“Çıraq” uşaqlara şəfqət saçır

post-img

“Çıraq” Uşaq İnkişaf Mərkəzi İctimai Birliyi iyun ayından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli uşaqların reabilitasiyası” adlı layihənin icrasına başlayıb.

Təşkilatın sədri Zeynəb Hacıyeva ilə söhbətdə öyrəndik ki, layihənin əsas məqsədi Sumqayıt şəhəri və Corat qəsəbəsindən olan 3–15 yaş arası 20 fiziki məhdudiyyətli uşağa  sosial reabilitasiya xidmətləri göstərməklə onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Layihənin icrasında məkanın Sumqayıt şəhəri ilə yanaşı Corat qəsəbəsi də seçilib. Məqsəd həmin ərazilərdə yaşayan əlilliyi olan uşaqların və ailələrin cəmiyyətdə həyata keçirilən bütün fəaliyyətlərdə iştirakını təmin etmək, əlillik sahəsində insanların iştirakını və məlumatlılıq səviyyəsini artırımaq, bilik və bacarıqlarını inkişaf etdirməkdir. 

Həyata keçirilən layihə ilə bağlı ictimai birliyin sədri Z.Hacıyeva dedi:

– Layihənin icrası zamanı 50-dən çox fiziki məhdudiyyətli uşağın ailəsi ilə əlaqə saxlanılmışdır. Seçilmiş ailələr əlilliyi olan uşağa sahib olmaqla yanaşı, həm də əhalinin imtiyazlı təbəqəsindəndir. Bu ailələrin bəzisi tək valideynlidir, yəni, ya qəyyumu, ya da himayəçisi var. Bəzisinin  əlilliyi və ya xəstəliyi var. Digərinin daimi iş yeri yoxdur, yaxud ailədə 2 və daha çox əlilliyi olan var. Layihənin icrası zamanı təlimlərə uşaq serebral iflicin müxtəlif növlərindən əziyyət çəkən və qismən müəyyən bacarıqları olan uşaqlar cəlb olunmuşdu.

Uşaqlara ixtisaslaşmış pedaqoq və loqoped tərəfindən nəzərdə tutulmuş mövzular əsasında təlimlər keçirildi. Təlimlər sosiallaşma və ünsiyyət, koqnitiv bacarıqlar və təhsil, nitq problemləri və s. sahələri əhatə edirdi. Uşaqlar bu təlimlərə fərdi və qrup şəklində qoşulurdular. Təlimlərdən sonra isə valideynlərlə iş aparıldı.

Layihə həyata keçirilərkən Corat qəsəbəsindən olan 30-dan çox  fiziki məhdudiyyətli uşaqların ailələri ilə əlaqə saxlanıldı və onlardan qismən müəyyən bacarıqları olan uşaqlar təlimlərə cəlb olundu.

 Z.Hacıyeva, həmçinin bildirdi ki, Corat qəsəbəsinin yerli icra nümayəndəliyi, bələdiyyə, ailə sağlamlıq mərkəzi, mədəniyyət evinin nümayəndələri ilə mütəmadi görüşlər keçirilir.

– Qəsəbədə yaşayan ağır psixoloji gərginliyi olan fiziki məhdudiyyətli uşaqlarla mütəmadi olaraq  iş aparmaqla onların cəmiyyətdən təcrid olunmasının qarşısı alınır və müəyyən məşğuliyyətlərə cəlb olunurlar. Bundan başqa, serebral iflicin ağır formasında olan uşaqların valideynlərinə ev şəraitində təlimlər keçilir.

Layihəyə cəlb olunmuş uşaqların bir qismi yeni təhsil ilində 1-ci sinfə gedəcək. Bu uşaqların məktəbdən öncə reabilitasiyaya cəlb olunması onlarda özünəgüvən hissini artırır və təhsildə uğurlu nəticələr əldə etməyə kömək edəcək. Ümumiyyətlə, layihəyə cəlb olunmuş ailələrdəki uşaqların əksəriyyəti yalnız həmişə evdə olan,  heç bir yerə çıxışı olmayan uşaqlardır. Layihənin əsas məqsədi də proqrama cəlb olunmuş uşaqlardakı sosiallaşmanı artırmaqla  onların cəmiyyətdə iştirakını təmin etməkdir.

Z.HÜSEYN
XQ

 

Sosial həyat