacını ödəmək üçün yeməklərin az miqdarda və tez-tez qəbulu tövsiyə edilir.
Hamilə qadının gündəlik rasionunda zülallar, karbohidratlar, yağlar, vitaminlər və minerallar olmalıdır. Eyni zamanda, balansı saxlamaq şərtilə mikroelementlərlə zəngin olan giləmeyvələrə üstünlük verilməlidir. Düzgün qidalanmaya məhəl qoymamaq qan azlığı (anemiya), hamiləlik və doğuş sonrası komplikasiyalar (uşağın azçəkili doğulması, inkişafdan qalması və s.) yarada bilər.
Ümumi olaraq, hamiləlik dövrü üçün yay aylarında yuxu və istirahət rejiminə xüsusi diqqət yetirmək, işıqlı və sərin mühitdə orta intensivlikli fiziki aktivlik, mütəmadi olaraq qan təzyiqini yoxlamaq və digər prenatal müayinələrdən keçmək tövsiyə olunur.
Əgər baş dönməsi, ürəkbulanma, ağız quruluğu kimi şikayətlər varsa, deməli, bədən susuz qalıb. Hamiləlik zamanı hər gün 6–8 stəkan maye qəbul etmək olduqca vacibdir. Bəzən hamilə xanımlar tez-tez sidiyə getməkdən sıxıldıqları üçün su içməkdən də qaçırlar. Bu isə, xüsusən də yay aylarında sağlamlıq üçün təhlükəlidir.
Tez-tez duş almaq insanı rahatladır. Bədən temperaturunu normada saxlamaq üçün nə çox isti, nə də çox soyuq su ilə yuyunmaq məsləhət deyil. Günəş altında hərəkət etmək düzgün deyil. Çölə çıxarkən su götürmək lazımdır, əgər isti olarsa, suyu saça və üzə səpmək olar.
Hamiləlik zamanı ayaqların şişməsi olduqca normaldır. İsti yay günlərində şişkin ayaqlarla yaşamaq isə yəqin ki, asan deyil. Buna görə də doğru ayaqqabı seçimi çox vacibdir. Əlavə olaraq oturan və uzanan zaman ayağın altı hündür omalıdır. Bu, qan dövranını normallaşdırıb, rahatlıq hissi yaradır.
Əgər saçınız uzundursa, yay üçün qısa kəsdirə bilərsiniz. Gündəlik saç modeli olaraq isə yığmaq məsləhətdir. Uzun və yana tökülmüş saçlar daha çox tərləməyə səbəb olur.
Yay aylarında saat 11.00 ilə 16.00 arası günəş şüalarının ən təsirli zamanı hesab olunur. Buna görə də həmin vaxt çox yorulmaqdan və gün altında qalmaqdan çəkinmək lazımdır.
Hamiləlik zamanı normal yatmadıqda stress yarana bilir. Çalışmaq lazımdır ki, mümkün qədər erkən yatılsın. Bu, həm sinir həm də yorğunluq üçün çox vacibdir.
Müsahibəni aldı:
Zərifə BƏŞİRQIZI
XQ