İclasda iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) kommersiya və xarici ticarət nazirlərinin 5-ci iclası keçirilib.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev İƏT-in üzv ölkələr arasında ticarət, investisiya, sənaye və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb. Ölkəmizdə formalaşmış əlverişli investisiya mühiti, rəqəmsal ticarətin təşviqi, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi və yeni ticarət marşrutlarının formalaşdırılması istiqamətində görülən işlər barədə iclas iştirakçılarına məlumat verilib.
İclasda İƏT regionunda iqtisadi inteqrasiyanın möhkəmləndirilməsi və regional ticarət dövriyyəsinin artırılması istiqamətində müzakirələr aparılıb. Üzv ölkələr arasında ticarət və gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, həmçinin məlumat mübadiləsinin təşviq olunmasının əhəmiyyəti qeyd olunub. Regiondaxili ticarət həcminin artırılması və ticarət maneələrinin azaldılması məqsədilə yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
İclasda İstanbul Bəyannaməsi, İƏT-in Ticarətin Asanlaşdırılması Strategiyası qəbul edilib, İƏT çərçivəsində fəaliyyət istiqamətləri müzakirə olunub.
XQ


